“DAVAMLI INKIŞAF MƏQSƏDLƏRI- 16-CI MƏQSƏD 16: SÜLH, ƏDALƏT VƏ GÜCLÜ INSTITUTLAR” HAQQINDA DƏYIRMI MASA KEÇİRİLİB

for web logos“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və Amerika Təhsilli Azərbaycanlı Məzunlar Assosasiyası ilə birgə Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə BMT-nin Davamlı İnkişaf Məqsədlərindən (DİM-lər) biri olan — sülh, ədalət və güclü institutlar məqsədini müzakirə etmək məqsədilə dəyirmi masa keçirib. Dəyirmi masa Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbirdə çıxış edən müstəqil ekspertlər Sevinc Səmədzadə və Səadət Abdullazadə tələbələr üçün maarifləndirici və məlumat xarakterli mühazirə deyib.

Gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən dəyirmi masada DİM-lərin zəruriliyi, bu məqsədlərin güclü institutların qurulması, ədalət və sülhün bərqərar olmasına töhfəsi, habelə gənclərin bu qlobal gündəlikdə iştirakı kimi məsələlər müzakirə edilib. Eyni zamanda, xanım Səmədzadə 16-cı Məqsəd, onun yaxşı idarəçiliklə bağlı hədəfləri, şəffaflıq və hesabatlılığın bütün 17 Məqsəddə necə öz əksini tapması haqqında danışıb. Gənclər 2030-cu ilədək DİM-lərə necə nail olmaq yolları haqqında və gənclər üçün prioritet olan məqsəd və hədəflər ətrafında fikir mübadiləsi aparılıb.

BMT-nin təşəbbüsü olan və rəsmi olaraq “Bizim dünyanın transformasiyası” kimi tanınan DİM-lər, 17 Məqsəd və 169 hədəfdən təşkil olunmuş “Davamlı İnkişaf üçün 2030-cı il Gündəliy”indən ibarətdir. 17 Məqsəddən 16-cısı davamlı inkişaf üçün sülh və inkluziv cəmiyyətin təbliği, hər kəs üçün ədalətin təmin olunması və bütün səviyyələrdə effektiv, hesabatlı və inkluziv institutların qurulmasını özündə ehtiva edir.

Dəyirmi masanın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçib, dəvət olunmuş ekspertlər effektiv və şəffaf idarəetmə ilə bağlı gəncləri maraqlandıran suallara cavab veribdir. İştirakçılar bu kimi maarifləndirici tədbirlərin davamlı şəkildə keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Daha ətraflı məlumat üçün bakhtiyar@transparency.az ünvanına yazmaqla yaxud  596 20  38 / 497 68 15 nömrələrinə zəng etməklə Layihə Koordinatoru Bəxtiyar Aslanov ilə əlaqə saxlaya bilərsiniz.

Dəyirmi masa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin İctimai müzakirələr komponenti çərçivəsində keçirilir.

Related posts: