user

Prezident səlahiyyətləri baş nazirə keçdi

shovket-1
Sentyabrın 8-də Özbəkistanın baş naziri Şövkət Mirziyayev prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin olunub. Qərar Ali Məclisin yuxarı və aşağı palatalarının birgə iclasında qəbul edilib.

Özbəkistana 1989-cu ildən rəhbərlik edən prezident İslam Kərimov 2016-cı il sentyabrın 2-də dünyasını dəyişib. Konstitusiyaya görə, prezident səlahiyyətləri Ali Məclisin yuxarı palatası olan Senatın sədri Niqmatilla Yoldaşova keçib. Novator.az-ın məlumatına görə, sentyabrın 8-də Niqmatilla Yoldaşov prezident səlahiyyətlərinin icrasından imtina edib və baş nazir dövlət başçısı səlahiyyətlərinə yiyələnib.

Prezident seçkisi 3 ay ərzində keçirilməlidir.

Şövkət Mirziyayev 1957-cı il iyulun 24-də Cizak vilayətində anadan olub. 1981-ci ildə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutunu bitirib. 1992-ci ilədək həmin institutda elmi işçi, komsomol təşkilatının katibi, partiya təşkilatının rəhbəri, 1-ci prorektor vəzifələrində çalışıb. Texnika elmləri namizədidir.

1990-cı ildə Özbəkistan Ali Sovetinin, 1994 və 1999-cu illərdə Ali Məclisin deputatı seçilib.

1992-ci ildə Daşkəndin Mirzə-Uluqbəy rayonunun hakimi təyin olunub. 1996-cı ildə Cizak vilayətinin hakimi vəzifəsinə keçirilib. 2001-ci ildə Səmərqənd vilayətinin hakimi vəzifəsinə təyinat alıb.

2003-cı il dekabrın 12-dən baş nazirdir. Liberal Demokrat Partiyasının üzvüdür.

Şövkət Mirziyayevin Rusiyada yaşayan məşhur özbək milyarder Əlişir Usmanovla qohumluq əlaqələri var.

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.