Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanmasına başlanılır

545cdaacef9f930
Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icra müddəti bitdikdən sonra, Azərbaycan Respublikası Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması prosesinə başlamışdır.
Yeni Milli Fəaliyyət Planı hökumətlə qeyri-hökumət təşkilatları arasında aparılan dialoq yolu ilə, əvvəlki Milli Fəaliyyət Planından əldə edilən təcrübə, həmçinin müasir çağırışlar əsasında hazırlanır. Açıq Hökumət Platforması çərçivəsdinə yeni Milli Fəaliyyət Planının hazırlanmasına bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq ekspertlərlə yanaşı sıravi vətəndaşların bu prosesə aktiv formada cəlb edilməsi üçün sosial şəbəkələr, canlı yayımlar, radio verilişlər və sorğulardan istifadə ediləcəkdir.
Cari il ərzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təşəbbüsü ilə yeni Fəaliyyət Planının hazırlanması prosesi ilə bağlı 3 iclas keçirilmiş və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq ekspertlərin və universitet nümayəndələrinin təklifləri dinlənilmişdir. İndiyədək 33 dövlət qurumu və 25 QHT yeni Milli Fəalliyyət Planı ilə bağlı öz təkliflərini bildirmişdir. Yeni Milli Fəaliyyət Planının layihəsinin hazırlanması prosesi ilə bağlı müvafiq tədbirlər planı hazırlanmış, Açıq Hökumət Tərəfdaşlığı ilə razılaşdırılmışdır. Azərbaycan üçün hal-hazırda vacib olan prosesdə vətəndaş iştirakçılığının daha da gücləndirilməsini təmin etməkdir.
Milli Fəaliyyət Planının hazırlanması prinsipləri aşağıdaklardır:
  • Açıq Hökumət Tərəfdaşlığının prinsip və hədəflərinə uyğunluq
  • Öhdəliklərin daha konkret və icra oluna bilən olması
  • Məqsədlərin aydın və ölçülənbilən olması
  • Öhdəliklərin keyfiyyət nəticələrinə daha çox önəm verilməsi
  • Öhdəliklərin icrası üçün zaman çərçivələrinin dəqiq müəyyənləşdirilməsi Maraqlı tərəflərin rəylərinin nəzərə alınması
  • AHT prosesinin bütün mərhələlərində hökumətlə vətəndaş cəmiyyətinin davamlı dialoqunun təşkili
Yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı internet səhifəsində, sosial şəbəkələrdə (link) və yerli media qurumlarında cəmiyyətin məlumatlandırılması təmin edilir. 2019-cu il iyul-avqust aylarında yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı hər həftənin cümə günü saat 3-də Azərbaycan Respublikasının Miqrasiya Xidmətində iclasların keçirilməsi nəzərdə tutulur. Hər bir iclasın gündəliyi və nəticələri ilə bağlı məlumatlar www.ogp.org.az internet səhifəsində və sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə dəvət edir.

Kəlbəcər rayon İcra Hakimiyyətindən 250 minlik «Mercedes»lə bağlı AÇIQLAMA

mersedes_benzKəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yeniavaz.com xəbər verir ki, həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb:

“Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var,  heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.

K. Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də, bu gün İcra Hakimiyyətində məsləhətləşmə aparıb maşının alınması təxirə salınacaq: “Ehtiyac yoxdur…” 

Sektor müdiri maşının hansı niyyətlə alınmasından da danışıb: “Açıq deyirəm ki, 3 ildən artlıqdır başçnın birinci müavininin minik avtomobili yoxdur. Bizim aparatda cəmi 3 maşın var və başqa maşına da ehtiyac var. Başçı onu özünə alıb, köhnə maşını müavinə verəcəkdi. Bizə qanunla 5 maşın norması var. Amma 3 maşınla idarə etməyə məcburuq”.

Beynəlxalq Şəffaflıq Təşkilatının regional görüşü keçirilib

Tədbirdə Azərbaycan milli bölməsinin nümayəndəsi iştirak edib.

Rubio

2019-cu ilin iyun ayında Berlində  Şərqi Avropa və MDB regionu üzrə Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) təşkilatının regional görüşü keçirilib. Tədbirdə ümumilikdə,  50  ölkədən nümayəndə iştirak edib.

Regional görüşdə ölkələr üzrə milli bölmələr və həmin ölkələrdə  mövcud vəziyyət, təşkilat Katibliyinin milli bölmələrlə iş prinsipləri və münasibətlərin qurulmasının təkmilləşdırılməsi məsələləri müzakirə edilib.

Tədbirdə, həmçinin korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxsin müdafiəsi, dürüstlülük və siyasi korrpsiya məslələri, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational)  2030-cu il Baxış Strategiyası ilə əlaqədar keçirilmiş sorğunun nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktorunun müavini Ramil İskəndərli iştirak edib. O, Azərbaycanda korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxslərin müdafiəsi ilə bağlı milli qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə məlumat verib.

R.İskəndərli  korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxslərin müdafiəsi məsələlərin Beynəlxalq Şəffaflıq Təşkilatının illik qurultayında müzakirə edilməsini təklif edib.

P.S. Şəkildə Transparency İnternational (Beynəlxalq Şəffaflıq) təşkilatının İdarə Heyətinin sədri Delia Matilde Ferreira Rubio və Ramil İskəndərli.

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

15613597921214430559_1000x669

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Forumda çıxış etdi.

Sonra BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin çıxış etdi.

Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri Margianti çıxış etdilər.

Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.

Strasburqda Azərbaycanla bağlı məruzə təqdim olundu

greco-1560796653
17 iyun 2019-cu il tarixdə Strasburqda Avropa Şurasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspert qurumu — Korrupsiya əleyhinə Dövlətlər Qrupunun (GRECO) 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfrans keçirilib.

Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən Azvision.az -a verilən məlumata görə, hazırda Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Fransa hökumətinin dəstəyi ilə təşkil olunmuş bu tədbirin açılışında Avropa Şurasının Baş katibi Torbyorn Yaqland, Avropa Şurası Parlament Assambleyasının sədri Lilian Mouri Paskye, Avropa Komissiyasının birinci Vitse-prezidenti Frans Timmermans, Fransanın ədliyyə naziri Nikol Belube və digər yüksək vəzifəli rəsmilər iştirak ediblər.

Azərbaycan Respublikasını bu tədbirdə Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Baş İdarənin böyük prokuroru Elnur Musayevin daxil olduğu nümayəndə heyəti təmsil edib.

Qeyd olunmalıdır ki, GRECO 20 illik fəaliyyəti ərzində üzv ölkələrə korrupsiyaya qarşı mübarizə sahəsində mühüm dəyişikliklərin həyata keçirilməsinə dəstək göstərmiş, habelə Avropa Şurasında daxili nəzarətin gücləndirilməsində aparıcı rol oynayıb.

greco-4682389962Tədbirdə çıxış etmiş Kamran Əliyev Azərbaycanla Avropa Şurası arasında mövcud işgüzar və qarşılıqlı faydalı münasibətlər çərçivəsində GRECO ilə əməkdaşlığa ölkəmizdə verilən xüsusi diqqəti vurğulayaraq, bu əməkdaşlığın müsbət nəticələri barədə danışıb. Konfrans iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli PrezidentFərmanından irəli gələn vəzifələr barədə məlumat verilib, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, şəffaflığın və cavabdehliyin gücləndirilməsi istiqamətində mühüm addım olduğu qeyd olunub. Baş prokurorun müavininin qeyd etdiyi kimi, ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasının ekspert qurumu tərəfindən verilmiş tövsiyələrin böyük qismini icra edib, dəyərləndirmənin üç raundu başa çatdırılıb və əldə olunmuş nəticələr uğurlu hesab olunub. Ölkəmizin həmçinin GRECO-nun dəstəyi ilə təşkil olunan Korrupsiyanın qarşısının alınması üzrə Sibernik Şəbəkəsinin fəal üzvlərindən biri olduğu xatırladılıb.

Mənbə: https://azvision.az/news/181486/-strasburqda-azerbaycanla-bagli-meruze-teqdim-olundu-.html

Ticarətdə idxal-ixrac əməliyyatlarında blokçeyn texnologiyasından istifadə olunacaq

c52cfc2f-08e9-431f-a311-9798e9cfa337

“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları  Konfransı və Sərgisi”ndən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ticarətdə idxal-ixrac əməliyyatlarında blokçeyn texnologiyasından istifadə olduqca mühümdür: “Sabah Dövlət Gömrük Komitəsi ilə İBM şirkəti arasında yükdaşıma sahəsində blokçeyn texnologiyalarından istifadə ilə bağlı müqavilə imzalanacaq”. Komitə sədri bildirib ki, bununla da bu müqavilə Azərbaycanda istifadəsində bir ilk olacaq: “Blokçeyn texnologiyası məlumatların birgə istifadə edilməsi deməkdir. Bu texnologiyanın ölkəmizə gətirilməsi sürətli keçid əməliyyatının daha sürətləndirilməsi, asanlaşmasında, sahibkarların idxal-ixrac əməliyyatlarında işinin daha da asanlaşması üçün atılacaq bir addım olacaq. Avropadan və dünyanın istənilən yerindən Azərbaycana gələn yük barəsində bütün məlumatları – onun həcmi, hansı şirkətə məxsuis və istehsal məlumatları olması barədə ilkin məlumatları əldə edəcəyik”.

Komitə sədri bildirib ki, bu texnologiyanın tətbiqi onlayn olaraq bütün qurumlara istifadə etməyə imkan verəcək və bu məlumatlar bizim bazaya inteqrasiya edilməsinə imkan verəcək. S. Mehdiyev deyib ki, hazırda mütəxəssislər bu sahədə çalışırlar: “İlin anlaşma müqaviləsi sabah imzalanacaq və qısa müddətdə tətbiqinə başlanılacaq. Gələcəkdə bu texnologiya həm hava, həm də quru daşımalarında da öz əksini tapacaq”. «Artıq bundan sonra biz hansı konteynerin harada olması haqqında məlumat əldə edəcəyik. Bunun üçün isə heç kimə müraciət etməyə ehtiyac olmayacaq. Bütün məlumatlar bizim sistemə avtomatik inteqrasiya ediləcək».

DGK sədri deyib ki, ilin sonuna qədər bu razılaşmanın təbiqi mümkün olacaq. S.Mehdiyev həmçinin digər ölkələrlə də blokçeyn texnologiyalarının tətbiqi sahəsində də anlaşmaq üçün hazırlaşdıqlarını əlavə edib: «Bundan başqa Azərbaycan bir çox dövlətlərlə blokçeyn texnologiyasının layihəsi üzərində ikitərəfli və çoxtərəfli şəkildə işləyir. Xüsusən də GUAM ölkələrini təmsil edən təşkilatla layihəmiz artıq başlanılıb. Layihəni Ukrayna ilə Azərbaycan birgə həyata keçirir. Gürcüstanla Moldova da ona dəstək verir. Normal bir model ortaya qoymaqla o texnologiyanın üstünlüklərindən istifadə edəcəyik».

Elektron imza sertifikatlarının verilməsi başlayandan ümumilikdə 176 724 sertifikat verilib

bf67d79c7deee5bd945a433079643540Musavat.com: 2019-cu ilin yanvar-mart aylarında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 9 832 elektron imza sertifikatı verilib. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində Məlumat Hesablama Mərkəzinin hesabatında deyilir. Həmin sertifikatlardan 6 776-ı dövlət strukturlarına, 1 920-i hüquqi şəxslərə, 246-ı fiziki şəxslərə verilib. Elektron imza sertifikatlarının verilməsi başlayandan 2019-cu ilin aprelin 1-dək ümumilikdə 176 724 sertifikat verilib. Onlardan 98 044-ü dövlət strukturlarına, 43 480-i hüquqi şəxslərə, 35 200-ü fiziki şəxslərə təqdim edilib. Bundan başqa, elektron imza ilə həyata keçirilən əməliyyatların sayında artım davam edir. Bu günədək dövlət strukturları tərəfindən e-imza vasitəsilə həyata keçirilən əməliyyatların sayı 35,93 milyondan, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən əməliyyatların sayı 10,2 milyondan çox olub. Sistem işə salınandan həyata keçirilən əməliyyatların ümumi sayı 46,1 milyondan çox olub.

Azərbaycanda dövlət qulluqçularının sayı açıqlanıb

19244274_10211432849429518_1118394010_n2019-cu il yanvarın 1-nə Azərbaycanda dövlət qulluqçularının sayı 29,1 min nəfər olub və onların 28,5 faizini qadınlar təşkil edib.

E-huquq.az-ın məlumatına görə, dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali — 3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyir.

Dövlət qulluqçularının 7,4 faizi 1 ilə qədər, 24,2 faizi 1 ildən 5 ilə qədər, 23,2 faizi 5 ildən 10 ilə qədər, 16,8 faizi 10 ildən 15 ilə qədər, 28,4 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,2 faiz, 30-34 yaşda 15,9 faiz, 35-44 yaşda 23,6 faiz, 45-54 yaşda 21,0 faiz, 55-62 yaşda 18,1 faiz, 63-64 yaşda 2,9 faiz, 65 və yuxarı yaşda 1,3 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra hakimiyyəti başçısının müavinləri, 14,6 faizini şöbə müdirləri, 11,7 faizini şöbə müdirinin müavinləri, 7,9 faizini sektor müdirləri, 25,7 faizini baş məsləhətçilər, 5,3 faizini böyük məsləhətçilər, 12,8 faizini aparıcı məsləhətçilər və 20,9 faizini məsləhətçilər təşkil edib.

2018-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,3 faiz artaraq 796,5 manat təşkil edib.