Beynəlxalq Şəffaflıq təşkilatı Azərbaycanın hüquq müdafiəçilərini azad etməyə çağırıb

leyla yunus 30Məşhur hüquq müdafiəçiləri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun təkrar məhkəmə prosesi ərəfəsində Beynəlxalq Şəffaflıq korrupsiyaya qarşı mübarizə təşkilatı onları dərhal azad etməyə çağırıb.
Bir qrup beynəlxalq müşahidəçilər həbsdə olan Leyla və Arifin hər ikisinin vəziyyətinin ciddi şəkildə pisləşməsi və məhkəmə prosesinin siyasi xarakter daşıma ehtimalı ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.
Leyla Yunus 2014-cü il iyulun 30-da vergi ödənişindən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və dələduzluq, eləcə də dövlətə xəyanət maddələri ilə həbs olunub. Bütün ittihamlar nəzərə alınarsa onun həbs müddəti uzun ola bilər. Leylanın diabet və böyrək çatışmazlığı xəstəliyi var və hakimiyyət onu xəstəxanaya yerləşdirməyə və ya ona adekvat müalicə göstərilməsinə imkan yaratmır; onun vəziyyəti kəskin şəkildə pisləşib. Arif yuxusuzluq (insomnia) və hipertoniyadan əziyyət çəkir.
Beynəlxalq Şəffaflıq  hesab edir ki, onların hər ikisi humanitar səbəblərdən azad edilməlidir; digər səbəb isə ədalətli məhkəmə üçün yaradılan şəraitin beynəlxalq standartlara cavab verməməsidir.
Avropa Şurası Azərbaycanla bağlı qiymətləndirməsində (2015-ci il Aprel ayında nəşr olunub) bəyan edib ki: “Konstitusiyada və əsas qanunlarda hakimiyyət qollarının müstəqilliyi və bir-birindən ayrı olması prinsipləri göstərilsə də, institusional struktur prezident və icra orqanlarına daha çox səlahiyyət verir; onlar qanunvericilik və ədliyyə sistemi, eləcə də prokurorluq üzərində güclü nüfuza malikdirlər.”
Məhkəmə prosesində mətbuat və vətəndaş cəmiyyəti təşkilatlarından olan bir çox müstəqil müşahidəçiyə məhkəmə zalına girməyə icazə verilməyib.
Beynəlxalq Şəffaflıq təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Ann Koh bununla əlaqədar bildirib:
“Hökumət Avropa İnsan Hüquqları Konvensiyasına sadiqliyini nümayiş etdirməli və Leyla və Arif Yunusu dərhal azad etməlidir.”

Related posts: