«Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmaslar minimuma endirilir» — Fuad Ələsgərov

İnstitusional islahatlar çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır. Bu qurumların fəaliyyəti nəticəsində korrupsiya ilə mübarizənin səmərəliliyi kifayət qədər artmışdır.

Hazırda ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində olan bütün beynəlxalq təşəbbüslərin aktiv iştirakçısıdır, bu sahədə olan beynəlxalq konvensiyaları ratifikasiya və icrasını uğurla təmin etmişdir. Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (QREKO) ölkəmiz tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir.

Azərbaycan 2011-ci ildə beynəlxalq səviyyədə başlanan Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri idi.

Son 15 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində 5 dövlət proqramı qəbul olunmuş, icrası uğurla təmin edilmişdir.

2007-ci il Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya hazırlanmışdır. Strategiyada bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumların, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və maarifləndirmə, sosial-iqtisadi xarakterli islahatların aparılması kimi tədbirlər nəzərdə tutulmuşdur.

Azərbaycanda artıq dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlər tamamilə yeni müstəvidə həyata keçirilir. Dövlət qulluqçuları ilə vətəndaşlar arasında birbaşa təmaslar minimuma endirilir, nağdsız ödənişlərin həcmi artırılır, əhaliyə göstərilən elektron xidmətlərin dairəsi və dövlət idarəçiliyində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilir. Bu tədbirlər dövlət orqanlarının işində şəffaflığın təmin edilməsi və dövlət orqanlarında korrupsiyanın qarşısının alınması sahəsində müsbət mənada çox böyük dəyişikliklərə səbəb olmuşdur. Lakin Azərbaycan Respublikasının Prezidenti görülmüş bu tədbirlərlə heç də kifayətlənmir və dövlət orqanları qarşısında bu istiqamətdə yeni tələblər qoyur.

Dövlət orqanları ilə vətəndaşlar arasında münasibətin yeni formatından, dövlət orqanlarında şəffaflıqdan danışdıqda ilk yada düşən, əlbəttə ki, «ASAN xidmət” mərkəzləri olur. Əminliklə demək olar ki, Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 13 iyul tarixli fərmanı ilə yaradılmış «ASAN xidmət” mərkəzləri dövlət orqanları-vətəndaş münasibətlərində inqilabi dəyişikliyə nail oldu.

Möhtərəm Prezident İlham Əliyevin ideya müəllifi olduğu «ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd dövlət orqanlarının xidmətlərinin göstərilməsində vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması olmuşdur.

Hazırda ölkə üzrə 15 «ASAN xidmət” və 2 «ASAN Kommunal” mərkəzi fəaliyyət göstərir. Ölkə Prezidentinin tapşırığına əsasən yaxın zamanlarda Bakı şəhərində daha 2 «ASAN xidmət” və 1 «ASAN Kommunal” mərkəzinin, həmçinin rayonlarda 5 «ASAN xidmət” mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Eyni zamanda, «ASAN xidmət” mərkəzlərinin olmadığı şəhər və rayonlarda 10 səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmət göstərilir.

«ASAN xidmət” mərkəzlərində dövlət orqanları, özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmət göstərilir. Əhaliyə mərkəzin fəaliyyəti barədə mütəmadi məlumat vermək, təklif və şikayətləri dinləmək üçün «ASAN radio” və 108 «Çağrı” mərkəzi fəaliyyət göstərir.

Bu günə kimi «ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 28 milyondan çoxdur. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,6 faiz təşkil edir.

Dövlət qulluğu sisteminə gətirilmiş başqa bir yenilik dövlət orqanlarının fəaliyyətinə gənc könüllülərin cəlb edilməsidir. Gənclərə xüsusi diqqət, dövlət idarəçiliyində onların potensialından geniş istifadə olunması Heydər Əliyev siyasətinin mühüm tərkib hissəsi idi. Azərbaycanda Gənclər Gününün təsis edilməsi də məhz ümummilli liderin adı ilə bağlıdır. Bu gün qürur hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin gənclər siyasəti dövlət idarəçiliyində uğurla həyata keçirilir.

Mənbə: Azərbaycan qəzeti. «Hüquqi, demokratik dövlət quruculuğunun müəllifi». Fuad Ələsgərov. Azərbaycan Respublikasının Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri.

http://www.azerbaijan-news.az/view-167203/H%C3%BCquqi-demokratik-d%C3%B6vl%C9%99t-quruculu%C4%9Funun-m%C3%BC%C9%99llifi

Related posts: