user

Mərkəzi Bank manatın kursunu sərbəst buraxa bilər

vuqar bayramov 1Mərkəzi Bank 2016-cı ilin sonuna doğru liberal məzənnə siyasətinə keçə bilər. Transparency.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov bu qənaətdədir.

Ekspert Dövlət Neft Fondu və Mərkəzi Bankın valyuta ehtiyatlarına nəzər salaraq hərraclarda iştirak imkanlarının tükəndiyini bildirir: “Mərkəzi Bankın 4 milyard dollarlıq valyuta ehtiyatı var. Bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu isə dövlət büdcəsinə 7 milyard 615 milyon manat köçürmə etməlidir. Fond bu il 3,5 milyard dollardan artıq valyutanı hərraclarda manata çevirib və büdcə öhdəlikləri başa çatanadək hərraclara çıxacaq. Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq. Deməli, hər iki qurum orta və uzunmüddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyil. Bu baxımdan valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa Dövlət Neft Fondu və Mərkəzi Bankın hərraca nə qədər valyuta çıxarmasından asılı olacaq.

Böyük həcmdə valyutanın isə hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil. Amma idxal, borc öhdəlikləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq. Bütün hallarda Mərkəzi Bank valyuta bazarında cari tələbi ödəməklə ilin sonuna doğru Rusiya və Qazaxıstanda olduğu kimi liberal məzənnə siyasətinə keçə bilər və əslində bu qaçılmazdır. Çünki liberal islahatlar liberal məzənnə siyasəti tələb edir. Mərkəzi Bank bu siyasətə hələ 2015-ci ildə keçməli idi, amma etmədi. İndi isə valyuta bazarını liberal məzənnə siyasətinə hazırlamaqla prosesə başlaya bilər. Proseslərin təhlili onu deməyə əsas verir ki, liberal məzənnə siyasətinə keçidə az qalıb”.

Ötən gün Dövlət Neft Fondunun 2016-cı ilin hərraclarında satdığı xarici valyutanın həcmi 3 milyard 551,9 milyon dollara çatıb. Mərkəzi Bankdan isə bu il 935,4 milyon dollar alınıb, beləliklə, manatın məzənnəsini nizamlamağa 4 milyard 487,3 milyon dollar gedib.

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Bu il ABŞ dollarının ən aşağı qiyməti mayın 25-26-sı qeydə alınıb: 1 dollar 1,49 manata satılıb. Ən yüksək rəsmi qiymət isə martda olub. Həmin ayın 11-də dollara 1,6456 manat qiymət qoyulub.

Sentyabrın 9-da Mərkəzi Bank 1 dolların qiymətini 1,6403 manat müəyyən edib.

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.