user

Moldova separatçılarının başçısı Rusiyaya birləşmək fərmanı imzalayıb

xerite_221Moldovada rusların sıx yaşadığı bölgədə qurulmuş separatçı “Dnestryanı Moldova Respublikası”nın “prezidenti” Yevgeni Şevçuk sentyabrın 9-da bölgənin Rusiyaya birləşdirilməsi hazırlıqlarına başlamaq fərmanı imzalayıb. Transparency.az-ın məlumatına görə, fərman “Dnestryanı Moldova Respublikası”nın hüquq sisteminin Rusiya qanunvericiliyinə uyğunlaşdırılması tədbirlərini nəzərdə tutur. Bunun üçün xüsusi komissiya yaradılacaq.

Dnestryanı rejim Moldovadan ayrıldığını 1990-cı illərin əvvəllərində elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan qondarma rejimi Rusiya ordusu qoruyur.

2006-cı il sentyabrın 17-də separatçı rejimin keçirdiyi “referendum”da gələcəkdə Rusiyaya birləşmək qərarı verilib. Qondarma rejimin “parlamenti” 2013-cü ildə “respublika” ərazisində Rusiya qanunvericiliyinin tətbiqi haqda qanun qəbul edib.

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.