Milton Fridman pulun xərclənməsinin dörd yolu haqqında və ya dövlət satınalmaları vətəndaşa niyə maraqlı olmalıdır?

Portrait_of_Milton_FriedmanDövlət satınalmalarına vətəndaşların və onları təmsil edən vətəndaş cəmiyyəti institutlarının nəzarəti iki səbəbə görə xüsusi əhəmiyyət kəsb edir. Bu səbəblərdən birincisi odur ki, Hökumətin satın aldığı mallar, işlər və xidmətlər vergiödəyicilərinin dövlət büdcəsinə ödədiyi vəsait hesabına əldə edilir. Büdcə vəsaitlərinin necə xərclənməsi haqqında məlumat əldə etmək vətəndaşların ayrılmaz hüququdur. Vətəndaşların satınalmalara nəzarət etməsi həm də ona görə vacibdir ki, dövlət tərəfindən satın alınan predmetlərin son istifadəçiləri məhz onlardır. Başqa sözlə, əsas maraqlı tərəf kimi vətəndaşların dövlət sifarişlərinin verilməsi və icra olunması prosesində iştirakçılığı yaxşı idarəetmənin əsas prinsiplərindəndir.

Vergiödəyicilərinin dövlət vəsaitlərindən istifadə edilməsinə nəzarətinin nə üçün vacib olduğunu daha yaxşı başa düşmək üçün görkəmli Amerika iqtisadçısı Milton Fridmanın təklif etdiyi yanaşmaya müraciət etmək yerinə düşər. Fridman çıxışlarının birində puldan istifadə edilməsinin dörd yolu haqqında danışarkən qeyd edir ki, pulun kim tərəfindən xərclənilməsi və kim üçün xərclənilməsi aldığımız predmetin qiymətinə və keyfiyyətinə təsir göstərir (Cədvəl 1). Əgər biz öz pulumuzu özümüzə xərcləyiriksə, o zaman çalışacağıq ki, sərf etdiyimiz pulun əvəzində ən yaxşı nəticəni əldə edək. Biz öz pulumuzu başqasına da xərcləyə bilərik, məsələn, ona hədiyyə almaq üçün. Bu halda isə fikir verəcəyik ki, pul diqqətlə xərclənsin, hədiyyənin keyfiyyəti isə ikinci plana keçəcəkdir. Pulun xərclənməsinin üçüncü yolu isə başqasının pulundan özümüz üçün istifadə etməkdir. Şirkətin limitsiz bank kartından bəhrələnən şirkət əməkdaşı heç şübhəsiz avtomobilinə yanacaq doldurarkən və ya nahar edərkən özünə qarşı səxavətli olacaqdır, xərclənən pulun miqdarı isə onu o qədər də narahat etməyəcəkdir. Nəhayət pulu xərcləməyin dördüncü, Fridmana görə ən riskli yolu, pulu birisindən alıb digərinə xərcləməkdir. Başqasının pulunu başqası üçün xərcləyən şəxs pula qənaət etməyə az meylli olur, nəticə isə onun üçün prinsipial xarakter daşımır. İqtisadçı dövlətin veriödəyicilərindən topladığı ödənişlərdən istifadəsini məhz sonuncuya bənzədir.

Cədvəl 1: Milton Fridmana görə puldan istifadə edilməsinin dörd yolu

tenderinfo

 

Nobel mükafatçısı Milton Fridmanın bu müqayisəsindən də göründüyü kimi, dövlət satınalmaları vəsaitlərin xərclənməsi baxımından yüksək risk qrupuna girən sahələrdən biridir. Bəs bu sahədə ictimai nəzarəti gücləndirməyin ən səmərəli yolları hansılardır? Vətəndaşlara hansı fürsətlər yaradılmalıdır ki, dövlət satınalmaları prosesinin təşkili və idarə edilməsində iştirak edə bilsinlər? Azərbaycanda bu sahədə vəziyyət necədir?

Bu suallara cavab tapmaq üçün sentyabrın 28-də saat 10.00-dan 13.00-dək Bakıxanov küç. 24 ünvanında yerləşən «Bridge Plaza»nın konfrans zalında (14-cü mərtəbə) «Dövlət satınalmalarına ictimai nəzarət» mövzusunda keçiriləcək ictimai müzakirəyə qatıla bilərsiniz. Tədbir Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “İctimai maliyyə, o cümlədən dövlət satınalmalarında şəffaflığının artırılması” xidmət sifarişi çərçivəsində baş tutacaqdır.

Related posts: