Gəncə və ətraf rayonlarda hüquqi maarifləndirmə tədbirləri keçirildi

13987826_1635177876772688_1059644012_o “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində 2016-cı ilin avqust ayı boyunca Gəncə və ətraf rayonlarda 12 hüquqi yardım və hüquqi maarifləndirmə tədbirləri həyata keçirmişdir. Tədbirləri keçirməkdə məqsəd, hüquqi maarifləndirmə, ictimai məlumatlılıq, hüquqi proseslərdə vətəndaşların cəlb edilməsi və fəallığın artırılması yolu ilə qanuna bağlılıq mədəniyyətini təbliğ etməkdir.

ŞA Gəncə ofisinin baş hüquqşünası Sevinc Süleymanlının Göygöl rayonu, Göygölün Aşıqlı, Xəqani, Balçılı kəndlərində, Şəmkir rayonu Kür qəsəbəsində, həmçinin Mahmudlu, Təzəkənd, Sərkar, Hacıalılı kəndlərində, Samux rayonu Lək kəndində mühazirə dediyi tədbirlərdən ümumilikdə 281 nəfər bəhrələnmişdir.

Tədbirlərdə iştirakçılara AŞT layihəsi və təşkilatın ölkə boyunca göstərdiyi pulsuz hüquqi yardım haqqında ətraflı məlumat verilmişdir. Daha sonra təlim iştirakçılarına korrupsiya, onun formaları və səbəbləri, ictimai xidmətlərdən istifadə zamanı korrupsiya ilə mübarizə vasitələri  haqqında geniş izahat verilmişdir.

Tədbirlərdə iştirakçıların bir qismi əlilliyin müəyyən olunması, pensiyaların təyini, ünvanlı sosial yardım, əmək hüquqları, bank məsələləri, pulsuz tibbi yardım, alimentin tutulması məsələləri, uşağın ölkə hüdudlarından kənara çıxarılması zamanı yaranan problemlər, vərəsəlik hüquqları, təhsil hüququ, sosial sığorta, qaz sayğaclarının quraşdırılması zamanı yaranan problemlər və s. ilə bağlı hüquqi suallarla hüquqşünasa müraciət etmişlər.

İştirakçıların üzləşdikləri hüquq pozuntuları, onları maraqlandıran suallar mərkəzin hüquqşünası tərəfindən cavablandırılmışdır. Tədbirin sonunda iştirakçılara AR-ın Cinayət Məcəlləsindən çıxarış, AR Vətəndaşlarının müraciətlərinə baxılması haqqında qanun, AR Korrupsiyaya Qarşı Mübarizə haqqında qanun və mərkəzin flayerləri paylanılmışdır.

Daha ətraflı məlumat üçün zumrud@transparency.az ünvanına yazmaqla, həmçinin 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng etməklə İctimaiyyətlə Əlaqələr və Media üzrə Mütəxəssis Zümrüd Ismayılova ilə əlaqə saxlaya bilərsiniz.


Tədbirlər ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.

Related posts: