Azərbaycan Şəffaf Dövlət Satınalmaları Reytinqi üzrə qiymətləndirilib

Capture“Şəffaflıq Azərbaycan” təşkilatı Gürcüstanın İnformasiya Azadlığının İnkişafı İnstitutu tərəfindən icra olunan “Şəffaf Dövlət Satınalmaları Reytinqi” layihəsində tərəfdaş qismində iştirak edir. Layihə çərçivəsində “Şərq tərəfdaşlığı” üzv dövlətlərində – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada dövlət satınalmaları sahəsində qanunvericiliyin qiymətləndirilməsi aparılıb və 5 ölkənin vətəndaş cəmiyyəti nümayəndələri də tərəfdaş kimi qiymətləndirməyə cəlb olunub. Layihənin məqsədi sözügedən 6 ölkədə dövlət satınalmaları qanunvericiliyinin və onun icra vəziyyətinin qiymətləndirilməsidir. Qiymətləndirmənin qanunvericiliklə bağlı nəticələri açıqlanıb, icra vəziyyəti barədə nəticələrin isə yaxın zamanda dərc olunması nəzərdə tutulub.

Qiymətləndirmə metodologiyası

Qiymətləndirmə metodologiyası dövlət satınalmaları sahəsində beynəlxalq standartlar və meyarlar əsasında seçilmiş 64 indikatordan ibarətdir. Qiymətləndirmə indikatorları dövlət satınalmaları qanunvericiliyinin mövcud vəziyyətini qiymətləndirən aşağıdakı 5 tematik kateqoriya üzrə qruplaşdırılıb:

* Qanunvericilik bazasının yekcinsliyi – 14 indikator,

* Səmərəlilik – 10 indikator,

* Şəffaflıq – 18 indikator,

* Hesabatlılıq və dürüstlük – 7 indikator,

* Rəqabətlilik və tərəfsizlik – 10 indikator.

Ölkələrin mövqeyi

Regionda dövlət satınalmaları sahəsində mövcud olan ən təkmil qanunvericilik Ukrayna və Gürcüstana məxsusdur. Bu ölkələrdə satınalmalar sferasını tənzimləyən normativ-hüquqi normalar 100 ballıq şkala üzrə 86%-lə qiymətləndirilmişdir (bu ölkələr qiymətləndirmədə müvafiq olaraq birinci və ikinci yerləri tutublar). Müvafiq olaraq, üçüncü və dördüncü yerləri Moldova və Belarus bölüşürlər. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ən çox islahatlara ehtiyac olan ölkələr isə Ermənistan (60%) və Azərbaycandır (50%).

Transparent

Azərbaycanın dövlət satınalmaları sahəsində köklü islahatlara ehtiyac var

Qiymətləndirmənin Azərbaycanla bağlı nəticələri ürəkaçan deyil. Belə ki, qanunvericiliyin təhlili onu göstərib ki, dövlət satınalmaları sahəsində şəffaflığı təmin etməli zəruri normalar bir çox halda mövcud deyil. Məsələn, qanunvericilik aşağıdakı məlumatların açıqlanmasını tələb etmir:

* Satınalma üzrə illik planlar,

* Tender şərtlərinə edilmiş dəyişikliklər,

* Tenderdə iştirak etmək üçün müraciətlər (ərizələr),

* İddiaçılar tərəfindən təqdim olunmuş tender təklifləri,

* Tender komissiyalarının qərarları,

* Satınalma prosesi ilə bağlı qəbul edilmiş şikayətlər,

* Mübahisələrin həll edilməsi barədə qərarlar.

Şəffaflıq defisiti ümumi nəticəyə mənfi təsir göstərib və bu sahədə mövcud qanunvericilik 100 baldan 9.4 balla qiymətləndirilib (Diaqram 1). Tender prosesi şəffaf həyata keçirilmədiyi üçün bu sahədə yüksək korrupsiya riski mövcuddur. Satınalma prosesinə ictimai nəzarət imkanlarının məhdud olması korrupsiya riskini daha da artırır.

Diaqram 1

Capture

 

 

 

 

 

 

 

 

 

Bundan başqa, korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilikdə mövcud olan bir sıra boşluqlar dövlət satınalmalarının azad rəqabət əsasında həyata keçirilməsinə əngəl törədir. Şirkətlərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar açıq deyil. Vəzifəli şəxslərin maliyyə məlumatlarını açıqlaması barədə tələb qanunvericilikdə tam əks olunmadığı üçün işlək deyil. Nəticədə, tender nəticələri zamanı ortaya çıxa biləcək maraqlar toqquşması hallarını müəyyənləşdirmək çətinləşir.

Satınalma əməliyyatlarının elektron tender vasitəsilə həyata keçirilməməsi satınalma prosesinin səmərəliliyini azaldır və korrupsiya riskləri üçün zəmin yaradır. Mövcud qanunvericilikdə satınalma prosesinin hesabatlılığını və dürüstlüyünü təmin edən normalar da kifayət qədər əks olunmayıb. Tenderlərin keçirilməsi və qaliblərin seçilməsi prosesini tənzimləyən qaydalarda bir sıra boşluqlar var. Qanunvericilikdə vətəndaş cəmiyyəti təşkilatlarına dövlət orqanları və müəssisələri tərəfindən həyata keçirilən satınalmalara ictimai nəzarət imkanı verən tələblər mövcud deyil. Tender nəticələri barədə ictimaiyyətə açıqlanması tələb olunan məlumatların miqyası dardır. Yuxarıda qeyd edildiyi kimi tender sənədləri – tenderdə iştirak etmək üçün müraciət etmiş namizədlərin ərizələri (müraciətləri), tender iştirakçıları tərəfindən təqdim edilən təkliflər, tender komissiyalarının qərarları, satınalma müqavilələri kimi sənədlər ictimaiyyət üçün açıq deyil. Bütün bunlar tender prosesinin hesabatlılığını və dürüstlüyünü risk altında qoyur.

Azərbaycan qanunvericiliyində əsas satınalma metodu olan açıq tenderdən başqa satınalma üsullarından istifadə edilməsini məhdudlaşdıran normalar kifayət qədər konkret deyil. Nəticədə qeyri-rəqabətli tender metodları – qapalı və ya bir mənbədən satınalma metodlarından kütləvi şəkildə istifadə olunur və bu zaman satınalmaların dürüstlüyünü təmin etmək çətinləşir. Hesablama Palatasının rəyi göstərir ki, bir mənbədən satınalma metodundan xüsusən tikinti sahəsində kütləvi qaydada istifadə olunur. Məsələn, 2015-ci ildə 3 milyard manatdan artıq vəsaitin auditi göstərmişdir ki, satınalmaların payında açıq tenderlərin payı 14%, bir mənbədən satınalmanın miqdarı isə 78%-ə qədər olmuşdur. Bu göstəricilər dövlət satınalmaları sahəsində mövcud olan hesabatlılıq mexanizmlərinin və bu prosesə nəzarət imkanlarının qeyri-adekvat olmasına dəlalət edir.

İnstitusional problemlər

Azərbaycan Respublikasının Prezidentinin 15 yanvar 2016-cı il tarixli fərmanı ilə satınalmalar sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib və onun vəzifə və funksiyaları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib. Təəssüf ki, ötən bir ildən artıq müddət ərzində vətəndaş cəmiyyəti təşkilatları və kütləvi informasiya vasitələrinin satınalmalarla bağlı məlumat əldə etmək imkanları da məhdudlaşıb. Dövlət Xidmətinin öz fəaliyyətini daha şəffaf və sözügedən institutlarla səmərəli tərəfdaşlıq şəraitində qurmasına ehtiyac var. Bu sahədə daha konstruktiv siyasət həm satınalmalarla bağlı aparılan tədqiqatların dolğunluğuna imkan verə, həm də dövlət satınalmaları sahəsində problemlərin aradan qaldırılması prosesini sürətləndirə bilər.

Əlavə məlumat

Layihə və aparılmış qiymətləndirmə barədə daha ətraflı məlumatı layihənin rəsmi saytından əldə edə bilərsiniz: https://www.tpp-rating.org/

Azərbaycanla bağlı qiymətləndirmənin rusca və ingiliscə versiyalarını isə bu keçiddən əldə etmək mümkündür:

İngiliscə: https://www.tpp-rating.org/page/eng/country/azerbaijan

Rusca: https://www.tpp-rating.org/public/uploads/Assessments%20RUS/PPL_Assessment_Azerbaijan_RUS.pdf

Related posts: