“Korrupsiyaya qarşı mübarizəyə dair 2015-ci il üçün Milli Fəaliyyət Planı”nın monitorinqinin nəticələri açıqlanıb

logo for web08 avqust 2016-cı il tarixində  “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, “Konstitusiya” Araşdırmalar Fondunun əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2015-ci il üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış 3-cü hesabatı geniş ictimaiyyətə təqdim edib.

Tədbiri giriş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açıb və monitorinq prosesi barədə məlumat verib. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində görülən işlər barədə iştirakçıları məlumatlandırıb və MFP üzrə monitorinqin nəticələri ilə bağlı fikirlərini bölüşüb.

Monitorinq nəticələri göstərir ki,  MFP-də nəzərdə tutulan tədbirlərin  3 il 4 ay ərzində orta icra göstəricisi  83%  olub.

MFP – dövlət qurumları, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlər və başqa maraqlı tərəflər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. Tədbirlər 28 istiqamət üzrə qruplaşdırılıb və 2015-ci lin sonunda tamamlanması nəzərdə tutulmuşdu.

Ən yaxşı nəticələr korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin, cinayət təqibi sahəsində qanunvericiliyin, etik davranış qaydalarının təkmilləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin aparılması istiqamətlərində əldə olunub.

Eyni zamanda lisenziya və icazələrin verilməsi, sosial təminat sahəsində yeni mexanizmlərin tətbiqi, sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin təkmilləşdirilməsi, elektron xidmətlərin daha genişləndirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə əlaqədar görülən tədbirlərdə mühüm irəliləyişlər qeydə alınıb.

MFP-də 125 tədbirdən 79-nun icrası başa çatdırılıb. 38 tədbir 50% və ondan yuxarı səviyyədə icra olunub. MFP-də 7 tədbir 50% səviyyəsindən aşağı həyata keçirilib.

Monitorinq prosesi göstərdi ki, dövlət orqanları MFP ilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində hiss olunan dinamika nümayiş etdiriblər. MFP-nin icrası ilə əlaqədar olaraq 18 qanun layihəsi, 1  məcəllə hazırlanıb. 2 konsepsiya, müxtəlif sahələrin tənzimlənməsi ilə əlaqadar 4 yeni qayda layihəsi hazırlanıb, 7 yeni qayda isə təsdiqlənib.

İcbari tibbi sığortanın tətbiqi istiqamətində addımlar atılmaması, “Maraqlar toqquşması haqqında” qanunun 2  ildir ki, qəbul olunmaması, Rəqabət Məcəlləsinin qəbul edilməməsi korrupsiyaya qarşı mübarizə siyasətinin daha effektiv aparılmasına ciddi maneə olaraq qalır. Eyni zamanda vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi ilə bağlı mexanizmin olmaması çox ciddi əngəl kimi qeyd olunmalıdır.

Dövlət müəssisələrinin hesabatlılığı, büdcə vəsaitlərindən səmərəli istifadə olunmasına işlək nəzarət mexanizminin yaradılması ilə bağlı problemlər də qalmaqdadır. Hüquqi tənzimləmənin təsirinin qiymətləndirilməsi, qanunvericiliyin antikorrupsiya ekspertizası, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi qaydaları, korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanun layihəsi, lombardların və daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və hüquqi şəxslərin fəaliyyət sahəsini tənzimləyən normativ aktların layihələri, hakimlərin toxunulmazlıq hüququnun məhdudlaşdırılması üzrə təkliflər hazırlansa da, bunların təsdiqlənməsi və tətbiqi prosesi ləngiyir.

Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.

Related posts: