AŞT II

AZƏRBAYCAN ŞƏFFAFLIQ TƏRƏFDAŞLIĞI (AŞT) LAYİHƏSİ

II mərhələ

Sentyabr 2016 — Sentyabr 2019

Layihənin təsviri

AŞT layihəsi üç il boyunca həyata keçirdiyi fəaliyyətlər vasitəsilə Şəffaflıq Azərbaycan təşkilatının, digər vətəndaş cəmiyyəti təşkilatlarının və /və ya fərdi mütəxəssislərin korrupsiyaya qarşı aparılan mübarizədə oynadığı mühüm rolun gücləndirilməsini təklif edir, şəffaflığın, hesabatlılığın və bütövlüyün təminatı naminə insanların tələblərinə qarşı hökumətin məsuliyyətinin artırılmasını təşviq edir, həmçinin korrupsiyadan azad biznes mühitinin formalaşmasına töhfə verir. AŞT fəaliyyətləri vətəndaş cəmiyyətinin, vətəndaşların, eləcə də kiçik və orta sahibkarların korrupsiyaya qarşı mübarizə istiqamətində təşəbbüslərinin artırılması, eləcə də Azərbaycan hökumətinin korrupsiya ilə daha effektiv mübarizəsi üçün səylərinə dəstək verilməsi işini həyata keçirmək üçün planlaşdırılıb. Korrupsiya ilə mübarizədə nailiyyətlərin davamlı olmasını təmin etmək üçün proqram əsasən vətəndaşları, biznes qurumlarını və vətəndaş cəmiyyəti təşkilatlarını ən uyğun və uğurlu Beynəlxalq Şəffaflıq (BŞ) təşkilatının xidmətləri, alətləri və həll yolları ilə təmin edir.

Layihənin məqsədi

AŞT layihəsinin məqsədi şəffaflığın artırılmasında vətəndaş cəmiyyətinin rolunu gücləndirmək və korrupsiyanın azaldılmasında milli, regional və yerli təşəbbüslərə yardım etmək; xidmətlərin səmərəli çatdırılması və ictimai fondların şəffaflığı və hesabatlılığının təminatında Azərbaycan hökumətinə dəstək olmaq; hüquqi bilikləri aşılayaraq və ictimai elektron alətlərə çıxışı təmin edərək vətəndaşların imkanlarını artırmaq; və korrupsiyadan azad biznes mühitinin formalaşmasına töhfə vermək yolu ilə Azərbaycanda yaxşı idarəçilik və qanunun aliliyini təşviq etməkdir.

Layihənin vəzifəsi

Layihənin vəzifəsi yuxarıda göstərilən məqsədə çatmaqda irəliləyişə nail olmaq üçün əsas maraqlı tərəflərə yardım göstərməkdir. Hər vəzifə bir qrup uyğun fəaliyyətlərdə əks olunur və aşağıda müzakirə olunan nəticə ilə əlaqələndirilir.

Layihədən faydalananlar

Layihədən faydalananlar ikiyə bölünür: vasitəçi və son. Birinciyə daxildir: (1) Milli anti-korrupsiya təşəbbüslərinə töhfə verən Vətəndaş Cəmiyyəti təşkilatları və qruplar; (2) insanların gündəlik həyatlarına təsir edən sahələr üzrə seçilmiş əsas ictimai institutlar; (3) Nazirliklər və korrupsiya ilə mübarizədə fəal olan dairələr (ümumi əhaliyə korrupsiyanın təsiri çərçivəsində); (4) “Asan biznes” məlumat kitabçalarından faydalanan, eləcə də yeni qəbul olunmuş qanunların icrası ilə bağlı narahatlıqları ŞA-nın tövsiyələri üçün mənbə təşkil edən kiçik və orta sahibkarlar; (5) Bakı, Gəncə və Qubada hüquqi yardım mərkəzlərinin istifadəçiləri; (6) İctimaiyyətlə əlaqələr üzrə qurulmuş proqramların hədəfləri, xüsusilə həssas gənclər və qadınlar. Layihənin son hədəfləri isə korrupsiyanın azalması nəticəsində meydana gələn sülh, firavanlıq və iqtisadi inkişafdan faydalanan bütün sosial-iqtisadi təbəqənin insanları – Azərbaycanın ümumi əhalisidir.

Layihə fəaliyyətləri

  • Vəkillik və Hüquqi Xidmət Mərkəzlərinin fəaliyyəti, onlayn fəallıq və ictimai məlumatlılığın artırılması yolu ilə vətəndaşların cəlb edilməsi;
  • Yeni qəbul olunmuş hüquqi aktlarla bağlı təhlil və materialların hazırlanması, ehtiyacların qiymətləndirilməsi və vəkillik dəyirmi masaları vasitəsilə bizneslərin cəlb edilməsi;
  • İctimai xidmətlərin keyfiyyətinin artırılması, ictimai gəlir və xərclərin hesabatlılığının yaxşılaşdırılması yoluyla hökumətin cəlb edilməsi;
  • Təlimlər vasitəsilə ŞA-nın institusional qabiliyyətlərinin artırılması və vətəndaş cəmiyyəti təşkilatlarının idarəçilik və daxili prosedurlarının yaxşılaşdırılması yoluyla vətəndaş cəmiyyətinin cəlb edilməsi.

Layihənin nəticələri və təsiri

Layihə qeyri-siyasi ictimai təşəbbüslər və hökumət arasında konstruktiv əlaqələri qurmağı hədəfləyir. Gözlənilən nəticələr aşağıdakı kimidir:

  • Vətəndaşların korrupsiya məsələləri ilə bağlı məlumatlılığı artmış, korrupsiya və səmərəsiz yerli xidmətlərə münasibət bildirmə qabiliyyətləri gücləndirilmişdir;
  • Kiçik və orta sahibkarlar ilə hüquqi aktların icrasını həyata keçirən qurumlar arasında biznes sahəsində yeni qəbul olunmuş qaydalar üzrə müzakirəni təşviq edən platforma qurulmuşdur;
  • İctimai gəlir və xərclərin şəffaflıq və hesabatlılığı artmışdır, iki əsas sahə (sosial müdafiənin təminatı və daşınmaz əmlakın idarəçiliyi) üzrə ictimai xidmətlərin keyfiyyəti yaxşılaşdırılmışdır;
  • ŞA, onun tərəfdaşları və ekspertlərinin daxili idarəetmə və peşəkar bacarıqları artmışdır.