“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlərin və dövlət qurumları arasında elektron məlumat mübadiləsinin səviyyəsi ilə bağlı hesabatı 9 sentyabr 2016-cı il tarixində Avropa Otelinin Kura zalında ictimaiyyətə təqdim etdi. Hesabatda «Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları»nın və «Elektron xidmət növlərinin Siyahısı»nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarın icra səviyyəsi, eləcə də dövlət qurumlarının Elektron İnkişaf indeksi açıqlanmışdır.
Tədbiri giriş sözü ilə açan, Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirdi ki, ötən 5 ildə Azərbaycanda elektron xidmətlər kəmiyyətcə artmış, keyfiyyətcə inkişaf etmişdir. Belə ki, “Şəffaflıq Azərbaycan” təşkilatının 2011-ci ildə hazırladığı hesabatın nəticələrinə görə Nazirlər Kabinetinin 191 nömrəli qərarında göstərilmiş elektron xidmətlərdən 64%-i icra olunmamışdısa, son hesabata əsasən bu rəqəm 25%-ə enmişdir. Ötən 5 ildə tam icra olunmuş elektron xidmətlərin sayı 18%-dən 35%-ə, elektron müraciət mərhələsində olan xidmətlərin sayı isə 17 %-dən 35 %-ə qalxmışdır. Məlumat üçün bildirmək istərdik ki, elektron xidmətlərin inkişafı 3 səviyyədən – məlumatlandırma, elektron müraciət və tam elektron qaydada göstərilən xidmət səviyyələrindən ibarətdir.
Daha sonra, söz alan “Şəffaflıq Azərbaycan” Təşkilatının layihə kordinatoru Məhəmməd Muradov “Şəffaflıq Azərbaycan” Təşkilatı tərəfindən yeni metodologiya əsasında hazırlanmış dövlət qurumlarının Elektron İnkişaf İndeksini açıqladı. Elektron İnkişaf İndeksinə görə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Gömrük Komitəsi ön sıralarda yer alıblar. Təsadüfi deyil ki, ilk 5 yerdə olan qurum elektron məlumat mübadiləsi meyarına görə ilk 6-lıqda yer alan qurumlardır. Bu mənada, hökumət dövlət qurumlarını fəal şəkildə elektron məlumat mübadiləsinə təşviq etməlidir. Hal-hazırda, bir sıra dövlət qurumları arasında elektron məlumat mübadiləsinin məhdud şəkildə təşkil edilməsi elektron xidmətlərin inkişafı üçün əsas maneə olaraq qalmaqdadır. “Şəffaflıq Azərbaycan” Təşkilatı tövsiyə edir ki, elektron xidmətlər çərçivəsində vətəndaş vəziyyəti aktları, tibbi arayışlar, təhsil haqqında sənədlər, daşınmaz əmlak, ünvan, hərbi qeydiyyat və uçot barədə arayışlar elektron şəkildə mübadilə edilsin. Bu fiziki və hüquqi şəxslərin elektron xidmətlərə müraciəti prosesini asanlaşdıracaq.
Məlumat üçün bildirək ki, Elektron İnkişaf İndeksi elektron xidmətlər, elektron məlumat mübadiləsi, elektron infrastrukturdan istifadə, elektron iştirakçılıq meyarları əsasında hazırlanmışdır.
Tədbir, hesabatda adı keçən dövlət qurumlarının nümayəndələri və eyni zamanda vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə müzakirələrlə davam etdi.
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Dəyirmi masa ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsinin İctimai Müzakirələr komponenti çərçivəsində keçirilir.