Regionlarda AHT üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı keçirilib

5666652  Regionlarda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təqdimatı və Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı (AHT) Beynəlxalq Təşəbbüsündə iştirakı ilə bağlı məlumatlandırma məqsədilə tədbirlər keçirilib.
Şəffaflıq Azərbaycan təşkilatı və 30 QHT-nin, eləcə də 10 dövlət qurumunun iştirakı ilə yaradılan Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının missiyası və fəaliyyət istiqamətlərinə tədbirlərdə geniş yer ayrılıb. Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru, Şəffaflıq Azərbaycan təşkilatının İdarə Heyətinin sədri Əliməmməd Nuriyev “Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” mövzusunda məruzə ilə çıxış edərək görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə Lənkəran, Sabirabad və Xaçmaz rayonlarında keçirilən tədbirlərdə yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Ə. Nuriyev həmçinin çıxışında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsinin nəticələri, AR Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiqlənən növbəti “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərdən də söz açıb. Qeyd edilib ki, Şəffaflıq Azərbaycan təşkilatının AHT üzrə ekspert qrupunun irəli sürdüyü təkliflərin 40 faizi yeni Fəaliyyət Planında nəzərə alınıb.

Platformanın koordinatoru qeyd edib ki, vətəndaşların Azərbaycanda Açıq Hökumətin təşviqi ilə bağlı həyata keçirilən işlərdə fəal iştirakı mühüm əhəmiyyətə malikdir. Çünki bu səylərin hədəfi məhz vətəndaşların qərarların qəbulu prosesinə daha geniş cəlb edilməsi, onların dövlət orqanlarının fəaliyyəti barədə daha asan məlumat əldə edə bilməsi, hesabatlılıq və şəffaflığın daha yüksək səviyyədə təmin olunmasıdır.

Toplantılarda iştirakçıların sosial, iqtisadi, hüquqi mövzulara aid sualları da cavablandırılıb.

Analoji tədbirlərin Gəncə və Şəmkirdə də keçirilməsi planlaşdırılır.

Related posts: