Beynəlxalq Şəffaflıq” Təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2021-ci il üçün Korrupsiya Qavrama İndeksini (2021 KQİ) təqdim edir.
“Beynəlxalq Şəffaflıq” Təşkilatının (Transparency International) hazırladığı Korrupsiya Qavrama İndeksi (KQİ), dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərin dərəcəsindən asılı olaraq, dövlətlərin sıralamasını müəyyən edir. İndeks hazırlanarkən, bir sıra nüfuzlu beynəlxalq institutların korrupsiya ilə bağlı apardığı sorğulara, qiymətləndirmələrə istinad olunur. KQİ dövlət sektorunda korrupsiyanın qavrayışının qiymətləndirməsidir.
Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir.
2021-ci il üzrə Azərbaycan KQİ-də 30 balla 180 ölkə arasında 128-cı sırada yer alıb. 2020-ci ildə Azərbaycan 30 balla 180 ölkə arasında 129-cu yerdə qərarlaşmışdı. 2021-ci ilin nəticələrinə görə Azərbaycan 1 pillə irəlləyib.
Son 5 ildə Azərbaycanın göstəriciləri aşağıdakı kimi olmuşdur:
İllər | KQİ balı | Qlobal sıralamada yeri | KQİ-də ölkələrin sayı |
2021 | 30 | 128 | 180 |
2020 | 30 | 129 | 180 |
2019 | 30 | 126 | 180 |
2018 | 25 | 152 | 180 |
Bu 2021-ci ilin indeksində 2020-ci ilin indeksi ilə müqayisədə baxsaq
- Belarusiya 19 pillə geriləyərək 41 bal ilə 82-cü pillədə yer alıb,
- Qazaxıstan 8 pillə geriləyərək 37 bal ilə 102-ci pillədə yer alıb,
- Qırğızıstan 20 pillə geriləyərək 27 bal ilə 144-ci pillədə yer alıb
- Moldova — 10 pillə irəliləyərək 36 bal ilə 105-ci pillədə yer alıb
- Özbəkistan 6 pillə irəliləyərək 28 bal ilə 140-cı pillədə yer alıb
- Rusiya 7 pillə geriləyərək 29 bal ilə 136-cı pillədə yer alıb
- Tacikistan 1 pillə geriləyərək 25 bal ilə 150-ci pillədə yer alıb
- Gürcüstan bir bal geriləyərək 55 bal ilə 45-ci pillədə yer alıb,
- Türkəmənistan 4 pillə geriləyərək 19 bal ilə 169-cu pillədə yer alıb
KQİ-nin hazırlanmasında ümumilikdə, 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar antikorrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb. 7 mənbədən 5-nin dəyəri dəyişməz qalib. Bir mənbə “Demokratik Layihələrin Müxtəlifliyi” üzrə Azərbaycana 2020-ci ildə verilən 12 bal 2021-ci ildə azaldılaraq 11 bal təşkil edib. Dünya İqtisadi Forumu isə 2020-ci ildə verdiyi 69 balı artıraraq 74 bal təşkil edib. Mənbələrin tam siyahısı ilə «Suallar və Cavablar» sənədində tanış ola bilərsiniz.
“Şəffaflıq Azərbaycan” təşkilatı hökuməti demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə, dərinləşdirilməsinə, korrupsiya riski yüksək olan sahələrdə daha təsirli antikorrupsiya tədbirlərini həyata keçirilməsi, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılması, şəffaflıq və hesabatlıl məsələlərində dövlət orqanlarını və dövlət şirkətlərini, ictimai xidmətləri yerinə yetirən şirkətlərin cavabdeh saxlanılması istiqamətində məsuliyyəti gücləndirəcək addımlar atmağa çağırır.