user

Ermənistanın yeni baş naziri bəlli oldu

karen-karapetyan-yeni-1
Ermənistan prezidenti Serj Sərkisyanın sədrlik etdiyi hakim Respublika Partiyasının icra orqanı sentyabrın 8-də Karen Karapetyanı baş nazir postuna namizəd göstərib.

Əvvəlki baş nazir Ovik Abramyan sentyabrın 8-də istefa verib. 58 yaşlı Ovik Abramyan 2014-cü il aprelin 13-dən baş nazir idi.

Novator.az bildirir ki, Karen Karapetyan 1963-cü il avqustun 14-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Stepanakert şəhərində doğulub, Yerevanda böyüyüb.

1985-ci ildə Yerevan Dövlət Universitetinin tətbiq riyaziyyat fakültəsini bitirən Karen Karapetyan iqtisad elmləri doktorudur. Uzun illər energetika sahəsində rəhbər vəzifələrdə çalışıb, “Qazprom-Ermənistan” şirkətinə rəhbərlik edib.  2010-2011-ci illərdə Yerevanın meri olub.

1998-ci ildən Ermənistanda siyasi hakimiyyət Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən çıxmış şəxslərin əlindədir. Dağlıq Qarabağda doğulmuş Robert Köçəryan 1998-2008-ci illərdə prezident postunu tutub. 2008-ci ildən prezident kürsüsündə əyləşən Serj Sərkisyan da Dağlıq Qarabağda anadan olub.

Ermənistan hakimiyyətinin ən önəmli simalarından olan müdafiə naziri Seyran Ohanyan da Dağlıq Qarabağdandır. Seyran Ohanyan müdafiə naziri postuna 2008-ci ildə təyin edilib.

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.