user

Xaçmazda görüşlər

Prezident İlham Əliyev sentyabrın 8-i Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib. Üçüncü texniki dərəcəli yolun uzunluğu 24,8 kilometr, hərəkət hissəsinin eni 7,5 metrdir. Burada iki hərəkət zolağı var. Hərəkət zolağının eni 3,75 metr, çiyinlərin eni 2,5 metr, torpaq yatağının eni isə 12 metrdir.

Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir. Dövlət başçısı avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev həmin gün Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə tanış olub, ləzgi icmasının nümayəndələri ilə söhbət edib.

Prezident “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışına da qatılıb. 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsində 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

Aqroparkla tanışlıqdan sonra İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə bir araya gəlib.

sefer-1_1

sefer-2_2

sefer-3_3

________________________________________________________________________________________________________________________
Bu səhifə Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin icra etdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanıb. Səhifədə gedən yazılar “Şəffaflıq Azərbaycan”ın, USAID-in, ABŞ hökumətinin rəsmi mövqeyini əks etdirmir və onlara görə yalnız müəlliflər məsuliyyət daşıyır.