Korrupsiya Qavrama İndeksi (KQİ) 2017

28233373_10155602986958043_1716874043_n“Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” təşkilatı 2017-ci il üçün Korrupsiya Qavrama İndeksini (2017 KQİ) təqdim edir.

Bu il Azərbaycan KQİ-də 31 balla  180 ölkə arasında 122-ci sırada yer alıb. Reytinq 0-100 ballıq qiymətləndirmə şkalası əsasında hazırlanıb, 100 bal olduqca təmiz, 0 bal isə olduqca yüksək korrupsiyalaşma səviyyəsini göstərir. Odur ki, illər üzrə müqayisə apara bilmək üçün ölkələrin yeri deyil, xalı daha vacib əhəmiyyət kəsb edir.   2016-ci ildə Azərbaycan 30 balla 176  ölkə sırasında 123-ci yeri tutmuşdu. Azərbaycanın 2017 KQİ-də mövqeyi əvvəlki illə müqayisədə bir bal yüksəlib. Son 5 il ərzində Azərbaycanın KQİ-də mövqeyində müsbət dinamika müşahidə olunur. 2017 KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatdan istifadə edilmişdir. Bu hesabatlar anti-korrupsiya siyasətinin səmərəliliyinə təsir göstərən bir sıra siyasi, iqtisadi və sosial xarakterli meyarlar üzrə ölkələrin mövqeyini qiymətləndirir. Azərbaycana dair məlumat isə 7 fərqli mənbə əsasında hazırlanıb.  Mənbələrin tam siyahısı ilə “Suallar və Cavablar” sənədində tanış ola bilərsiniz. 

Azərbaycanın KQİ-də mövqeyinin ötən illə müqayisədə bir pillə irəliləməsi o qənaətə gəlməyə imkan verir ki, ölkədə korrupsiya ilə əlaqədar ümumi mənzərə sabit qalır. Hökumət 2017-ci ildə sahibkarlıq fəaliyyətinə əngəl törədən, o cümlədən korrupsiya halları üçün zəmin yaradan bir sıra problemlərin aradan qaldırılması üçün tədbirlər həyata keçirsə də, bu sahədə islahatların miqyasının genişləndirilməsinə ehtiyac var. İqtisadiyyat və dövlət xidmətləri sahələrində aparılmış islahatlar Azərbaycanın indeksdəki yerinə müsbət təsir etsə də, ölkəmizin KQİ-də mövqeyinin daha da irəliləməsi üçün yaxşı idarəetmənin əsas meyarları – demokratikləşmə və qanunun aliliyi sahələrində islahatların genişləndirilməsi vacibdir. Dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi, şəffaf və hesabatlı fiskal siyasətin formalaşması və ictimai əhəmiyyətli qərarların verilməsi prosesində vətəndaşların iştirak imkanlarının genişləndirilməsi hökumətin korrupsiyaya qarşı mübarizə sahəsində siyasətinin səmərəliliyinin artırılmasına töhfə verə bilər.

“Beynəlxalq Şəffaflıq” Təşkilatı bildirir ki, artıq 25-ci ildir ki tərtib edilən KQİ dünyada narahatlıq doğuran meylin mövcudluğuna işarə edir. Belə ki, bütün dünyada korrupsiya ilə mübarizə sahəsində göstərilən səylərə baxmayaraq əksər ölkələrin bu istiqamətdə fəaliyyəti yavaş sürətlə baş tutmaqdadır. KQİ-nin son altı il üzrə nəticələri göstərir ki, bir çox dövlətlərin korrupsiyanı cilovlamaq cəhdləri ciddi bəhrə verməmişdir.  İndeksin nəticələrinin təhlili deməyə əsas verir ki, vətəndaş cəmiyyəti institutlarının müdafiə mexanizmlərinin zəif olduğu ölkələrdə korrupsiya səviyyəsi yüksək olaraq qalır. Qeyd edilənləri nəzərə alaraq İndeksdə mövqeyi zəif olan ölkələrdə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün imkanlar yaxşılaşdırılmalıdır.

 

Related posts: