“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ildə görülmüş işlərlə bağlı keçirilmiş mətbuat konfransında iştirak edib. Vətəndaş cəmiyyəti institutları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təşkil olunan konfransda R. Səfərəliyeva çıxış edərək korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra aktual məsələlərə toxunub. O bildirib ki, ümumiyyətlə, korrupsiyaya qarşı mübarizədə müəyyən nailiyyətlər var. Bunu “Transparency International” təşkilatının hazırladığı Qlobal Korrupsiya Barometri (2016) və Korrupsiya Qavrama İndeksinin (2015) nəticələri də göstərir.
R. Səfərəliyeva Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb. O bildirib ki, araşdırılan cinayət işləri İdarəyə çatanda ciddi mərhələdə olur. Halbuki, Hesablama Palatası onları ilkin mərhələdə araşdırıb qarşısını ala bilər. O qeyd edib ki, Hesablama Palatasının rolu ciddi şəkildə artırılmalıdır. Lakin onun bu rolu icra etmək üçün büdcəsi kifayət qədər deyil, həmçinin onun resursları da gücləndirilməlidir. O əlavə edib ki, dövlət büdcəsi sahəsində şəffaflıq artırılmalı və korrupsiya ilə əlaqədar işlər görülməlidir.
Bundan başqa o, son zamanlar əhəmiyyətli qanunlara dəyişikliklərin çox olduğunu deyib. Bəzi hallarda, daha sonra icra mərhələsində tətbiqinin mümkün olmadığı aydın olanda bu qanunlar və ya dəyişikliklər tamamilə ləğv olunur, ya da yeni dəyişikliklər edilir. O tövsiyə edib ki, bu dəyişikliklər qəbul olunmadan əvvəl ilkin mərhələdə vətəndaş cəmiyyəti və sahibkarlar ilə müzakirə olunsun.
O, bu yaxınlarda Vergi Məcəlləsinə 200-dən çox edilmiş dəyişikliklərin narahatçılıq doğurduğunu qeyd etdi, çünki, kiçik və orta sahibkarların onları oxumağa və qavramağa imkanları yoxdur; mütəxəssis cəlb etmək isə əlavə xərcdir və bu vəziyyət onlar üçün çox ciddi yükdür. Həm hökumət, həm də vətəndaş cəmiyyəti tərəfindən ciddi maarifləndirmə aparılmalıdır. Dəyişikliklər arasında xüsusilə narahat edən bəzi müddəalar var ki, onlar həm vergi mütəxəssisləri, həm də sahibkarların iştirakı ilə ayrı tədbirdə müzakirə olunmalıdır.
Dövlətin vətəndaş cəmiyyəti ilə əməkdaşlığının vacibliyini vurğulayan R. Səfərəliyeva korrupsiyaya qarsı mübarizə sahəsində ixtisaslaşlaşmış dövlət qurumlarında qeyri-hökumət təşkilatlarının təmsil olunmasını tövsiyə edib.