“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə əmək münasibətləri çərçivəsində yaranan problemlər və onların həlli yolları ilə bağlı dəyirmi masa keçirib. Tədbirhökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi təşkil olunur. Dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi, Ədliyyə Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası, Sahibkarlar Milli Təşkilatları Konfederasiyası, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd əmək münasibətləri zamanı yaranan korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdır. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin Icraçı Direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin baş məsləhətçisi Bəxtiyar Məmmədov işçilərin əmək hüquqlarının qorunması sahəsində görülmüş işlər mövzusunda çıxış edib. “Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Aytən Əlizamanlı “Əmək münasibətləri zamanı qarşıya çıxan hüquq pozmalarının qarşısının alınması” ilə bağlı tövsiyələri təqdim edib. Tədbirin davamında Şəffaflıq Azərbaycan” təşkilatının nümayəndəsi Məhəmməd Muradov əmək münasibətlərini əhatə edən elektron xidmətlərin inkişafı istiqamətində öz tövsiyələrini bildirib.
İştirakçılar belə bir qənaətə gəliblər ki, son illərdə müvafiq dövlət qurumları tərəfindən əmək təhlükəsizliyinin təşkili, işəgötürənlərlə işçilər arasında qarşılıqlı münasibətlərin, eyni zamanda hüquq və vəzifələrin müəyyənləşdirilməsi, hüquq pozuntularına yol verən şəxslərin cəzalandırılması və qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra mühüm addımlar atılsa da, bu istiqamətdə bir sıra narahatedici məqamlar qalmaqdadır. Bu istiqamətdə hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, əmək münasibətləri sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.
Tədbirdən müzakirə olunmuş hesabat və tövsiyələr paketi tezliklə bura əlavə olunacaq.
HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ Əmək münasibətləri ilə bağlı müzakirə aparıblar
Büdcə şəffaflığının olmaması Azərbaycanın müdafiə sahəsində hesabatlılığına...
Azərbaycan Şəffaflıq Platforması təsis edilib
“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət...
Şəffaflıq Azərbaycan Təşkilatı korrupsiya hallarını ifşa edən şəxslərin qor...
GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ İLƏ “GÜNƏŞ IŞIĞI QANUNLARI” HAQQINDA DƏY...
GƏNCLƏR VƏ UNİVERSİTET TƏLƏBƏLƏRİ ÜÇÜN “DÖVLƏT ORQANLARI İLƏ ÜNSİYYƏTİ NEC...
Vergi Məcəlləsinə dəyişikliklər: torpaq vergisi və torpağın satışına vergi
“Elektron məhkəmə” informasiya sistemi ictimaiyyətə təqdim olunub