“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə 2012-ci ilin sentyabr ayından 2016-cı ilin sentyabr ayına qədər olan dörd illik dövrdə aparmış olduğu ictimai vəkillik fəaliyyətləri ilə bağlı yekun hesabatı ictimaiyyətə təqdim edib. Hesabat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” IB, Azərişıq ASC (BakıElektrikŞəbəkə), Azərsu ASC və digər dövlət qurumları ilə keçirilən dəyirmi masalarda, eləcə də digər vasitələrlə hər birinə ayrı-ayrılıqda təqdim olunmuş tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir.
Monitorinqin yekunları ilə bağlı keçirilən tədbirin açılışını edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirdi ki, ŞA müxtəlif dövlət qurumları ilə AŞT layihəsi çərçivəsində son dörd ildə 16 dəyirmi masa keçirmişdir və yekun hesabat bu müddətdə ictimai qurumlara ünvanlanmış tövsiyələrin həyata keçirilməsinin qısa məzmununu əhatə edir.
Monitorinq hesabatını təqdim edən “Şəffaflıq Azərbaycan” təşkilatının qrant meneceri Zümrüd İsmayılova bildirdi ki, ŞA vətəndaşların qeydiyyata alınması, kommunal xidmətlərin həyata keçirilməsi, sosial yardımların verilməsi və daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə məşğul olan dövlət qurumlarına və əsasən də bu qurumların elektron xidmətlərinə xüsusi diqqət ayırıb. Daha sonra o, Azərbaycan qanunvericiliyinə təklif olunan dəyişikliklərlə bağlı tövsiyələri təfərrüatı ilə səsləndirib.
Tədbir, hesabatda adı keçən dövlət qurumlarının nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələrlə davam etdi.
Dəyirmi masa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin İctimai Müzakirələr komponenti çərçivəsində keçirilir.