“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanmış “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2015-ci il üzrə icra vəziyyətinin monitorinqinə dair 3-cü hesabatını təqdim etdi. Dövlət orqanları nümayəndələrinin, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Platforması üzvlərinin və digər vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşün əsas məqsədi monitorinq hesabatının nəticələrini geniş ictimaiyyətə təqdim etmək və hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində səylərinə dair konstruktiv müzakirə təşkil etməkdir.
Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra, hesabat barəsində ümumi məlumat verərək bildirdi ki, 2015-ci il – prezidentin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulan son müddət idi. Bu müddətdə bütün istiqamətlər üzrə öhdəliklərin icra vəziyyəti öyrənilmiş, müvafiq metodologiya əsasında qiymətləndirmə aparılmışdır.
Şəffaflıq Azərbaycan təşkilatının Açıq Hökumətin Təşviqi üzrə mütəxəssis qrupu hesabatı təqdim edərək, iştirakçılara monitorinqin metodologiyası, əldə olunmuş nəticələr və tövsiyələri açıqladılar. Mütəxəssis qrupunun üzvü Rəcəb İmanov bildirdi ki, monitorinq zamanı MFP-nin 9 fəaliyyət istiqamətindən 2-sində – 7-ci (Vergi nəzarəti və yoxlamaları prosesində şəffaflığın artırılması) və 8-ci (Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması) istiqamətlərdə maksimum nəticə qeydə alınıb. Bu bəndlər üzrə icra səviyyəsi maksimum orta bala bərabər olub. Ən aşağı nəticə 1-ci istiqamətdə (İnformasiya əldə edilməsinin asanlaşdırılması) qeydə alınıb – bu bənddə maksimum orta bal 3 olduğu halda əldə olunan nəticə 1,4-dür.
Hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanın növbəti hissəsi daha çox interaktiv şəkildə keçib. Hesabatın müəllifləri iştirakçılar tərəfindən verilən sual və şərhlərə cavab veriblər. İştirakçılar müxtəlif dövlət qurumlarında şəffaflığın artırılması üçün hesabatın əhəmiyyətini vurğulayıblar. Hazırlanmış yekun hesabatın nüsxələri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və digər müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.
Daha ətraflı məlumat üçün zumrud@transparency.az ünvanına yazmaqla, həmçinin 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng etməklə İctimaiyyətlə Əlaqələr və Media üzrə Mütəxəssis Zümrüd Ismayılova ilə əlaqə saxlaya bilərsiniz.
Təqdimat ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.