07 sentyabr 2016-cı il tarixində “Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi, “Konstitusiya” Araşdırmalar Fondunun əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələri əsasında hazırlanmış yekun hesabatı geniş ictimaiyyətə təqdim etdi.
Tədbiri giriş sözü ilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açaraq, MFP və monitorinq prosesi barədə məlumat verdi. MFP – dövlət qurumları, komitələr, bələdiyyələrə və dövlətə məxsus olan şirkətlər və başqa maraqlı tərəflər tərəfindən icrası nəzərdə tutulan 125 bənddə əks olunan tədbirlərdən ibarətdir. Tədbirlər 28 istiqamət üzrə qruplaşdırılıb. Nuriyev bildirdi ki, Milli Fəaliyyət Planındakı tədbirlərin 2015-ci ilin sonunda tamamlanması nəzərdə tutulmuşdu. Bir çox tədbirlər 2015-ci il dekabrından sonra da davam etdirilib. Ekspert qrupu isə, 2016-cı il may ayına qədər dövrdə MFP ilə nəzərdə tutulan tədbirlərin icrasını monitorinq edib.
Daha sonra, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində görülən işlər barədə iştirakçıları məlumatlandırdı və MFP-nin monitorinqinin yekun nəticələri ilə bağlı fikirlərini bölüşdü.
“Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimov Yekun hesabatla bağlı təqdimat etdi. Onun sözlərinə görə, MFP-nin icrasında daha çox dinamika 2014-2015-ci illərdə müşahidə olunub. Ekspert qrupunun qənaətinə görə, neft gəlirlərinin azalması islahatların sürətləndirilməsinə təkan verib. Xüsusən gömrük sistemində, dövlət satınalmaları, sosial müavinətlərin təyin olunması, vergilər, maliyyə bazarlarının tənzimlənməsi, lisenziyaların və icazələrin verilməsi, elektron xidmətlərin genişlənməsi, dövlət əmlakının özəlləşdirilməsi sahəsində islahatlar davam etdirilib.
Bununla belə əvvəlki (2015) hesabatda qeyd olunan icbari tibbi sığortanın tətbiqi, Rəqabət Məcəlləsinin qəbulu, dövlət müəssisələrinin hesabatlılığı, problemlərin həlli ilə bağlı ciddi dəyişiklik müşahidə edilmir. Korrupsiya riski yüksək olan sahələrdə MFP ilə nəzərdə tutulan tədbirlər gözlənilən səviyyədə icra edilməyib. Xüsusən, dövlət satınalmaları, dövlət əmlakının özəlləşdirilməsi, fiskal şəffaflıq, büdcə vəsaitlərinin istifadəsinə səmərəli nəzarət sisteminin tətbiqi ilə bağlı çox köklü islahatlara ehtiyac var. Digər tərəfdən MFP ilə nəzərdə tutulan bir sıra qanunvericilik islahatlarının aparılmaması da antikorrupsiya tədbirlərinin tamlığına və daha praktik nəticələr verməsinə maneələr yaradır.
Statistik dəyərləndirmə göstərir ki, MFP-nin icrası ilə bağlı ən aşağı göstəricilər məhz korrupsiya riski yüksək olan sahələrdə müşahidə edilir. Məsələn, statistik təhlilə əsasən ən aşağı icra səviyyəsi 14-cü istiqamət üzrə (Dövlət sаtınаlmаlаrının təkmilləşdirilməsi və şəffaflığın artırılması) qeydə alınıb.
Ümumi qənaət bundan ibarətdir ki, daha geniş miqyasda normativ bazanın təkmilləşdirilməsi, prosedurların dəqiqləşdirilməsi, yenidən işlənməsi, müxtəlif sahələr üzrə inkişaf konsepsiyalarının hazırlanması və qəbulu, həmçinin elektron xidmətlərin tətbiqi ilə bağlı baza tədbirlərin həyata keçirilməsi prosesi əsasən başa çatıb.
Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.
Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində keçirilir.