Ədliyyə Nazirliyi və “Şəffaflıq Azərbaycan vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində problemləri müzakirə ediblər

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə Azərbaycanda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və problemləri müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Tədbirhökumət qurumları ilə qeyri-hökümət təşkilatları arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində dialoqun dəstəklənməsi məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur. Dəyirmi masada Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi, Ailə, qadın və uşaq məsələləri üzrə Dövlət Komitəsi və digər müvafiq dövlət orqanlarının və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar belə bir qənaətə gəliblər ki, son illərdə hökümət tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının reyestri sahəsində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə qanunvericilikdə bir sıra dəyişikliklərin edilməsi (məs., “Adlar və soyadlar haqqında Qanun”, “Qeydiyyat şöbələri və nikah evləri haqqında Əsasnamə” qəbul edilmişdir) və elektron xidmətlərin təqdim olunmasına baxmayaraq, bir sıra çətinliklər hələ də qalmaqdadır. “Şəffaflıq Azərbaycan” və digər vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri vurğulayıblar ki, bu çətinliklərin aradan qaldırılması  istiqamətdə görülən işlər davam etdirilməlidir və bununla əlaqədar bir sıra tövsiyələr veriblər. Tədbir iştirakçıları vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sahəsində korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan problemləri qeyd edib bunlar barədə  müzakirə aparıblar. Bu sahədə şəffaflığın və işin səmərəliliyinin artırılması məqsədilə təkliflər irəli sürülüb.
Tədbir iştirakçıların fəal və açıq müzakirələri deməyə imkan verir ki, dəyirmi masa dövlət və vətəndaş cəmiyyəti nümayəndələri arasında fikir mübadiləsi üçün uğurlu dialoq imkanı yaratmışdır. Qərara gəlinib ki, vətəndaşlıq vəziyyəti aktlarının reyestri sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.  Tədbirin Tövsiyələrlə buradan tanış ola bilərsiniz

Related posts: