Azərbaycan Şəffaflıq Platforması təsis edilib

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyi Azərbaycanda fəaliyyət göstərən bir qrup QHT-nin iştirakı ilə “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” Platformasının təsis olunması ilə bağlı məlumatı sizinlə bölüşməkdən məmnunluq duyur. Platforma “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyi və tərəfdaş təşkilatlar tərəfindən icra edilən, Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin maliyyələşdirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində təsis edilir.
Platformanın əsas missiyası korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlərdə, hökumət və vətəndaş cəmiyyəti arasında dialoqu təşviq etmək və eyni zamanda hökumətə tövsiyələr vermək yolu ilə vətəndaş cəmiyyətinin bu prosesdə fəal iştirakını təmin etməkdir. Platforma öz fəaliyyətini platformanın Strategiya sənədi, fəaliyyət planının daxil olmaqla, və fəaliyyət qaydaları və əsasında quracaq.
Platformanın fəaliyyəti zamanı Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və  Açıq-Hökumətin Təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində hökumətin götürdüyü öhdəliklərin icrası ilə bağlı illik monitorinq hesabatların layihələri hazırlanacaqdır. Platforma üzvlərinin monitorinq hesabat layihələrinə verdikləri rəy və təkliflər əsasında yekun hesabatlar Platfromanın adından hökumətə təqdim olunacaqdır.

Platforma üzvlərinin seçimi QHT-lərin imkanlarının öyrənilməsi ilə bağlı 100 QHT arasında aparılmış sorğunun nəticəsində aparılır. Sorğunun nəticələri ilə bağlı mətbuata əlavə məlumat irəlidəki günlərdə veriləcək.
Bu platformaya qoşulan QHT-lər hesab edirlər ki, korrupsiya qanunun aliliyi, insan hüquqları bərabərliyi və sosial ədalətin əsaslarını sarsıdır. Platforma üzvləri korrupsiyaya qarşı mübarizənin uzunmüddətli və çətin proses olduğunu qəbul edərək, qeyd edirlər ki, bu sahədə ciddi uğurlara nail olmağın əsas şərtlərindən biri vətəndaş cəmiyyətinin proseslərə dəstək göstərməsidir. Son illər hökumətin korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı addımların effektiv nəticələr verməsi üçün zəruri şərtlərdən biri də vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin və fəaliyyətlərinin əlaqələndirilməsidir. QHT-lərin fərdi qaydada səyləri, həmin QHT-nin gücündən asılı olmayaraq, istənilən nəticəni əldə etməyə imkan vermədiyindən mübarizənin ayrı-ayrılıqda deyil, birgə fəaliyyət şəklində aparılmasını zəruri edir. Məhz bu məqam korrupsiyaya qarşı mübarizə istiqamətində köklü islahatların aparılması və tədbirlərin görülməsi uğrunda təbliğat işlərini qurmağa imkan verə bilər.
Platformanın fəaliyyəti və görülən işlər barədə mütəmadi olaraq mətbuata məlumat veriləcək və görülən işlər işıqlandırılacaq. Platforma üzvləri, strategiyası, fəaliyyət qaydaları və memarandum sənədilə buradan  tanış ola bilərsiniz.

Related posts: