Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhəri Sabunçu Məhkəmə Kompleksində vətəndaş cəmiyyəti üçün “Azərbaycanda elektron məhkəmənin tətbiqi və inkişafı perspektivləri” mövzusunda ictimai təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə nazirliyin rəhbərliyi, Prezident Administrasiyasının məsul nümayəndələri Milli Məclisin deputatları, hakimlər, dövlət ittihamçıları və vəkillər, ictimai xadimlər, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyətinin digər təmsilçiləri, çoxsaylı KİV rəhbərləri, blogerlər, alimlər və tələbələr iştirak ediblər.
Ədliyyə nazirinin müavini Azər Cəfərov tədbirdə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlardan, o cümlədən vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məqsədilə «Elektron məhkəmə» informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, bu sahədə beynəlxalq təcrübədən danışıb. Bildirib ki, «Elektron məhkəmə» sistemi əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir və çoxsaylı komponentlərdən ibarətdir. Onun fəaliyyətinin təmin edilməsi üçün ciddi hazırlıq işlərinin aparılması, elmi tutumu olan texnikanın mövcudluğu tələb olunur. Bu, eyni zamanda, uzun sürən prosesdir. Digər ölkələrin, xüsusilə ədalət mühakiməsinin rəqəmsallaşması sahəsində nailiyyətləri olan dövlətlərin təcrübəsi göstərir ki, bu sistemin tam tətbiqinə 25-30 il vaxt sərf olunur.
«Elektron məhkəmə» informasiya sisteminin ayrı-ayrı komponentləri barədə məlumat verən nazir müavini daim ictimailəşməkdə olan bu sistemə edilən müraciətlərin sayının bir milyon yarıma yaxınlaşdığını, ona, həmçinin Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Braziliya, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İndoneziya, Hindistan kimi və s. çoxsaylı ölkələrdən də müraciətlər olunduğunu diqqətə çatdırıb.
Həmçinin qeyd olunub ki, «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib.
Nazir müavini tədbirin onun innovativ imkanları və inkişaf perspektivləri barədə ictimaiyyətin daha dolğun məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.
Sonra «Elektron məhkəmə» informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov sistemin innovativ imkanları, nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə ədliyyə sahəsində tətbiq olunan yeniliklər, İcra baş idarəsinin elektron informasiya üzrə qrup rəhbəri Tural Məmmədov məhkəmə qərarlarının icrası işinin elektronlaşdırılması, İnformasiya texnologiyaları üzrə baş məsləhətçi, beynəlxalq ekspert Goran Edström elektron ədliyyə infrastrukturunda məlumat təhlükəsizliyi barədə əyani təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, dövlətimizin başçısının 2014-cü il 13 fevral tarixli Sərəncamı «Elektron məhkəmə» informasiya sisteminin tətbiqinə geniş yol açıb. Ötən dövrdə bu istiqamətdə xarici mütəxəssislərin iştirakı ilə xeyli iş görülüb. Hazırda sistem Naxçıvan Muxtar Respublikasını da əhatə etməklə ölkə məhkəmələrinin və icra qurumlarının əksəriyyətində tətbiq olunur. Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən elektron məhkəmənin tətbiqi ədalət mühakiməsinə ictimai etimadı artırır, vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin məhkəmələrə elektron qaydada onlayn rejimdə daha asan və rahat müraciət etməyə imkan verir, məhkəmə baxışını tezləşdirir, süründürməçilik hallarının qarşısını alır. Dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və «Məhkəmələr və hakimlər haqqında» Qanununda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilib, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin olunub. Elektron məhkəmənin komponentlərindən olan «elektron şəxsi kabinet» vasitəsilə, həmçinin məhkəmələrə elektron qaydada iddia verilməsi, məhkəmə proseslərinin izlənilməsi, sənədlərin elektron mübadiləsi, məhkəmə qərarlarının elektron dərci, işlərin hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi mümkündür.
Diqqətə çatdırılıb ki, icra orqanlarının fəaliyyətinin effektivliyinin artırılması, bu fəaliyyətdə operativliyin və şəffaflığın təmin olunması məqsədilə «Elektron icra» sistemi yaradılaraq tətbiq edilir. Sistem icra sənədlərinin elektron qeydiyyatını aparır, icra qurumları ilə məhkəmələr arasında kağızsız əlaqələrin qurulmasına, icra işinə elektron nəzarətin həyata keçirilməsinə, müxtəlif dövlət qurumlarının informasiya sistemləri ilə qarşılıqlı məlumat mübadiləsinin aparılmasına imkan verir.
Həmçinin mütərəqqi beynəlxalq standartlar nəzərə alınaraq müasir məhkəmə və ədliyyə elektron infrastrukturunun qurulması, əsas və ehtiyat məlumat mərkəzlərinin yaradılması və məlumat təhlükəsizliyinin təmin olunması istiqamətində Dünya Bankı ilə birgə görülən işlərdən danışılıb. Bildirilib ki, dünyada hələ ki, yalnız «Airbus» şirkətinin tətbiq etdiyi daşınar konteyner tipli məlumat mərkəzi Azərbaycanda elektron məhkəmə sistemi üçün yaradılıb ki, bu da elmin ən son yeniliklərinə əsaslanaraq, həm də fövqəladə hallara qarşı davamlı olmaqla məlumatların təhlükəsizliyinin və etibarlı qorunub saxlanılmasına imkan verir.
Tədbir iştirakçılarına ədliyyə sahəsində tətbiq olunan innovasiyalar, o cümlədən notariat hərəkətlərinin rəsmiləşdirilməsini asanlaşdıran «Elektron notariat» informasiya sistemi, məsafədən notariat xidmətlərinin göstərilməsinə imkan verən elektron ədliyyə köşkü, notariusların xüsusi səyyar çantası, mobil notariat proqram təminatı və digər yeniliklər barədə məlumat verilib.
Sonra sual-cavab sessiyası keçirilərək, iştirakçılar arasında fikir mübadiləsi aparılıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov, millət vəkili Fazil Mustafa, «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, vətəndaş cəmiyyətinin təmsilçiləri Rauf Zeyni, Mirvari Qəhrəmanlı, Novella Cəfəroğlu, Əliməmməd Nuriyev və digərləri çıxış edərək Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirləri təqdir edib, bu sahədə yeniliklərin geniş ictimaiyyətə təqdim olunmasının əhəmiyyətini vurğulayıb, bu işdə kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin dəstək göstərmələrini qeyd ediblər.
Çıxış edənlər, həmçinin hakimlərin və vəkillərin müstəqilliyinin möhkəmləndirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi, məhkəmələrə ictimai inamın artırılması, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması, tətbiq olunan elektron sistemlərdən vətəndaşların daha geniş bəhrələnməsi, digər dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyasının genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb, elektron məhkəmə sisteminin inkişaf perspektivlərinə dair təkliflər səsləndiriblər.
İctimai təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb, qaldırılan suallar ətraflı cavablandırılıb.