Gənclər və universitet tələbələri ilə «ASAN ictimai xidmətlərin təqdimatı və gənclər üçün könüllülük imkanları» mövzusunda seminar keçirilib

11406861_306997962758006_5062249596920346857_n

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə Bərdə şəhərində «ASAN ictimai xidmətlərin təqdimatı vənclər üçün könüllülük imkanları» mövzusunda seminar keçirib. Seminar Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində gənclər arasında idarəçilikdə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən  silsilə tədbirlərin davamıdır. Seminar 17 İyun 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında Bərdə “ASAN” xidmət mərkəzində saat 10.00-dan 13.00-da keçirilib.

Seminarın məqsədi Bərdə və ətraf regionlarda yaşayan gəncləri və həssas sosial qruplardan olan vətəndaşları ASAN xidmət mərkəzlərində göstərilən dövlət xidmətləri ilə tanış etmək və onlara bu mərkəzlərdə gənclər üçün mövcud olan könüllülük imkanları haqqında məlumat verməkdir. Seminarda ekspert olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yanında Bərdə “ASAN” xidmət mərkəzinin direktor müavini Turqut Mustafazadə və könüllülərlə iş üzrə məsul şəxsi Saray Mailzadə çıxış etmişlər.

AŞT layihə koordinatoru Bəxtiyar Aslanov tədbiri açaraq seminara ev sahibliyi edən Bərdə ASAN xidmət mərkəzinə və iştirakçılara təşəkkür etmiş və onlara AŞT layihəsi haqqında qısa məlumat vermişdir. Şəffaflıq Azərbaycan təşkilatının layihə koordinatoru Məhəmməd Muradov ASAN xidmət mərkəzlərinin müxtəlif dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsiri haqqında danışmışdır. Gənclərin və müxtəlif universitetlərin tələbələrinin iştirakı ilə keçirilən seminarda cənab Turqut Mustafazadə iştirakçıları Asan xidmət mərkəzləri tərəfindən əhaliyə təqdim edilən xidmətlərin şəffaf və operativ iş mühitində icra mexanizmləri və bu mərkəzlərdə xidmətlərin keyfiyyətini təmin edən meyarlar və standartlar barəsində məlumatlandırılmışdır. Xanım Saray Mailzadə isə “ASAN” xidmət mərkəzlərində yaradılan könüllülük imkanlarının gənclərin gələcək karyeraları üçün tələb olunan iş təcrübəsi və çoxşaxəli praktik vərdişlərinin formalaşdırılmasına mümkün töhfələrini sadalanmışdır.

Seminarın növbəti hissəsi isə daha çox interaktiv şəkildə keçmiş və cənab Turqut Mustafazadə “ASAN” xidmət mərkəzlərində şəffaflığın artırılması üçün görüləcək işlərlə bağlı gəncləri maraqlandıran suallara cavab vermişdir. İştirakçılar bu sahədə şəffaflığın artırılması və “ASAN” xidmət mərkəzlərində göstərilən dövlət xidmətlərinin təkmilləşdirilməsi üçün innovativ addımların atılmasının əhəmiyyətini vurğulamışlar.

Seminarın sonunda seminar iştirakçıları cənab Turqut Mustafazadə və digər əməkdaşların müşayiəti ilə Bərdə “ASAN” xidmət mərkəzini gəzərək orda göstərilən xidmətlərlə birbaşa tanış olmuşlar.

Daha ətraflı məlumat üçün bakhtiyar@transparency.az ünvanına yazmaqla yaxud  596 20  38 / 497 68 15 nömrələrinə zəng etməklə layihə koordinatoru Bəxtiyar Aslanov ilə əlaqə saxlaya bilərsiniz.

Seminar ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (APT) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində keçirilir.  

Related posts: