DÖVLƏT QURUMLARINA TƏQDİM EDİLMİŞ TÖVSİYƏLƏRİN İCRA VƏZİYYƏTİNİN MONİTORİNQİNİN NƏTİCƏLƏRİ AÇIQLANIB

13474974_1150816598272514_3810113361599482279_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə dövlət qurumlarına təqdim edilən tövsiyələrin icra vəziyyətinin monitorinqinin nəticələri ilə bağlı hesabatı ictimaiyyətə təqdim edib. Hesabat 2015-ci ilin may ayından 2016-cı ilin may ayına qədər olan dövrü əhatə edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, “Azəriqaz” IB, Azərişıq ASC (BakıElektrikŞəbəkə), Azərsu ASC ilə keçirilən dəyirmi masalarda, eləcə də digər vasitələrlə hər birinə ayrı-ayrılıqda təqdim olunmuş tövsiyələrin icra vəziyyətinin monitorinqindən ibarətdir.

Monitorinqin yekunları ilə bağlı keçirilən tədbirin açılışını edən “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirdi ki, ötən il ərzində institusional və elektron xidmətlər sahəsində mühüm islahatlar aparılıb. Lakin şəffaflığın və hesabatlılığın təmin olunması ilə bağlı bir sıra çatışmazlıqlar qalmaqdadır.

ŞA tərəfindən təqdim olunan hesabat – əmək və əhalinin sosial müdafiəsi, notarial xidmətlər, kommunal xidmətlər, daşınmaz əmlakın qeydiyyatı və satışından vergi tutulması və digər sahələrdə ünvanlanmış tövsiyələrin həyata keçirilməsini təhlil edir və verilmiş tövsiyələr bir neçə ümumi istiqamətə bölünür:

  • Qanunvericiliyin təkmilləşdirilməsi;
  • İnstitusional çatışmamazlıqlara diqqətin artırılması;
  • Elektron xidmətlərin göstərilməsi;
  • Dövlət qurumlarının şəffaflığının və hesabatlılığının təmin olunması.

Monitorinqin yekununu təqdim edən “Şəffaflıq Azərbaycan” təşkilatının qrant meneceri Zümrüd İsmayılova bildirdi ki, Azərbaycan manatının dəyərdən düşməsi və qiymətlərin artması ilə əlaqədar olaraq əhalinin sosial müdafiəsi sahəsində mövcud problemlər dərinləşmişdir. O əlavə etdi ki, tövsiyələr kommunal xidmətlər sahəsində zəif icra olunur və problemlər əsasən müştəri-təchizatçı münasibətlərində özünü göstərir. Bu xidmətlərin inkişafı üçün Azəriqaz IB, Azərsu ASC və Azərişıq ASC şirkətlərinin özəlləşdirilməsini və hər sektorda rəqabət yaratmaq üçün fərqli şirkətlərin qurulmasını tövsiyə etdi.

“Şəffaflıq Azərbaycan” təşkilatının hüquqşünası Aytən Əlizamanlı isə çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin qeydiyyatı sahəsindəki problemlərə toxunaraq ŞA-nın tövsiyələrinə uyğun görülmüş işlər barədə məlumat verdi. O vurğuladı ki, Komitə tərəfindən sənədsiz evlərə çıxarışların verilməsi prosesi nisbətən sürətlənsə də, məsələ ilə bağlı strateji yanaşmanın olmaması nəticəsində hələ də yüz minlərlə yaşayış sahəsi qeydiyyatsız olaraq qalır.

Daha sonra “Şəffaflıq Azərbaycan” təşkilatının layihə koordinatoru Məhəmməd Muradov notariat kontorlarında aparılmış müşahidənin nəticəsinə əsasən ən səmərəli fəaliyyət göstərən notariat kontorlarını qeyd etdi və özəl notariusların dövlət notariuslarına nisbətən daha yaxşı xidmət göstərdiyini vurğuladı.

Tədbir, hesabatda adı keçən dövlət qurumu nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələrlə davam etdi.

Related posts: