“ŞƏFFAFLIQ AZƏRBAYCAN” YENİ İDARƏ HEYƏTİNİ SEÇİB

DSC_0579“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırmaq istərdi ki, bugün, 9 mart, 2016-cı il tarixdə təşkilatın İllik Ümumi Yığıncağı yeni İdarə Heyətini və onun sədrini seçmişdir. Seçkilər təşkilatın Nizamnaməsi və daxili qaydalarına uyğun olaraq keçirilmişdir. Bu qaydalara əsasən İdarə Heyəti üzvləri maksimum iki dəfə beş illik müddətə seçilə bilərlər. Əliməmməd Nuriyev, ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən aparıcı QHT-lərdən biri “Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti, Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru və 2011-ci ilin dekabrından bəri “Şəffaflıq Azərbaycan” təşkilatının İdarə Heyətinin üzvü, təşkilatımızın İdarə Heyətinin sədri seçilmişdir.

Vüqar Əsgərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Hüquq şöbəsinin müdiri və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupunun üzvü; eləcə də, Hafiz Həsənov, “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü; Ceyhun Atayev, KSM və İctimaiyyətlə Əlaqələr üzrə Aparıcı Menecer, PAŞA Bank və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvü; və nəhayət, Sevinc Səmədzadə, “Beynəlxalq Gənc Həmyaşıd Təhsili Şəbəkəsi”nin (Y-PEER) milli koordinatoru və BMT-nin Gənc Məşvərətçilər Şurasının üzvü İdarə Heyətinin üzvləri seçilmişlər.
İdarə Heyətinin tərkibi müxtəlifdir, beləki Əliməmməd Nuriyev və Hafiz Həsənov bu orqanda vətəndaş cəmiyyətini və peşəkar hüquqşünasları təmsil edəcək. Vüqar Əsgərov dövlət idarəçiliyi siteminin yanaşmasını əks etdirəcək. Ceyhun Atayev bizneslərin sözcüsü kimi çıxış edəcək və nəhayət, Sevinc Səmədzadə gənclərin səsini təmsil edəcək.
Yığıncaq, həmçinin, Rəna Səfərəliyevanın təşkilatın icraçı direktoru kimi əmək müqaviləsinin üçüncü dəfə beş illik müddətə (2016-2020-ci illər üçün) uzadılmasının və İdarə Heyəti yanında Təsisçilər Şurasının yaradılmasının lehinə səs vermişdir. Hər biri beş il müddət olmaqla iki dəfə İdarə Heyətinin üzvü olmuş təsisçilər yeni İdarə Heyətini salamlamış və təşkilata uğurlar arzulamışlar.
“Şəffaflıq Azərbaycan” təşkilatının təsisçiləri aşağıdakılardır: Sabit Bağırov, “Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım” Fondunun prezidenti; Dürdanə Məmmədova, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatında konstitusiya hüququ şöbəsinin müdiri; Fuad Süleymanov, müstəqil hüquqşünas və Rəna Səfərəliyeva, “Şəffaflıq Azərbaycan” Birliyinin icraçı direktoru.
İdarə Heyətinin üzvlərinin şəxsi bəyannamələri və tərcümeyi-halları ilə buradan tanış ola bilərsiniz.

Related posts: