“Açıq Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyəti ilə bağlı monitorinqin nəticələrinin TƏQDİMATI

DSC_0064“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanmış Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2014-cü il üzrə icra vəziyyətinin monitorinqinə dair hesabatını təqdim etdi. Dövlət orqanları nümayəndələrinin,Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması üzvlərinin və digər vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşün əsas məqsədi monitorinq hesabatının nəticələrini geniş ictimaiyyətə təqdim etmək və hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində səylərinə dair konstruktiv müzakirə təşkil etməkdir.
Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra, müstəqil ekspert Qalib Bayramov hesabatı təqdim edib vəhesabatda dövlət orqanlarına verilmiş tövsiyələr haqqında öz şərhlərini qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr, 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə öhdəliklər 9 istiqamə bölünmüşdür. Layihə çərçivəsində “Şəffaflıq Azərbaycan” təşkilatının ekspertləri ikinci monitorinq dövründə onlardan beşini  təhlil etmişdir.
İkinci monitorinqdən aydın oldu ki, ümumilikdə Milli Fəaliyyət Planının icrası sahəsində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən görülən işlər qənaətbəxşdir: planda nəzərdə tutulan konkret addımlar atılıb. Bunu MFP-nin istiqamətləri üzrə aparılan birinci (sentyabr 2012 – sentyabr 2013) və ikinci (sentyabr 2013-dekabr 2014) monitorinqin nəticələri də təsdiq edir. Monitorinq olunan 5 istiqamətin 3-ü üzrə nəticələr xeyli yaxşılaşıb, iki istiqamət üzrə orta bal 2 dəfə artıb. “Elektron xidmətlərin təkmilləşdirilməsi” istiqaməti üzrə qiymətləndirilən 6 fəaliyyətdən 4-ü maksimum bal alıb. Lakin, ümumi nəticələri mənfiyə doğru dəyişdirən yerli icra hakimiyyəti orqanlarının fəaliyyətsizliyi olub. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının yanında ictimai şuraların yaradılması ilə bağlı MFP-də qoyulan müddət 2013-cü ildə başa çatsa da, şuraların yaradılması prosesi hələ də ləngiyir.
Hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanın növbəti hissəsi daha çox interaktiv şəkildə keçib. Hesabatın müəllifləri iştirakçılar tərəfindən verilən sual və şərhlərə cavab veriblər. İştirakçılar müxtəlif dövlət qurumlarında şəffaflığın artırılması üçün hesabatın əhəmiyyətini vurğulayıblar. Hazırlanmış yekun hesabatın nüsxələri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və digər müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.Hesabatnan buradan tanış ola bilərsiniz.

Related posts: