user

Qusar səfəri

AZƏRTAC-ın məlumatına görə, prezident İlham Əliyev sentyabrın 8-də Qusara baş çəkib. Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun açılışında iştirak edib. Bildirilib ki, yenidənqurma işləri çərçivəsində uzunluğu 24,7 kilometr olan yol yatağının eni 12 metrə çatdırılıb. Yol yarım metr enində bərkidici zolaqlar da daxil olmaqla 8 metr enində hərəkət hissəsindən və 2 metr enində çiyinlərdən ibarətdir.

Bu yolun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Sonra İlham Əliyev Hil kəndində professor Kərim Kərimov adına tam orta məktəbin yeni binasının açılışını edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rəsmi məlumatda Qusar şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdığı da xəbər verilir. İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak edib.

Layihə 2030-cu ilə perspektiv inkişaf nəzərə alınmaqla Qusar şəhərində 19 min 600 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Eyni zamanda Qusar rayonunun 7 və Quba rayonunun 3 kəndinə içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə layihədən bu kəndlərin 12 min sakini faydalanacaq.

prezident-qusarda-1

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.