user

Prezident: “İdxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”

prezident-1
“Neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq”. Sentyabrın 8-i Xaçmazda, “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.

İlham Əliyev qeyd edib ki, ölkənin iqtisadi inkişafı ilə bağlı prioritetləri bəllidir: “Qeyri-neft sektoru inkişaf edir və bu gün ölkəmizin iqtisadiyyatının təxminən 70 faizini təşkil edir. Bu da çox böyük nailiyyətdir. Bu, o deməkdir ki, biz neft amilindən asılılığımızı azaldırıq və getdikcə ümumi daxili məhsulumuzda qeyri-neft sektorunun çəkisi artacaq. Bu, müsbət dinamikadır. Bununla bərabər biz ixracda da eyni mənzərəni görməliyik. Hələ ki, ixrac məhsullarının arasında qeyri-neft sektorunun məhsulları azlıq təşkil edir. Ona görə burada həm qeyri-neft sektorunun inkişafı təmin ediləcək, həm də biz daxili tələbatı tam ödəyəcəyik. Beləliklə, ərzaq təhlükəsizliyi təmin olunacaq və biz gələcəkdə ərzaq məhsulları ilə bağlı idxaldan asılılığımızı tam aradan qaldırmalıyıq”.

Dövlət başçısı Azərbaycana həm dövlət, həm özəl sektor, yerli şirkətlər, xarici firmalar investisiyalar qoyur: “Bu, ölkəmizin gücünü və siyasətimizin niyyətini göstərir. Bütün bu işləri biz ona görə edirik ki, ölkəmiz daha da güclənsin və Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, işlə təmin olunsunlar, yaxşı maaş alsınlar və ölkəmizə xeyir gətirsinlər”.

Həmin gün Qusarda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən prezident İlham Əliyev qeyd edib ki, sosial layihələrə, infrastruktur layihələrinə dövlət xətti ilə investisiya qoyuluşu davam etdiriləcək: “Biz indi özəl sektordan daha böyük fəallıq gözləyirik. Çünki özəl sektorda çalışan həm yerli, həm də başqa ölkələrdən gələn iş adamları gərək daha da fəal işləsinlər. Onlar yaradılan bu şəraitdən maksimum dərəcədə səmərəli istifadə etməlidirlər. Çünki bizdəki şərait az ölkələrdə müşahidə olunur. Bizdə olan sabitlik inkişaf üçün, biznes üçün əsas şərtdir”.

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.