9 dekabr dünyada BMT-nin təşəbbüsü ilə Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olunur. Bu günün dünyada korrupsiyaya qarşı mübarizə istiqamətində ixtisaslaşmış qurumlardan biri “Beynəlxalq Şəffaflıq” (“Transparency İnternational”) təşkilatının, o cümlədən təşkilatın Azərbaycan nümayəndəliyi «Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi» üçün xüsusi yeri vardır.
Beynəlxalq Şəffaflıq təşkilatı korrupsiya fenomenini etibar edilmiş səlahiyyətin şəxsi mənfəət üçün sui-istifadəsi kimi geniş anlamda qavrayır. Korrupsiya təkcə dövlət idarəetməsində rüşvət hadisəsi deyil, həmçinin dövlət, biznes, vətəndaş cəmiyyəti sektorunda vəzifəli şəxsə etibar edilmiş səlahiyyətin şəxsi mənfəət üçün istifadəsidir. Korrupsiya bir bəla kimi iqtisadi inkişafda olan dövlət üçün əsas maneələrdəndir. Bu bəlanı aşmaq üçün məsuliyyət yalnız dövlətin üzərinə düşmür. Korrupsiyaya qarşı mübarizə dövlət, vətəndaş, biznes və media sektorunun birgə fəaliyyətini zəruri edir.
Məişət korrupsiyasına qarşı mübarizədə hökumət son 3 ildə ciddi addımlar atmışdır. “ASAN xidmət” mərkəzləri və elektron xidmətlərin genişlənməsi buna misal ola bilər. “ASAN xidmət” mərkəzlərinə 2 milyondan artıq vətəndaşın müraciət etməsi, eləcə də son iki ildə elektron hökumət portalı istifadəçilərinin sayının 1,5 milyonu keçməsi sözügedən islahatların müsbət nəticələridir. Lakin gediləsi yol uzundur. ASAN xidmət mərkəzləri vətəndaşlardan biznes sektoru istiqamətinə «ASAN biznes» xəttini götürməsi, elektron xidmətlərin inkişafında isə sosial istiqamətli elektron xidmətlərin inkişaf xətti arzu olunandır. Bununla bərabər “hiss olunmaz” korrupsiyaya həssas olan tender proseslərinin də şəffaflaşması dövlət büdcəsi üçün xeyli vəsaitin qənaət edilməsi üçün əsas mənbələrdən ola bilər. Biznes sektorunun şəffaflaşmasında biznes subyektləri maraqlı olmalıdır. Dövlət də öz növbəsində biznes lisenizyalarının verilməsini şəffaflaşdırmalıdır. Vətəndaşlar da öz növbəsində korrupsiya hadisəsinə dözümlü olmamalı, aidiyyəti dövlət qurumlarına, eləcə də Şəffaflıq Azərbaycan Təşkilatına müraciət edib, öz hüquqlarını müdafiə edə bilərlər.
İnanırıq ki, hökumət, vətəndaş cəmiyyəti, işgüzar icma və vətəndaşlar tərəfindən ortaya qoyulan birgə səylər bu mübarizədə gələcəkdə uğurlu nəticələr əldə etməyə kömək edəcək