“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2016-cı il üçün Korrupsiya Qavrama İndeksini (2016 KQİ) təqdim edir. Bu il Azərbaycan indeksdə 30 balla 176 ölkə arasında 123-cı sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir. 2015-ci ildə Azərbaycan 29 balla 168 ölkə sırasında 119-cu yeri tutmuşdu. Azərbaycanın 2016 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. 2016 KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb. Mənbələrin tam siyahısı ilə «Suallar və Cavablar» sənədində tanış ola bilərsiniz.
Dövlət orqanları tərəfindən göstərilən xidmətlərin səmərəliliyinin və hesabatlılığının artırılması istiqamətində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın 2016 KQİ-də mövqeyi yaxşılaşmışdır. Hökumət 2016-cı ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadi sferada aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə ümumilikdə müsbət təsir etsə də, ölkəmizin KQİ-də mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəçiliyin iki istiqaməti – demokratik idarəetmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsinə zərurət var. Şəffaf və hesabatlı fiskal siyasətin dəstəklənməsi də hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılması və ölkənin KQİ-də statusunun yaxşılaşmasına töhfə verə bilər.
Azərbaycanın 2016-cı ildə korrupsiyaya qarşı mübarizəsində nailiyyətlərin və problemlərin qısa mənzərəsi
Azərbaycan son illərdə dövlət xidmətlərinin göstərilməsi sahəsində korrupsiyanın aradan qaldırılması istiqamətində ciddi irəliləyişə nail olmuşdur. Bir pəncərə prinsipi əsasında 112 dövlət xidmətinin həyata keçirilməsini təşkil edən ASAN xidmət mərkəzləri yüksək standartlara cavab verən fəaliyyətini davam etdirərək bu xidmətlərin göstərilməsi prosesini daha da təkmilləşdirib. ASAN xidmətin fəaliyyəti dövlət orqanları arasında rəqabətin meydana çıxmasına şərait yaradaraq xidmət istifadəçilərinin məmnuniyyətini hədəf alan, daha yaxşı idarəetmə siyasətinin və praktikasının formalaşmasına imkan verib. Paralel olaraq, hökumət dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayını və keyfiyyətini daha da artıraraq məmurla vətəndaş arasında təması azaldıb.
Ötən il dövlət idarəetməsində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş ən vacib islahatlardan biri də korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsidir. Bu dəyişiklik korrupsiya hüquqpozmaları barədə məlumatın verilməsi və məlumatı verən şəxsin müdafiəsi üçün tədbirlərin görülməsi ilə bağlı qaydaları müəyyənləşdirib. Digər müsbət addım isə hökumətin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etməsi olmuşdur. Planın uğurlu icrası dövlət idarəetməsində ictimai iştirakçılığın, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə geniş imkanlar yarada bilər.
2016-cı ildə bir sıra problemlər həllini tapmayıb. Vəzifəli şəxslərin gəlir bəyannamələrinin formasının hazır olmaması səbəbindən “Korrupsiyaya qarşı mübarizə” haqqında Qanunda öz əksini tapmış – vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları təqdim etməsi haqqında tələb icra olunmayıb. Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi hazır olsa da, hələki qəbul edilməyib. Kommersiya qurumlarının dövlət reyestri mövcud olsa da, bir sıra vacib məlumatların kommersiya sirri hesab edilməsi biznes mühitində şəffaflığa kölgə salır. Dövlət satınalmaları sahəsində şəffaflıq və hesabatlılığın kifayət qədər təmin olunmaması bu sahədə korrupsiya hallarının yaranmasına şərait yarada bilər. Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv olunmasından sonra bu sahədə qanunvericiliyin üzərində görülən işlər maraqlı tərəflər – sahibkarlar və vətəndaş cəmiyyəti institutları ilə məsləhətləşmələr aparılmadan həyata keçirilir.
Dövlət vəsaitlərinin ayrılması və xərclənilməsi prosesinin şəffaflığının daha da artırılması vacibdir. Qanunverici orqanda dövlət büdcəsinin layihəsinin müzakirəsinə maraqlı tərəflər daha çox cəlb edilməli, dövlət vəsaitlərindən istifadə edilməsinə ictimai nəzarət gücləndirilməlidir. Hesablama Palatasının səlahiyyətləri genişləndirilməli, büdcə vəsaitlərinin xərclənməsinin hesabatlılığının təmin edilməsində rolu artırılmalıdır.
Qrant qanunvericiliyinin sadələşdirilməsi üçün siyasi iradənin göstərilməsinə baxmayaraq, bu sahədə qanunuvericilik aktları daha da təkmilləşdirilməlidir. Vətəndaş cəmiyyətinin fəaliyyəti qarşısında hüquqi və bürokratik maneələrin aradan qaldırılması istiqamətində səylər davam etdirilməlidir.
Azərbaycan hökuməti tərəfindən korrupsiyaya qarşı mübarizədə ortaya qoyulan siyasi iradə, gələcəklə bağlı optimist düşünməyə imkan verir. Bu islahat səylərinin səmərəliliyi üçün olduqca zəruri şərtdir. Korrupsiyaya qarşı mübarizənin digər mühüm elemetlərindən biri bütün maraqlı tərəflərin bu mübarizəni qarşılıqlı şəkildə birgə aparmasıdır. Ona görə də, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün qanunvericilik imkanları daha da genişləndirilməlidir. Qlobal Sıralama Cədvəli 2016.