Vergi Məcəlləsinə Dəyişikliklərin İzahı

Video çarx 1 

Nağdsız hesablaşmaların formaları, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi.

Sual: Nağdsız hesablaşmaların hansı formaları var?

Cavab: Nağdsız hesablaşmalar haqqında qanuna əsasən nağdsız hesablaşmaların 3 forması var. Birinci forma, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmadır. Yəni, sahibkar bank hesabından ödəmə sənədi vasitəsilə aldığı malın, işin və xidmətin dəyərini təqdim edən şəxsin bank hesabına köçürməklə əməliyyat aparır. Bu ödəniş nağdsız hesablaşma hesab olunur. Nağdsız hesablaşmaların ikinci forması ödəniş terminalları ilə həyata keçirilən hesablaşmadır. Yəni, hər hansı bir şəxs aylıq xərclərini ödəmək üçün nağd vəsaiti ödəniş terminalına (e-manat, milliön) daxil etməklə əməliyyat həyata keçirir. Bu əməliyyat da nağdsız hesablaşma hesab olunur. Nağdsız hesablaşmanın üçüncü forması isə birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmadır. Yəni, hər hansı bir şəxsin qəbul etdiyi malın, işin və xidmətin dəyərini ödəmək üçün kassadan nağd pul vəsaitini məxaric etməklə satıcının bank hesabına birbaşa nağd qaydada mədaxil etməklə aparılan əməliyyat nağdsız hesablaşma hesab olunur. Nağdsız hesablaşmaların formaları bütün təsərrüfat subyeklərinə şamil edilir. Lakin vergi ödəyiciləri arasında nağdsız hesablaşma dedikdə yalnız şəxsin bank hesabından digər şəxsin şəxsin bank hesabına olan ödənişlər nəzərdə tutulur.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 2

Məhdudlaşdırılan nağdsız hesablaşmalar, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi.

Sual: Kimlər təqvim ayı ərzində 30 min və ya 15 min manat məbləğində nağd qaydada ödəniş edə bilər?

Cavab: Nağdsız hesablaşma haqqında qanunun müddəalarına əsasən nağdsız hesablaşmaları 3 yerə bölmək olar.

1. Məhdudlaşdırılan hesablaşmalar;

2. Yalnız nağdsız qaydada həyata keçirilməli olan hesablaşmalar;

3. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdirilmayan hesablaşmalar.

Məhdudlaşdırılan hesablaşmalar zamanı ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bu qanunun 3.3- bəndinə əsasən təqvim ayı ərzində, yəni ayın 1-dən ayın sonuna kimi məxaric əməliyyatlar üzrə bir neçə hesablaşmaların cəmi 30 min manata kimi nağd qaydada ödənişləri kimlər apara bilər?

1. Dövriyyəsindən asılı olmayaraq ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslər;

2. 12 aylıq dövrün istənilən ayında və ya aylarında ƏDV-yə cəlb olunan dövriyyəsi 200 min manatdan artıq olmasına baxmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmiş ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, yəni 6% və ya 8% dərəcəsi ilə vergi ödəyən şəxslər.

Təqvim ayı ərzində, yəni ayın 1-dən sonuna kimi məxaric əməliyyatlar üzrə 15 min manata kimi kimlər nağd qaydada ödənişləri apara bilər?

1.1 ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslər;

1.2 ƏDV-yə cəlb olunan dövriyyəsi 200 min manatdan aşağı olub fəaliyyətini sadələşdirilmiş, yəni 2 və ya 4%-in ödəyicisi olan vergi ödəyicisi, mənfəət və ya gəlir vergi ödəyiciləri olan şəxslər.

Tutaq ki, ƏDV ödəyicisi olan «A» MMC yanvar ayında bu ödənişləri etməlidir. — 20 min manat məbləğində qəbul etdiyi malın ödənişini, — 15000 manat məbləğində isə qəbul ediyi xidmətin ödənişini. Qeyd elediyim misala əsasən «A» MMC-ni yanvar ayı ərzində 30 min manat məbləğində nağd ödəniş etmək limiti olduğundan 30 mindən artıq olan məbləği nağdsız qaydada ödəməlidir.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 3

Yalnız nağdsız qaydada edilməli ödənişlər, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Yalnız nağdsız qaydada həyata keçirilməsi olan hesablaşmalar hansılardır?

Cavab: Nağdsız hesablaşmalar haqqında qanunun müddəalarına əsasən nağdsız hesablaşmaları 3 yerə bölmək olar.

1. Məhdudlaşdırılan hesablaşmalar;

2. Yalnız nağdsız qaydada həyata keçirilməli olan hesablaşmalar;

3. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılmayan hesablaşmalar.

Bu video çarxımızda isə yalnız nağdsız qaydada həyata keçirilməli olan hesablaşmalar haqqında danışacağıq. Yalnız nağdsız qaydada həyata keçirilməli olan hesablaşmalar bunlardır: 3.4.1. vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi; 3.4.2. “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər; 3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar; 3.4.4. əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar; 3.4.5. stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi; 3.4.6. faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması; 3.4.7. dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi); 3.4.8. təhsil haqlarının ödənilməsi; 3.4.9. turagentlərə ödəmələr. Bu qanunun 3.3 maddəsində əsasən nağd qaydada müəyyən olunmuş hesablaşma limitdən asılı olamayaraq, yəni hər hansı vergi ödəyicisinin 30 min və ya 15 min manat məbləğində nağd qaydada ödəniş etmə hüququnun olmasına baxmayaraq nitqimin əvvəlində sadaladığım hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Tutaq ki, dövriyyəsi 200 min manatdan aşağı və sadələşdirilmiş vergi ödəyicisi olaraq pərankəndə ticarətlə məşğul olan A MMC yanvar ayında bu ödənişləri etməlidir. — 15 min manat qaimə faktura əsasında alınmış malın dəyərini, — 1200 manat məbləğində kommunal ödənişi, — 2500 manat dövlət büdcəsinə vergi ödənişini, — 4000 manat məcburi dövlət sığorta haqqı üzrə ödənişi, — 1000 manat dəyərin icarə haqqını, — 400 manat işçilərin icbari sığortası üzrə ödəniş. Qeyd elediyim misala əsasən, «A» MMC-nin yanvar ayı ərzində 15 min manat nağd ödəniş etmək limiti olmasına baxmayaraq, kommunal, işçilərin icbari sığortası və dövlət büdcəsinə olan ödənişləri mütləq şəkildə nağdsız qaydada ödəməlidir. Amma qalan ödənişlər (malın dəyəri,icarə haqqı və məcburi dövlət sosial sığorta haqqı) üzrə isə 15 min manat nağd qaydada və 15 min manatdan artıq olan hissəsini isə mütləq şəkildə nağdsız qaydada ödəməlidir. Əks halda qanun tələbləri pozularsa, vergi ödəyicisi Vergi Məcəlləsinə əsasən maliyyə itkilərinə məruz qala bilər.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 4

Əmək haqqını yalnız nağdsız qaydada ödəməli olanlar, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Kimlər əmək haqqını yalnız nağdsız qaydada ödəməlidir?

Cavab: Nağdsız hesablaşmalar haqqında qanun qüvvəyə mindikdən sonra əmək haqqının ödəniş formasında müəyyən dəyişikliklər oldu. Müəyyən vergi ödəyiciləri əmək haqqını mütləq qaydada nağdsız və bəzi vergi ödəyicilər isə nağd və ya nağdsız qaydada ödəyə bilərlər. Nağdsız hesablaşmalar haqqında qanuna əsasən əmək haqqı və qanunda nəzərdə tutulmuş digər ödənişləri nağd və (və ya) nağdsız qaydada ödənilməsi vergi ödəyicisinin fəaliyyətindən və dövriyyəsindən asılı olaraq belə təsnifatlaşdıra bilərik:

1. Nağd və ya nağdsız qaydada hesablaşmalı olan vergi ödəyiciləri: 1.1 Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) ümumi dövriyyəsi 200 min manatadək olan xidmət sahəsində faəliyyət göstərən vergi ödəyicisi, 1.2 ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə faəliyyəti ilə məşğul olan vergi ödəyicisi;

2. Yalnız nağdsız qaydada hesablaşmalı olan vergi ödəyiciləri: 2.1 Dövriyyəsindən asılı olmayaraq istehsal sahəsi ilə məşğul olan vergi ödəyicisi, 2.2 Dövriyyəsindən asılı olmayaraq tikinti faəliyyəti ilə məşğul olan vergi ödəyicisi, 2.3 Ümumi əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadan artıq olan pərakəndə ticarət və iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi, 2.4 Dövriyyəsindən asılı olamayaraq topdan ticarətlə məşğul olan vergi ödəyicisi, 2.5 Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan qeyri-komersiya hüquqi şəxslər, yəni təşkilatlar

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 5

Nağd qaydada ödənilməsi məhdudlaşdırılmayan hesablaşmalar, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Nağd qaydada ödənilməsi məhdudlaşdırılmayan hesablaşmalar hansılardır?
Cavab: Əvvəlki video çarxlarımızda qeyd elədiyim kimi nağdsız hesablaşmalar haqqında qanunun müddəalarına əsasən nağdsız hesablaşmaları 3 yerə bölmək olar. Bu video çarxımızda isə sizlərə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılmayan hesablaşmalar haqqında danışacağıq. Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının, utlizasiya məqsədləri üçün kağız, şüşə və plastik məmulatların və işlənmiş şinlərin qəbulu zamanı ödəniş həyata keçirərkən nağd ödəniş məbləğinə limit yoxdur. Bu məhdudlaşdırılmayan ödəniş yalnız vergi ödəyicisi olmayan şəxslərdən mallar qəbul edilərkən tətbiq olunur.
Misal üçün, ƏDV ödəyicisi olaraq Türkiyə Respublikasına ixrac əməliyyatları ilə məşğul olan hüquqi şəxs Zaqatala sakinlərindən və hüquqi şəxslərdən məhsullar alarkən ödəniş hansı formada həyata keçirməlidir?
1. Meşədən yığılmış fındıq məhsuluna görə fiziki şəxslərə 45 min manat;
2. Meşədən yığılmış fındıq məhsuluna görə hüquqi şəxslərə 25 min manat;
3. Fıdığın təmizlənməsi nəticəsində hazırlanmış ləpəyə görə isə 35 min manat.
Misala cavab olaraq bildirmək istəyirik ki, fındıq kənd təsərrüfatı məhsulu olduğundan vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərə nağd qaydada ödəniş edilərkən ödənişin limitinə məhdudiyyət yoxdur. Ancaq fınıdıq kənd təsərrüfatı məhsulu olmasına baxmayaraq ləpə formasında və digər bəndə əsasən hüquqi şəxslərdən alındığından ödənişi edən şəxsin ƏDV ödəyicisi olduğu üçün ödənişin 30 min manatını nağd qaydada, qalan hissəsini isə nağdsız qaydada ödəməlidir.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 6

Bankda olan pul vəsaitinin nağdlaşdırılması zamanı verginin hesablanması, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Bankda olan pul vəsaitinin nağdlaşdırılması zamanı vergi necə hesablanır?
Cavab: Qanuna edilən son əlavələrdən sonra sahibkarlar bank hesabındakı pul vəsaitini nağdlaşdırırsa bank tərəfindən həmin şəxsdən ödəmə mənbəyində 1% dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanacaqdır və bu məbləğ vergi ödəyicisinin bank hesabından tutulacaqdır. Sahibkar mənfəət və ya gəlir vergisi ödəyicisidirsə ödəmə mənbəyində tutulmuş vergi məbləğini vergitutma məqsədləri üçün xərcinə salaraq gəlirdən çıxa biləcək.
Misal olaraq mənfət vergisi ödəyicisi olan «A» MMC-nin bank hesabında olan 20 min manatı nağdlaşdıran zaman bank həmin vəsaitdən 1% dərəcəsi ilə ödəmə mənbəyində sadələşdirilimiş vergi məbləği, yəni 200 manat hesablayacaq və sahibkara 20 min manat pul verməsinə baxmayaraq həmin şəxsin bank hesabından 200 manat vergi tutacaqdır. Mənfəət vergi ödəyicisi olan şəxs 200 manat məbləği mənfəət vergisi hesabladığı zaman gəlirdən çıxılan xərcə aid edəcəkdir.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 7

Elektron qaimə faktura, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Elektron qaimə faktura nə vaxtdan tətbiq olunacaq?
Cavab: Vergi Məcəlləsinə edilmiş son əlavədən sonra vergi ödəyicisi olan şəxslər mal, iş və xidmətinin satışı zamanı əməliyyatlarını elektron qaimə faktura ilə rəsmiləşdirəcəklər. Elektron qaimə fakturanın tətbiqi vergi ödəyicisinin iş yükünün və xərclərinin, o cümlədən kağız sənəd dövriyyəsinə çəkilən xərclərin azalmasına səbəb ola bilər. Bu rəsmləşdirilmə ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci il ilin aprel ayının 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə növbəti ilin yanvar ayının 1-dən qüvvəyə minəcəkdir.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 8

Nəzarət kassa aparatından istifadə, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Nağd hesablaşmaların qeydiyyatı zamanı kimlər nəzarət kassa aparatından istifadə etməlidir?

Cavab: Vergi ödəyicisi nağd pul vəsaiti qəbul edərkən hesablaşmaların uçotunu aparmağa və həmin ödənişlərlə bağlı qanunverciliyin tələblərinə uyğun sənədlər təqdim etməyə borcludur. Nağdsız ödənişlər istisna olmaqla vergi ödəyicisi olmayan şəxslərə münasibətdə nağd qaydada ödəniş qəbul edilərkən bir sıra hallar nəzərə alınmalıdır. Belə ki, nağd ödənişlər fəaliyyət növü üzrə nəzarət kassa aparatı tələb edilirsə, nəzarət kassa aparatının çeki və ya nəzarət kassa aparatı tələb olunmayan faəliyyət növləri üzrə isə mədaxil qəbzi və ya valyuta mübadilə şöbələri tərəfindən bank çıxarışı ilə rəsmləşdirilməlidir.
Qanuna edilmiş son dəyişiklikdən sonra Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə qeyd olunmuş vergi ödəyiciləri istisna olmaqla, aşağıdakı vergi ödəyiciləri hesablaşmaları nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirməlidir:
1. Pərakəndə ticarət faəliyyəti ilə məşğul olub hesablaşmaları nağd qaydada qəbul edən vergi ödəyicisi;
2. İctimai iaşə fəaliyyəti ilə məşğul olub hesablaşmaları nağd qaydada qəbul edən vergi ödəyicisi.
Vergi ödəyicisi olmayan şəxslərlə hesablaşmalar aparıldıqda qalan digər vergi ödəyiciləri isə nəzarət kassa aparatından istifadə etmək etmək hüququnun olması ilə yanaşı nağd qaydada ödənişləri məqaxil qəbzi və ya bank çıxarısından istifadə etməklə rəsmləşdirməlidir. Pərakəndə və (və ya) ictimai iaşə fəaliyyət növləri ilə məşğul olan vergi ödəyiciləri istisna olmaqla, vergi ödəyiciləri arasında hesablaşmalar aparıldıqda isə hesablaşmalar çiddi hesabat blankı olan kassa mədaxil orderi ilə rəsmləşdirilməlidir.
Aşağıdakı misala əsasən, hansı vergi ödəyicisi hesablaşmaları nəzarət kassa aparatı vasitəsi ilə aparmalıdır:
1. Əhaliyə qida məhsulları satışı ilə məşğul olan vergi ödəyicisi;
2. Topdan ticarətlə məşğul olan və ödənişləri nağd qaydada qəbul edən vergi ödəyicisi;
3. Xidmət sahəsində fəaliyyət göstərən və ödənişləri nağd qaydada qəbul edən vergi ödəyicisi;
4. Qiymətli kağızların və lotereya biletlərinin satışı ilə məşğul olan vergi ödəyicisi;
5. Təmir işləri ilə məşğul olan vergi ödəyicisi;
6. Restoranlar tərəfindən xidmətlərin göstərilməsi üzrə fəaliyyət göstərən vergi ödəyicisi.

Misala cavab olaraq bildirmək istərdim ki, qida məhsullarının satışı və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün hesablaşmalarını nəzarət kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifə borclarıdır. Misalda qeyd olunmuş digər vergi ödəyiciləri hesablaşmaları istəsələr nəzarət kassa aparatları ilə həyata keçirə bilərlər.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 9

Nağd ödənişlərlə bağlı maliyyə sanskiyaları, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Vergi Məcəlləsinin 58.7-1 ci maddəsinin tələblərinin pozulmasına görə maliyyə sanskiyaları necə tətbiq olunur?
Cavab: VM-nin 58.7-1-ci maddəsi nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə 10 faizi, ikinci dəfə yol verildikdə 20 faiz, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Nağdsız hesablaşmalar haqqında qanunun müddəalarının tənzimlənməsinə operativ və səyyar qaydada vergi orqanı nəzarəti həyata keçirəcəkdir. Bununla bağlı, vergi orqanı vergi ödəyicisinə əvvəlcədən xəbardarlıq etmədən operativ vergi nəzarəti həyata keçirə bilər. Bundan başqa, vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi ödəyicisindən təqvim ayı ərzində apardığı hesablaşmalarla bağlı sənədləri tələb edə bilər. Nəzarət və ya yoxlama zamanı vergi ödəyicisi nağdsız hesablaşmalar haqqında qanunun tələblərini pozmaqla əməliyyat aparıbsa hər bir əməliyyata görə ayrılıqda təqvim ili ərzində birinci dəfə yol verildikdə 10% , ikinci dəfə yol verildikdə 20% , üçüncü və sonraki dəfələrdə 40% miqdarında maliyyə saksiyası tətbiq ediləcəkdir.
Misal olaraq təhsil müəssisəsi təqvim ayı ərzində müştərisindən nağd qaydada 5000 manat təhsil haqqı qəbul etmişdir. Misala cavab olaraq bildirmək istəyirəm ki, vergi ödəyicisi nağdsız hesablaşmalar haqqında qanunun tələblərini pozmaqla yanvar ayında nağd qaydada qəbul etdiyi ödənişə görə səyyar yoxlama zamanı 10%-i miqdarında maliyyə sanksiyası tətbiq olunacaqdır.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***

Video çarx 10

Çek ilə alınmış malların xərcə aid edilməsi, Ekspert Emin Səttarov, «Şəffaflıq Azərbaycan» Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi

Sual: Nəzarət kassa aparatının çeki ilə alınmış mallar xərcə salınırmı?
Cavab: Vergi Məcəlləsində edilmiş son dəyişiklikdən sonra nəzarət-kassa aparatının çeki və ya qəbz ilə alınmış mallar gəlirdən çıxılan xərclərə aid edilmir. Bu maddənin yeni əlavə olunmasına baxmayaraq əvvəlki Vergi Məcəlləsinin müddəalarına əsasən də malların alınması yalnız çek ilə rəsmləşdirildikdə xərcə salınmırdı. Bu yeni maddənin əlavə olunması isə yeni bir hal kimi qəbul olunmamalıdır. Sadəcə bu maddə yoxlama zamanı gələcəkdə yarana bilən mübahisəli məsələlərə son qoymuş oldu. Çek yalnız təklikdə ödənişi təsdiq edən sənəddir. Amma sahibkar pərakəndə ticarətlə məşğul olan şəxsdən qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab fakturası tələb etmək hüququ olduğundan mallar alınarkən nağd qaydada ödənişi təsdiq edən nəzarət kassa aparatının çekini həmin sənədlərə əlavə etməklə gəlirdən çıxılan xərcə aid ediləcəkdir.
Misal olaraq, şirkət yaxınlıqda olan marketdən 20 manat məbləğində nağd ödəniş etməklə ofis ləvazimatları almışdır. Əgər həmin malları alarkən satıcıdan qaimə faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab fakturası tələb edib sənədlərinə əlavə edibsə 20 manatla bağlı nəzarət kassa aparatının çekini xərcə salacaqdır. Əks halda 20 manatlıq çek xərcə salınmamalıdır. Gəlirdən çıxılan xərcə aid olunduğu təqdirdə yoxlama zamanı yoxlayıcı tərəfindən xərclərin suni şəkildə artırılması kimi qiymətləndirilə bilər və sahibkar maliyyə itkilərinə məruz qala bilər.

Məlumatlardan istifadə edərkən istinad etməyiniz xahiş olunur!

Bu film Amerika xalqının Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə göstərdiyi dəstək sayəsində hazırlanmışdır. Filmin məzmunu USAID-in və ya ABŞ hökumətinin mövqeyini əks etdirməyə bilər.

***