Məhkəmə hüquq islahatları ilə bağlı yeni addımlar

“Prezident İlham Əliyevin “məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı mahiyyət, məzmun, dizayn və bütövlükdə fəaliyyətlərin miqyası baxımından çox mühüm əhəmiyyətə malikdir və özündə köklü islahatları ehtiva edir”
“Fərmanın giriş hissəsində deyilir ki, ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Daha sonra fərman özündə hansı islahatları həyata keçirməklə bağlı məsələləri ifadə edir. Bütövlükdə fərmanla 40-dan artıq tədbirin icrası nəzərdə turulur.

Əsas məqsəd cəmiyyətdə yüksək nüfuza malik olan ədalət mühakiməsinin formalaşdırılması prosesinin sürətləndirilməsidir. Eyni zamanda bu fərmanın tətbiq dairəsi məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın artırlması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, qərarların tam və vaxtında icra edilməsinin, süründürməçilik və digər neqativ halların aradan qaldırılması ilə bağlı tədbirləri əhatə edir.

Fərmanda tapşırıqlar verilən qurumlar məhkəm-hüquq sahəsində fəaliyyət həyata keçirirlər və bunlar — Məhkəmə Hüquq Şurası, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası, Sahibkarlar Konfederasiyası, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və bütövlükdə Azərbaycan hökumətidir.

Ölkə başçısının imzaladığı fərman məhkəmə-hüquq islahatlarında yeni mərhələ adlana bilər: “Əsas məsələlərdən biri kimi, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə əlaqədar yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti və digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması nəzərdə tutulub.

Fərmandan irəli gələn məsələlərdə hakimlərin sosial müdafiəsinin gücləndirilməsi də nəzərdə tutulur. Bu məsələdə təminat şərtləri kimi məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq differensiasiya edilməsi qoyulub. Fərmanda rüsümların bir hissəsinin məhkəmələrin maddi-sosial təminatının gücləndirilməsinə yönləndirilməsi məsələsinin qoyulması çox mühümdür”.

Çox mühüm məsələlərdən biri məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsidir: “Bəzi hallarda tərəflərin fikirləri, düşüncələri, şahidlərin və prosesdə iştirak edənlərin ifadələri protokola doğru-düzgün daxil edilmir. Bu da məhkəmə proseslərindən ən ciddi mübahisə doğruran məsələlərdən biridir. Belə halların olması məhkəmə qərarlarının keyfiyyətinə də təsir edir və bəzi hallarda qərarların düzgün verilməməsinə, spekulyasiya hallarının olmasına, sövdələşmələrə gətirib çıxarır.

Başqa bir məsələ mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsidir. Bəzi hallarda bu aylarla uzanır. Müddətlərin dəqiq olması işin daha operativ həyata keçirilməsinə gətirib çıxarır. Eyni zamanda məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi fərmanda öz əksini tapıb. İndiyə qədər məhkəmə prosesləri ekspertizaları dövlət ekspertizası müəssisələri tərəfindən həyata keçirilirdi. Azərbaycanda müstəqil ekspertiza institutları yoxdur. Ona görə bu yeni müstəqil ekspertiza instutlarının yaranmasına imkan verəcək. Bu zaman tərəflər təkcə dövlət ekspertiza institutlarının müəssisələrinə yox, müstəqil ekspertiza instutlarına da müraciət edə biləcək. Bu, məhkəmələrə inam və etimadın yaranmasını və qərarların qəbul edilməsi prosesində obyektivliyi təmin edəcək. Yəni, alternativ ekspert rəyləri mövcud olacaq və mübahisələr zamanı məhkəmə onları tutuşdurmaq imkanı əldə edəcək.

Fərmanda Vəkillər Kollegiyasına qeyri-prosessual hərəkətlərin qarşısının alınması istiqamətində ciddi işlərin görülməsi üçün tövsiyələr yer alıb. Bundan başqa, fərmanda pulsuz hüquqi yardımın göstərilməsi üçün ayrılan vəsaitin birbaşa Vəkillər Kollegiyasının hesabına köçürülməsi Maliyyə Nazirliyinə tapşırılıb. Bu da çox mühüm məsələdir. Keyfiyyətli hüquqi yardımın göstərilməsinə imkan verəcək. Bundan başqa, Məhkəmə-Hüquq Şurasında hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xəttlərin yaradılması da çox vacibdir.

Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılmasının Ali Məhkəməyə tapşırılması mühüm əhəmiyyətə malikdir.

Əliməmməd Nuriyev

Related posts: