“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanmış “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqinə dair yekun hesabatını təqdim etdi. Dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin, eləcə də diplomatik təmsilçilərin iştirakı ilə keçirilən görüşün əsas məqsədi monitorinq hesabatının nəticələrini geniş ictimaiyyətə təqdim etmək və hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində səylərinə dair konstruktiv müzakirə təşkil etməkdir.
Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra hesabat barəsində ümumi məlumat verərək bildirdi ki, yekun hesabat “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” üzrə öhdəliklərin bütün icra müddətində – sentyabr 2012 — dekabr 2015-ci ildə həyata keçirilən fəaliyyətlərin qiymətləndirilməsini əks etdirir.
Şəffaflıq Azərbaycan təşkilatının Açıq Hökumətin Təşviqi üzrə mütəxəssis qrupunun koordinatoru Dünya Camalova bildirdi ki, yekun qiymətləndirmə nəticəsində MFP-nin icrası zamanı 9 fəaliyyət istiqamətindən heç birində maksimum nəticəyə nail olunmayıb. Ən yüksək göstərici “Mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması” istiqamətində, ən aşağı göstərici isə “İnformasiya əldə edilməsinin asanlaşdırılması” istiqamətində qeydə alınıb.
Hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masanın növbəti hissəsi daha çox interaktiv şəkildə keçib. Hesabatın müəllifləri iştirakçılar tərəfindən verilən sual və şərhlərə cavab veriblər. İştirakçılar müxtəlif dövlət qurumlarında şəffaflığın artırılması üçün hesabatın əhəmiyyətini vurğulayıblar. Hazırlanmış yekun hesabatın nüsxələri Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və digər müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Təqdimat ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.