HÖKUMƏTLƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ Fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər və onların həlli yollarını müzakirə ediblər

11822934_966972593323583_3865572969897501363_o“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə “Fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində mövcud problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa keçirib. Tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə tədbirlərin davamıdır.
Əmlak Məsələləri Dövlət Komitəsi, AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər icra hakimiyyəti və digər dövlət orqanları əməkdaşlarının, həmçinin müxtəlif kommunal sahə ilə əlaqədar qurumların və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi dəyirmi masanın açılışını Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva edib. O, fərdi yaşayış evlərinin qeydiyyatı sahəsində şəffaflığın və hesabatlılığın artırılması üçün hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildirib.
Tədbirdə danışan müstəqil ekspert Hafiz Həsənov bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra fərdi yaşayış evlərinin tikintisi və istismarı sahəsində vəziyyət müsbətə doğru dəyişib. Eyni zamanda fərdi yaşayış evlərinin tikintisinə nəzarət də sadələşdirilib. Lakin, Həsənovun sözlərinə görə, bunlarla yanaşı barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinin tikintisi, istismarı və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı sahəsində müəyyən çətinliklər də mövcuddur. Ona görə də hazırkı sənəddə mövcud vəziyyətin təhlili ilə yanaşı, həm də fərdi yaşayış evlərinin tikintisi, istismarı və qeydiyyatı sahəsində qaydaların daha da təkmilləşdirilməsi üçün tövsiyələr irəli sürülüb.
Daha sonra Şəffaflıq Azərbaycan təşkilatının Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsinin koordinatoru Məhəmməd Muradov fərdi evlərin qeydiyyatında şəffaflığın təminatı və əhaliyə göstərilən elektron xidmət səviyyəsinin artırılması ilə bağlı təklifləri iştirakçılara çatdırıb.
Qeyd edilənlərlə əlaqədar olaraq ŞA tərəfindən hazırlanmış olan tövsiyələr paketi vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən təkliflərlə birgə müvafiq dövlət qurumuna təqdim edilib.

Related posts: