user

“Şəffaflıq Azərbaycan” ictimai vəkillik layihəsinə yekun vurub

Sentyabrın 8-də “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi 2012-2016-cı illərdə apardığı ictimai vəkillik fəaliyyəti üzrə yekun hesabatını təqdim edib.

“Şəffaflıq Azərbaycan” ictimai vəkillik fəaliyyətini ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə aparıb.

Hesabat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC, “Azərsu” ASC və digər dövlət qurumlarına təqdim olunmuş tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir.

Bakının “Avropa” otelində təşkil edilən təqdimat mərasimində “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, son dörd ildə layihə çərçivəsində müxtəlif dövlət qurumları ilə 16 dəyirmi masa keçirilib və yekun hesabat ictimai qurumlara ünvanlanan tövsiyələrin icrasının qısa məzmununu ifadə edir.

Tədbirdə bildirilib ki, “Şəffaflıq Azərbaycan” vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin həyata keçirilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan dövlət qurumlarına, əsasən də bu qurumların elektron xidmətlərinə xüsusi diqqət ayırıb. Tədbirdə qanunvericiliyə təklif olunan dəyişikliklə bağlı tövsiyələr səsləndirilib.

Hesabat dövlət qurumlarının nümayəndələri və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirə olunub.

tedbir

tedbir2

tedbir-3

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.