Korrupsiya Qavrama İndeksi 2015

LAUNCH_DAY_CPI_2015_Heat_Map_ENTransparency International təşkilatının Azərbaycan milli bölməsi 2015-ci il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edir. Bu il indeksdə Azərbaycan 29  balla  168 ölkə arasında 119-cu sırada yer almışdır. Indeks 100 bal (çox yaxşı) — 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 29 balla, 175 ölkə arasında 126-cı sırada göstərilmişdir. 2015-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 12 fərqli hesabatın göstəriciləri nəzərə alınmışdır. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunmuşdur.

Azərbaycanın göstəricisi bu il KQİ-dəki balından da göründüyü kimi keçən ilki nəticəsi ilə eynidir. Ümumilikdə, son illərdə ölkənin reytinqindəki cüzi irəliləyiş bir pəncərə sistemi əsasında səmərəli dövlət xidmətləri göstərən ASAN Xidmət mərkəzlərinin uğurlu idarəçiliyi və məmur-vətəndaş arasında birbaşa ünsiyyəti azaldan elektron hökumətin təkmilləşdirilməsi nəticəsində əldə edilmişdir. Bütün bu dəyişikliklər dolayısı ilə ölkəmizin KQİ-dəki mövqeyində qeyd olunan artıma gətirib çıxarmışdır. Digər tərəfdən,  KQİ-nin istinad etdiyi mənbələrdən biri olan və Freedom House tərəfindən hazırlanmış 2015-ci il üzrə Nations in Transit (Keçid dövrü Ölkələri) hesabatında Azərbaycanın mövqeyi geriləmişdir. Dünyada neftin qiymətinin ucuzlaşması Azərbaycanın iqtisadi göstəricilərinə mənfi təsir etmiş və nəticədə iqtisadi bərabərsizliyi dərinləşdirmişdir. Manatın devalvasiyasının düzgün idarə olunmaması və bank sektorunda şəffaflıqla bağlı problemlər iqtisadi rifaha xələl gətirmişdir. Bütün bu hadisələr Azərbaycanın KQİ-dəki mövqeyinin dəyişməz olaraq qalmasına gətirib çıxarmışdır.

KQİ Transparency International təşkilatının 1995-ci ildən etibarən dərc etdiyi ən başlıca hesabatlardan biridir. Nəzərə almaq lazımdır ki, KQİ dövlət sektorunda mövcud olan korrupsiya haqqında təsəvvürlərə əsasən hazırlanır və bu İndeks heç bir halda ölkədə və ya cəmiyyətdə korrupsiyanın tam səviyyəsini müəyyən etmir.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra vacib tədbirlər həyata keçirilmişdir. Bu sıraya lisenziya qaydalarının sadələşdirilməsi və lisenziya verilən fəaliyyət növlərinin azaldılması, əlillik statusunun əldə edilməsi qaydalarının sadələşdirilməsi və sosial sığorta qeydiyyatı üçün elektron alətlərin təqdim olunması, hökumətin qaynar xətlərlə bağlı vahid standartlarının hazırlanması, vətəndaşlar tərəfindən yerli icra hakimiyyətlərinə yönəldilmiş müraciətləri izləmək üçün vahid daxili elektron sistemin qurulması və sair daxildir.

Korrupsiya hələ də cəmiyyət üçün ciddi problemlərdən biri hesab edilir. Hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasını təmin etməlidir. Korrupsiya faktı ilə bağlı  məlumat vermək istəyən şəxslərin təhlükəsizliyini təmin etmək üçün addımlar atılmalı, eləcə də Dövlət Qulluğu Kodeksinin qəbul olunması tezləşdirilməlidir. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın  və hesabatlılığın təmin edilməsinin; mülkiyyət hüquqlarının qorunması, o cümlədən torpaqların satışına sadələşdirilmiş verginin tətbiq olunması və tikililərdən vergi tutulması ilə bağlı yeni qaydlara uyğunlaşdırılması; gömrük rəsmiləşdirilməsi qaydalarının və onların icrası sahəsində əsaslı islahatların həyata keçirilməsi üçün xüsusi səy göstərilməlidir.  Eyni zamanda, elektron müraciət sisteminin elektron xidmətlər səviyyəsinə qaldırılması məsələsi diqqət mərkəzində olmalıdır.

Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu islahat səylərinin səmərəliliyi üçün olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün maraqlı tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. Mövcud iqtisadi çətinliklər hərtərəfli iqtisadi və idarəçilik islahatları nəticəsində inkişaf üçün unikal imkana çevrilə bilər. Müsbət haldır ki, proses başlayıb, lakin bu proses vaxt və səy tələb edir və onun şəffaf, hesabatlı və ictimai iştirakçılıq imkanları şəraitində baş tutması vacibdir. Ona görə də, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mühit yaxşılaşdırılmalıdır. İctimai əhəmiyyətli qanun layihələri qəbul olunmamışdan əvvəl bütün maraqlı tərəflərlə geniş müzakirə olunmalıdır ki, qanunlar dayanıqlı və praktikada icra oluna bilən olsunlar.

2015-ci il göstərdi ki, korrupsiyaya qarşı mübarizədə insanların birgə fəaliyyəti öz bəhrəsini verir. Korrupsiya dünyanın bir çox yerində problem olaraq qalsa da, Transparency International təşkilatının 2015-ci il üçün Korrupsiya Qavrama İndeksində göstəriciləri pisləşən ölkələrlə müqayisədə göstəriciləri yaxşılaşmış ölkələr çoxluq təşkil etmişdir.

Press Reliz KQİ 2015
Sual Cavab KQİ 2015
Cədvəl KQİ 2015

Related posts: