Hökumət və Vətəndaş Cəmiyyəti Üzvləri Azərbaycanda dövlət satınalmalarında şəffaflığın artırılması yollarını müzakirə ediblər

tiNiderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən icra olunan “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramının komponentlərindən biri olan “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsi çərçivəsində Azərbaycanda dövlət satınalmalarında şəffaflığın artırılması mövzusunda dəyirmi masa keçirilmişdir.

Auditorlar Palatası, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları əməkdaşlarının, həmçinin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirin açılışını “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsinin koordinatoru Elvin Müzəffərli etmişdir.

Şəffaflıq Azərbaycan təşkilatının nümayəndələrinin tədqiqata cəlb olunduğu layihə çərçivəsində dövlət satınalmalarının fərqli istiqamətləri – qanunvericilik, elektron tender və şəffaflıq üzrə hazırlanmış monitorinq hesabatının nəticələri təqdim olunaraq müzakirə olunmuşdur.

Dövlət satınalmaları üzrə ekspert Vüqar Hüseynov Azərbaycan Respublikasında dövlət satınalma qanunvericiliyinin əsas təkmilləşdirmə sahələri barədə məlumat vermişdir. Dövlət satınalmaları qanunvericiliyinin satınalmalar prosesinin həyata keçirilməsini kifayət qədər əhatə etmədiyi, satınalma prosesinin bəzi mərhələləri üzrə normativ tənzimləyici bazanın məhdud olduğunu bildirmişdir. Həmçinin, qanunvericilikdəki bir sıra çatışmazlıqların qanunvericiliyin yaratdığı şəffaflıq imkanlarını məhdudlaşdırdığını qeyd etmişdir. Satınalan təşkilatların hesabatlılığının artırılması, təchizatçılar bazasının yaradılması, şikayət mexanizmlərinin təkmilləşdirilməsi, dövlət satınalmaları sahəsində maraqlar ziddiyyətinin qarşısının alınması üçün “Dövlət satınalmaları haqqında” Qanunun müvafiq maddələrinin tənzimləmə predmetinin genişləndirilməsi, satınalma prosedurları çərçivəsində görülən tədbirlərın icrası ilə bağlı vaxt məhdudiyyətlərinin normativ tənzimlənməsi çıxışın əsas mövzularını təşkil etmişdir.

Bununla yanaşı, tədbirdə “Dövlət satınalmalarının şəffaflığının artırılması” layihəsinin “Elektron Tender konsepsiyası” üzrə eksperti Məhəmməd Muradov çıxış edərək Azərbaycanda elektron satınalmalar portalının yaradılmasının vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, elektron satınalma portalının yaradılması kiçik və orta sahibkarlığın inkişafına, habelə dövlət büdcəsinə təxminən 20%-ə qədər qənaət edilməsinə gətirib çıxara bilər. Daha sonra natiq, elektron satınalma konsepsiyasının əsas komponentlərini sadalamış və beynəlxalq təcrübə əsasında Azərbaycan üçün elektron satınalma sisteminin modelini təklif etmişdir.

Tədbirin davamında çıxış edən layihə eksperti Elvin Yusifli isə dövlət satınalmaları sferasında şəffaflıq probleminə toxunmuşdur. Ekspert qeyd etmişdir ki, dövlət təşkilatları və müəssisələri tərəfindən aparılmış satınalma əməliyyatları və prosedurları barədə məlumat ictimaiyyət üçün açıq deyil. Məsələn, tender sənədləri, iddiaçılar tərəfindən təqdim olunmuş tender təklifləri, tender komissiyalarının qərarları, satınalma prosesi ilə bağlı qəbul edilmiş şikayətlər və mübahisələrin həll edilməsi barədə qərarları əldə etmək mümkün deyil. Satınalmaların rəqabətliliyini şübhə altına qoyan amillərdən biri kimi – bir mənbədən satınalma metodundan geniş istifadə edilməsi praktikasını göstərən ekspert bildirib ki, ötən 2 ildə malların, xidmətlərin və işlərin satın alınması üçün xərclənmiş vəsaitlərin 77%-i bir mənbədən satınalma proseduru

tətbiq edilərək istifadə edilib. Bir neçə ay yaranmasına baxmayaraq çoxmilyonluq müsabiqələrin qalibi seçilən şirkətlərin mövcudluğuna toxunan Elvin Yusifli tender komissiyalarının fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasının zəruri olduğunu vurğulamışdır. Dövlət satınalmaları sahəsində dövlət siyasətini icra edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin vətəndaş cəmiyyəti ilə əməkdaşlığa açıq olmasının zəruriliyi qeyd olunmuşdur.

Dövlət satınalmalarının şəffaflığı ilə bağlı keçirilmiş tədqiqatın nəticələri və tövsiyələrdən ibarət sənəd müvafiq dövlət qurumuna, o cümlədən tədbir iştirakçılarına təqdim edilmişdir.

Tədbirni materialları:

Tövsiyələr

Elektron Tender Konsepsiyası barəsində Xülasə

Şəffaf Dövlət Satınalmaları Reytinqi 

Related posts: