Korrupsiyaya qarşı mübarizədə 2019-cu ildə görülən işlərin hesabatı verilib

Image

1579084480img__0

 

Yanvarın 15-də Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində 2019-cu il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransını giriş sözü ilə açan Baş prokurorun müavini — Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən strateji dövlət kursunun tətbiqi ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də milli maraq və mənafelərimizin qarantı olmuşdur.

Vurğulanmışdır ki, dövlət idarəçiliyində formalaşdırılmış müsbət təcrübə və amillər fonunda ötən il Azərbaycanın ictimai-siyasi xronikası əsasən üç istiqamət üzrə — iqtisadi, sosial və hüquqi sahədə aparılan köklü islahatlarla səciyyələnmiş, vətəndaş rifahının daha da yüsəldilməsinə hesablanmış bu siyasət ölkəmizin beynəlxalq arenadakı fəal və nüfuzlu mövqeyi ilə uğurlu vəhdət təşkil etmişdir.

İqtisadi sferada sistemli olaraq gerçəkləşdirilən vergi və gömrük siyasətinin optimallaşdırılması, insan kapitalının inkişafı, kiçik və orta sahibkarlığın maliyyə resurslarına əlçatanlığı, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirlər bir tərəfdən makro-iqtisadi mühitin dayaqlarını daha da möhkəmləndirmiş, digər tərəfdən isə kölgə iqtisadiyyatının əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır.

İqtisadi səmərəlilik göstəricilərinin artan tempi ötən il öz müsbət nəticələrini əhalinin sosial müdafiəsi sahəsində də göstərmiş, bu istiqamətdə həyata keçirilmiş islahatlar paketi vasitəsi ilə vətəndaş rifahı naminə əhəmiyyətli addımlar atılmışdır.

Belə ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlərin orta hesabla 50 faiz  və  ya 2 dəfə, pensiyaların 70 faizdən çox artırılması, problemli kreditlərin həlli, o  cümlədən qeyri-rəsmi məşğulluğa cəlb edilmiş 153 min vətəndaşla rəsmi əmək müqavilələrinin bağlanmasının təmin edilməsi kimi kölgə iqtisadiyyatına qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb edən tədbirlər və digər oxşar məsələlərlə bağlı görülmüş sistemli fəaliyyət bir daha həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş amilinin durmasına dəlalət edir.

Xüsusilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud vətəndaşların qayğı ilə əhatə olunması və onların reabilitasiya imkanlarının genişləndirilməsi ilə cəmiyyətin həssas təbəqəsinə xitab edən nəcib layihə və təşəbbüsləri bu sahədə görülən işlərin keyfiyyətcə yeni mərhələyə keçid almasına etibarlı zəmin yaratmışdır.

Eyni zamanda, dövlət başçısının imzaladığı “Məhkəmə-hüquq  sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanın icrası ilə yeni müstəviyə keçən məhkəmə-hüquq islahatları mövcud sosial-iqtisadi tendensiyanı tamamlamaqla ona paralel aparılan və azad bazar iqtisadiyyatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində reallaşdırılmaqdadır. Sözügedən aktın qəbulu digər ali məqsədlərlə yanaşı, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ixtisaslaşmış məhkəmələrin yaradılması və təşkilini, mübahisələrin alternativ həllini, beynəlxalq arbitraj prosedurlarının, habelə vahid məhkəmə təcrübəsinin tətbiqini şərtləndirmişdir.

Hesabat ilində dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almış, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur. Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu–vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 16 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin “bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən  islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini vermiş, bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılmışdır.

Bütün bu nailiyyətlər mötəbər beynəlxalq reytinqlərdə də öz əksini tapmış, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır. “İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmiş, habelə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunmuşdur. Bu müsbət tendensiya ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.

Bütün bu müsbət göstəricilər öz növbəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən üzərinə qoyulmuş vəzifələrin uğurla və daha səmərəli icra edilməsində mühüm rol oynamışdır.

Ötən il ərzində ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi islahatlar və əldə etdiyi nailiyyətlər bu sahədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar — Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış beynəlxalq qurumlar  tərəfindən yüksək qiymətləndirilmişdir.

Bununla yanaşı, qeyd olunmuşdur ki, hesabat ilində Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılmış, həmçinin 317 cinayət xarakterli material araşdırılmışdır. Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanmış,  86 (27.10 %)  material üzrə digər prokuror təsir aktları tətbiq edilmişdir.

Korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə daxil olmuş əsasən, yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilmiş, 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilmiş, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilmişdir.

Hesabat dövründə Baş İdarənin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanmış, 17 nəfər axtarışda olan şəxs saxlanılmış, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanmışdır.

2019-ci il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.

Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olmuşdur.

Hesabat dövrü ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanmış, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilmişdir.

Eləcə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsində dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında» 08 oktyabr 2018-ci il tarixli Fərmanın icrası ilə əlaqədar görülən işlər çərçivəsində Baş İdarə tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi və əlaqəli cinayətlərin Vahid İnformasiya Bazasının proqram təminatı və istifadə qaydalarına dair təlimatın hazırlanması təmin edilmişdir.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 83.2 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21.8 milyon manatın ödənilməsi təmin edilmiş, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40.3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74.7 %-nin ödənilməsi təmin edilmişdir.

O cümlədən, Mənzil Tikinti Kooperativlərinin vəzifəli şəxsləri və onlarla cinayət əlaqəsinə girmiş digər şəxslər tərəfindən ayrı-ayrı vətəndaşlara satılmış mənzilləri təkrar satmaqla dələduzluq yolu ilə özgələrinə məxsus külli miqdarda pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülmüşdür.

Çıxışında xüsusi aktuallığı ilə seçilən bəzi cinayət işlərinin istintaq gedişatına da toxunan K.Əliyev belə işlərdən biri kimi qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələblərini pozmaqla saxta spirtli içki istehsalı ilə məşğul olmuş bir qrup sahibkarın son günlər cəmiyyətdə geniş ictimai rezanonsa səbəb olan qanunsuz əməlləri barədə məlumat verərək, Baş İdarə tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qanunsuz olaraq müxtəlif çeşiddə saxta spirtli içkilər istehsal edərək paytaxtda və respublikanın müxtəlif bölgələrində satışını həyata keçirən 4 şəxsin Cinayət Məcəlləsinin  müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçildiyini bildirmişdir.

Hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və şöbə rəisləri və növbətçi prokurorlar tərəfindən ümumilikdə 717 vətəndaş qəbul edilmişdir.

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin mühüm əhəmiyyəti nəzərə alınaraq, korrupsiya cinayətləri və hüquqpozmalarının yayıldığı sahələrin müəyyənləşdirilməsinə diqqət artırılmaqla preventiv tədbirlərin təsir gücünün məhz bu istiqamətlərə yönəldilməsinin səmərəliliyi son illərin təcrübəsi ilə bir daha öz təsdiqini tapmaqdadır.

Belə ki, əvvəlki dövrlərdə olduğu kimi hesabat ilində korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilərkən 29 halda inzibati pozuntu aşkar edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 192, 198 və 228-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatların başlanması haqqında qərarlar qəbul edilərək, toplanmış materiallar aidiyyəti üzrə müvafiq icra orqanlarına və məhkəmələrə göndərilmişdir.

Araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilmiş, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilmişdir.

Vurğulanmışdır ki, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşmiş, bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə vermişdir.

Belə ki, 2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25,  İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılmış və bir sıra hallarda cinayət işləri başlanmışdır.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət vermişdir.

Beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Anti-Korrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının monitorinq mexanizmi çərçivəsində IV Dəyərləndirmə Raundu uğurla başa çatdırılmışdır. Təşkilatın 20-ci monitorinq görüşü zamanı ölkəmiz üzrə İstanbul Fəaliyyət Planının IV Monitorinq Raundu çərçivəsində qəbul edilmiş hesabatda nəzərdə tutulmuş tövsiyələrin icra vəziyyəti ilə bağlı Tərəqqi Hesabatı müzakirə edilərək qəbul edilmişdir. Qeyd edilməlidir ki, IV Monitorinq Raund hesabatı üzrə ölkəmizə ünvanlanmış 31 tövsiyədən 21-i uğurla icra edilmişdir.

Bundan başqa, Baş prokurorun müavini — Baş İdarə rəisi ötən il Strasburq şəhərində Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) 82 və 83-cü Plenar İclasınlarında iştirak etmiş, sonuncu plenar iclasda millət və­killəri, hakimlər və prokurorlara mü­nasibətdə korrupsiyanın qar­şısının alınması tədbirlərinin də­yər­lən­dirilməsini nəzərdə tutan Azər­bay­can Respublikasının IV raund də­yər­ləndirilməsi çərçivəsində Uy­ğun­luq Hesabatı müzakirə edilərək qə­bul edilmiş, ölkəmizə ünvanlanan 21 tövsiyədən 18-i uğurla icra edilmişdir.

Həmin qurumla əməkdaşlıq çərçivəsində ötən il  iyunun 17-də Strasburq şəhərində GRECO-nun yaradılmasının 20 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Konfransda iştirak etmiş Baş İdarə rəisi Kamran Əliyev çıxışında cari məsələlərlə yanaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə də 3 aprel 2019-cu tarixli Fərmandan irəli gələn vəzifələr barədə məlumat vermiş, bu islahatların insan hüquqları və qanunçuluğun qorunması, dövlət idarəçiliyində şəffaflığın artırılması istiqamətində mühüm addım olduğunu bildirmişdir.

Həmçinin, dünya prokurorlarını bir qurumda birləşdirən Beynəlxalq Prokurorlar Assosiyasiyası ilə uzun illər davam edən əməkdaşlığın uğurlu nəticələri 2019-cu ildə də özünü göstərmiş, belə ki, Buenos-Ayres şəhərində BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağında həmin təşkilatın İcraiyyə Komitəsinin təklifi ilə Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, qanunun aliliyinin təmin edilməsində xidmətləri və BPA-nın inkişafına verdiyi töhfələr, qurumla Azərbaycan prokurorluğu arasında işgüzar münasibətlərin yaradılmasında məhsuldar fəaliyyəti nəzərə alınmaqla Beynəlxalq Prokurorlar Assosiasiyasının yüksək mükafatı ilə təltif edilmiş — qurumun fəxri üzvü seçilmişdir.

Ötən il ərzində Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla yanaşı, bu sahədə qabaqcıl və müsbət təcrübəyə malik olan ölkələrin ixtisaslaşmış antikorrupsiya qurumları ilə də ikitərəfli səmərəli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində zəruri tədbirlər görülmüş, Baş İdarə ilə Buenos-Ayres Muxtar Vilayətinin prokurorluğu və Tunisin Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Xidməti arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları, həmçinin Beynəlxalq Anti-Korrupsiya Akademiyası ilə Akademiyanın Təlimləri üzrə Magistr proqramının növbəti modulunun 2020-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsinə dair müvafiq sənəd imzalanmışdır.

Bundan əlavə, Özbəkistan, Belarus, Türkiyə, Çin, Litva, Qırğızıstan və digər ölkələrin anti-korrupsiya və əlaqədar hüquq-mühafizə orqanlarının nümayəndə heyətləri təcrübə mübadiləsi məqsədilə Baş İdarəyə səfər etmişdir.

Bundan başqa, Beynəlxalq Anti-Korrupsiya Qurumlarının Assosiasiyasının  (IAACA), Avropa İttifaqının Avropa Qonşuluq Siyasətinin “Şərq Tərəfdaşlığı” və TAİEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) aləti çərçivəsində, Beynəlxalq Anti-Korrupsiya Akademiyasi (IACA), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılmışdır.

Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilmiş, dövri olaraq mətbuatda korrupsiyaya qarşı mübarizənin müxtəlif aspektlərinə dair məqalələrlə çıxışlar edilmişdir.

Mətbuat konfransında çıxış edən Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin əməkdaşı Ceyhun Kazımov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq 2019-cu ildə də korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlərin uğurla davam etdirildiyini bildirmişdir.

Çıxışda ötən illərdə açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizə üzrə milli fəaliyyət planlarının icrasının dövlət orqanları tərəfindən yüksək faizlə yerinə yetirildiyi, hazırda da Azərbaycan Açıq Hökumət Platforması Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə birgə yeni Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması istiqamətində işlərin aparıldığı qeyd olunmuşdur.

Həmçinin korrupsiyanın qarşısının alınması sahəsində maarifləndirmənin rolunun artırılması məqsədilə “Azərbaycan Anti-Korrupsiya Akademiyası” layihəsi çərçivəsində dövlət qurumlarının əməkdaşlarına müxtəlif istiqamətlər üzrə çoxsaylı təlimlər keçirildiyi, təşkilatın fəaliyyətinin bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlar tərəfindən də dəstəkləndiyi diqqətə çatdırılmışdır.

Ceyhun Kazımov korrupsiyaya qarşı həyata keçirilmiş mühüm qabaqlayıcı institusional tədbirlər çərçivəsində “ASAN xidmət” mərkəzləri və DOST mərkəzlərinin sayının və fəaliyyət coğrafiyasının genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirmişdir.

C.Kazımov çıxışında qeyri-formal məşğulluqla bağlı mübarizə nəticəsində 153 min əmək müqaviləsinin rəsmiləşdirilməsi barədə möhtərəm cənab Prezidentin 2019-cu ilin yekunları ilə bağlı müşavirədəki çıxışında qeyd olunan xüsusatları diqqətə çatdırmış və bu prosesə digər dövlət orqanları ilə yanaşı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə fəaliyyətinin də əhəmiyyətli təsiri olduğunu bildirmişdir. Bununla yanaşı dövlət başçısının həmin müşavirədə bu istiqamətdə verdiyi tapşırıqların gələcək fəaliyyətdə də rəhbər tutulmalı olduğu və kölgə iqtisadiyyatından çıxmaqla bağlı digər qurumlarla da koordinasiya işlərinin zəruriliyi qeyd edilmişdir.

Prokurorluq orqanları tərəfindən ötən dövrlərdə olduğu kimi 2019-cu ildə də ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizənin uğurla davam etdirildiyini, müsbət nəticələr əldə olunduğunu bildirən C.Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 23-də ilin yekunları ilə bağlı geniş müsahibəsində və yanvarın 13-də ilin yekunlarına həsr olunmuş müşavirədə yerli icra orqanlarının yüksək vəzifəli məmurlarının işsizliyin qarşısının alınması üçün ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı proqramın icrasında yol verdiyi pozuntular və digər neqativ hallarla mübarizəni xüsusilə vurğuladığını qeyd etmiş, vəzifəli şəxslər tərəfindən törədilmiş digər qanunsuz əməllərə qarşı mübarizənin bundan sonra da davam etdiriləcəyinə dair dövlət başçısının proqram xarakterli qətiyyətli mövqeyinin gələcək fəaliyyətdə də daim rəhbər tutulmalı olduğunu bildirmişdir.

Tədbirdə iştirak edən qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında korrupsiyaya qarşı mübarizə sahəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2019-cu il ərzində gördüyü işləri müsbət dəyərləndirmişlər.

Mətbuat konfransında Prezident cənab İlham Əliyevin ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan rüşvətxorluq və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması sahəsində tövsiyə və göstərişlərinə uyğun olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bundan sonra da korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməsi və cinayətlərin qarşısının alınması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsinin təmin ediləcəyi xüsusi vurğulanmışdır.

Tədbirin sonunda QHT və kütləvi informasiya vasitələrinin nümayəndələrinin sualları ətraflı cavablandırılmış, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimaiyyətin maarifləndirilməsi sahəsində görülən işlər çərçivəsində yeni nəşr edilmiş və özündə bu sahənin nəzəri və praktiki aspektlərini, istiqamətlərini ehtiva edən “Korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri və hədəflər” adlı məqalələr toplusunun təqdimatı keçirilmişdir.

1579084481img__1

Vilayət Eyvazov: «Vətəndaş hüquqlarını pozduqlarına görə 2040 polis məsuliyyətə cəlb olunub»

8fae62db224da146759c75d1dddbd6c2Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycanda səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, qonaqları salamlayan nazir ATƏT-in Media və KİV azadlığı üzrə nümayəndəsi kimi əvvəllər ölkəmizə səfərləri zamanı xanım D.Miyatoviçlə keçirilən görüşlərdə insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər, bu sahədə fəaliyyətin səmərəliyinin artırılması, institusional mexanizmlərin təkmilləşdirilməsi barədə aparılmış müzakirələrin çox faydalı olduğunu xatırladıb.

Prezident İlham Əliyevin ölkəmizin hüquq- mühafizə orqanlarının qarşısında qoyduğu ən mühüm vəzifələrdən birinin insan haqlarının qorunması olduğunu vurğulayan V.Eyvazov bu istiqamətdə Daxili İşlər Nazirliyi ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını, vətəndaşlarla kobud rəftarın və polisin nüfuzuna xələl gətirən digər neqativ halların qarşısının alınması sahəsində də davamlı iş aparıldığını nəzərə çatdırıb.

Peşəkarlığın, dünyagörüşün artırılması, beynəlxalq təcrübənin tətbiqi yönündə görülən işlərin məqsədyönlü və sistemli şəkildə həyata keçirildiyini qeyd edən nazir bildirib ki, daxili işlər orqanlarının əməkdaşları müxtəlif ölkələrə, o cümlədən Amerika Birləşmiş Ştatlarına və Avropa dövlətlərinə təlimlər keçməyə göndərilir, təcrübəli beynəlxalq ekspertlərin iştirakı ilə ölkəmizdə seminarlar, treninqlər, kurslar təşkil olunur. Yalnız insan hüquqları üzrə ölkəmizdə və xarici dövlətlərdə keçirilən tədbirlərdə son 5 ildə DİN-in 3 minə yaxın əməkdaşı iştirak edib.

Qonağın nəzərinə çatdırılıb ki, korrupsiya hüquqpozmalarına şərait yaradan halların aradan qaldırılması, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi məqsədilə əhaliyə 28 istiqamət üzrə elektron xidmət göstərilir.

V.Eyvazov bildirib ki, Nazirliyin «102» Xidməti-Zəng Mərkəzi” Sisteminin və “Təhlükəsiz Şəhər” Xidmətinin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulub, DİN-də yaradılmış digər qaynar xətlər («902» və «1002»), ayrı-ayrı struktur qurumların elektron poçt ünvanları, sahibkarların hüquqlarının pozulması ilə bağlı müraciətlərə baxan Apelyasiya Şurası daxil olan müraciətlərin operativ həllinə, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz tədbirlərin görülməsinə xidmət edir.

Avropa Şurası komissarının diqqətinə o da çatdırılıb ki, polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər DİN-in aidiyyatı idarəsi tərəfindən operativ, obyektiv şəkildə araşdırılır, nəticələri məruzə olunaraq müvafiq tədbirlər görülür. Təkcə son 5 il və cari ilin I yarısında vətəndaşlarla kobud rəftara, müxtəlif hüquqpozmalara, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 2040 əməkdaş intizam məsuliyyətinə cəb olunub. Tutulmuş və ya həbs olunmuş şəxslərə işgəncə vermə və ya onlarla qeyri-insani rəftar halları qeydə alınmayıb. Qeyd olunan müddətdə beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən ərazi polis orqanlarının Müvəqqəti Saxlama Yerlərində (MSY) 1318 monitorinq keçirilib. Onların hamısında əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, MSY-lər müasir videomüşahidə nəzarət kameraları ilə təchiz edilib.

D.Miyatoviç qəbula və ətraflı məlumata görə təşəkkür edib, Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini, budəfəki səfərində əsas məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində hərtərəfli yardım göstərmək, bu prosesə dəstək vermək olduğunu xatırladıb. O, Avropa Şurasının təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimilik şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Musavat.com

Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planının hazırlanması müzakirə edilib

66297641_444215299464044_8173976325166465024_n

İyulun 5-də Dövlət Miqrasiya Xidmətində Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması üzrə İşçi Qrupun iclası keçirilib. İclasda AR Dövlət Miqrasiya Xidmətinin rəisi, Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü üzrə AR hökumətinin məsul nümayəndəsi Vüsal Hüseynov, AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin nümayəndəsi, dövlət orqanlarının təmsilçiləri, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru və üzvləri, həmçinin QHT nümayəndələri iştirak ediblər. 

İclasda Açıq Hökumətin Təşviqi üzrə yeni Milli Fəaliyyət Planı layihəsinin hazırlanması, bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsi, ictimai müzakirələrin, dinləmələrin, ictimai konsultasiyaların keçirilməsi və təkliflərin toplanması barədə fikir mübadiləsi aparılıb.

İclas zamanı V.Hüseynov bildirdi ki, Milli Fəaliyyət Planının (MFP) icarsına nəzarəti həyata keçirən və əlaqələndirən AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın indiyədək olan Milli Fəaliyyət Planlarının QHT-lərlə birgə əməkdaşlıq çərçivəsində hazırlanmasında geniş təcrübəsi var. Əvvəlki MFP-ları vətəndaş cəmiyyətinin iştirakı ilə hazırlanıb və verilən təkliflərin əksəriyyəti nəzərə alınıb. Yeni MFP-nin hazırlanmasında Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (OGP) standartları nəzərə alınacaq.

Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirdi ki, Platforma, vətəndaş cəmiyyəti MFP-nin hazırlanmasında fəal iştirak etməyə hazırdır. Artq ilk addımlar atılıb, Platformanın təşəbbüsü ilə VCT nümayəndələrindən ibarət yaradılan İşçi Qrup OGP tövsiyyələrinə uyğun olaraq MFP-nin hazırlanması üzrə “Yol xərtiəsi” hazırlayıb. Hətta irəli gedərək MFP-nin strukturu, istiqamətləri üzrə təklifləri AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasına təqdim edib.

Ə.Nuriyev qeyd edib ki, bu iclasda dövlət orqanlarının iştirakı ilə MFP-nin hazırlanması və geniş iştirakçılığın təmin edilməsi məsələləri ilkin müzakirə olunacaq. Növbəti iclaslara arzu edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak edəcək. Artıq bununla bağlı Platformanın saytında məlumat verilib, həmçinin sosial şəbəkə hesablarından məlumat yayılıb.

AR Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın Katibliyinin əməkdaşı Nurlan Həsənov məlumat verdi ki, 2018-ci il ərzində yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı 3 iclas keçirilmiş və dövlət qurumları tərəfindən çoxsaylı təkliflər təqdim edilmişdir. Bu təkliflərlə bağlı növbəti iclaslarda müzakirələr aparılacaq. Komissiya əvvəlki MFP-dan olan təcrübəni təhlil edir və digər ölkələrin Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində hazırladıqları MFP-nı və təcrübələrini öyrənir. Komissiya öz tərəfindən geniş iştirakçılığı və məlumatlandırmanı təmin etməyə hazırdır.

Müzakirələr zamanı Ə.Nuriyev, OGP eksperti Samir Əliyev, Multimeda Mərkəzinin rəhbəri Osman Gündüz, dövlət orqanlarının nümayəndələrinin təklifləri dinlənilib.
2019-cu il iyul-avqust aylarında yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı hər həftənin cümə günü saat 3-də Azərbaycan Respublikasının Miqrasiya Xidmətində iclasların keçirilməsi nəzərdə tutulur. Hər bir iclasın gündəliyi və nəticələri ilə bağlı məlumatlar www.ogp.org.azinternet səhifəsində və sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə dəvət edir.

Rüşvət almaqda ittiham edilən hakimin məhkəməsinin vaxtı açıqlanıb

34f5bb30b7248f96070b807b71361c32

Rüşvət almada təqsirləndirilən Zaqatala Rayon Məhkəməsinin sabiq hakimi Arif İsmayılov və rüşvət verməyə təhrik etmədə ittiham edilən məsləhətçisi Şahid Allahverdiyevlə vəkil Məmməd Yaqubovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

E-huquq.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası iyulun 15-nətəyin edilib.

Cinayət işi hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası və Baş Prokurorluğun yaydığı birgə məlumatına görə, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilmiş Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov və məsləhətçisi Ş.Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib. Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra bu iş üzrə vəkil M.Yaqubov da cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanmasına başlanılır

545cdaacef9f930
Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icra müddəti bitdikdən sonra, Azərbaycan Respublikası Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Açıq Hökumətin Təşviqinə dair yeni Milli Fəaliyyət Planının hazırlanması prosesinə başlamışdır.
Yeni Milli Fəaliyyət Planı hökumətlə qeyri-hökumət təşkilatları arasında aparılan dialoq yolu ilə, əvvəlki Milli Fəaliyyət Planından əldə edilən təcrübə, həmçinin müasir çağırışlar əsasında hazırlanır. Açıq Hökumət Platforması çərçivəsdinə yeni Milli Fəaliyyət Planının hazırlanmasına bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, beynəlxalq ekspertlərlə yanaşı sıravi vətəndaşların bu prosesə aktiv formada cəlb edilməsi üçün sosial şəbəkələr, canlı yayımlar, radio verilişlər və sorğulardan istifadə ediləcəkdir.
Cari il ərzində Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın təşəbbüsü ilə yeni Fəaliyyət Planının hazırlanması prosesi ilə bağlı 3 iclas keçirilmiş və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, beynəlxalq ekspertlərin və universitet nümayəndələrinin təklifləri dinlənilmişdir. İndiyədək 33 dövlət qurumu və 25 QHT yeni Milli Fəalliyyət Planı ilə bağlı öz təkliflərini bildirmişdir. Yeni Milli Fəaliyyət Planının layihəsinin hazırlanması prosesi ilə bağlı müvafiq tədbirlər planı hazırlanmış, Açıq Hökumət Tərəfdaşlığı ilə razılaşdırılmışdır. Azərbaycan üçün hal-hazırda vacib olan prosesdə vətəndaş iştirakçılığının daha da gücləndirilməsini təmin etməkdir.
Milli Fəaliyyət Planının hazırlanması prinsipləri aşağıdaklardır:
  • Açıq Hökumət Tərəfdaşlığının prinsip və hədəflərinə uyğunluq
  • Öhdəliklərin daha konkret və icra oluna bilən olması
  • Məqsədlərin aydın və ölçülənbilən olması
  • Öhdəliklərin keyfiyyət nəticələrinə daha çox önəm verilməsi
  • Öhdəliklərin icrası üçün zaman çərçivələrinin dəqiq müəyyənləşdirilməsi Maraqlı tərəflərin rəylərinin nəzərə alınması
  • AHT prosesinin bütün mərhələlərində hökumətlə vətəndaş cəmiyyətinin davamlı dialoqunun təşkili
Yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı internet səhifəsində, sosial şəbəkələrdə (link) və yerli media qurumlarında cəmiyyətin məlumatlandırılması təmin edilir. 2019-cu il iyul-avqust aylarında yeni Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı hər həftənin cümə günü saat 3-də Azərbaycan Respublikasının Miqrasiya Xidmətində iclasların keçirilməsi nəzərdə tutulur. Hər bir iclasın gündəliyi və nəticələri ilə bağlı məlumatlar www.ogp.org.az internet səhifəsində və sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Açıq Hökumət Platforması bütün maraqlı tərəfləri bu prosesdə aktiv iştirak etməyə dəvət edir.

Kəlbəcər rayon İcra Hakimiyyətindən 250 minlik «Mercedes»lə bağlı AÇIQLAMA

mersedes_benzKəlbəcər rayon İcra Hakimiyyəti dünəndən gündəm olan bahalı maşın tenderi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Yeniavaz.com xəbər verir ki, həmin tender elanında adı qeyd olunan sektor müdiri Kazım Zamanov “Yeni Sabah”a açıqlamasında bildirib ki, hələ maşın alınmayıb, sadəcə tender elanı yayılıb:

“Bizə maşın almaq üçün dövlət büdcəsindən 55 min manat vəsait ayrılıb. Sadəcə biz işlənmiş maşın nəzərdə tutmuşduq. Düzdür, tender elanında bu göstərilməyib, amma niyyətimiz o idi ki, bu qiymətə işlənmiş maşın alaq. Bizim o qiymətə maşın almağa nə imkanımız var,  heç olsa da, o qiymətə almarıq. Sadəcə, başçı istəyirdi ki, 50-55 minə maşın təklifi olarsa, alınsın. Bu da hökmən tenderdən keçirilməli idi”.

K. Zamanov bildirib ki, elan dərc olunandan sonra böyük səs-küy yaranıb. Buna görə də, bu gün İcra Hakimiyyətində məsləhətləşmə aparıb maşının alınması təxirə salınacaq: “Ehtiyac yoxdur…” 

Sektor müdiri maşının hansı niyyətlə alınmasından da danışıb: “Açıq deyirəm ki, 3 ildən artlıqdır başçnın birinci müavininin minik avtomobili yoxdur. Bizim aparatda cəmi 3 maşın var və başqa maşına da ehtiyac var. Başçı onu özünə alıb, köhnə maşını müavinə verəcəkdi. Bizə qanunla 5 maşın norması var. Amma 3 maşınla idarə etməyə məcburuq”.

Beynəlxalq Şəffaflıq Təşkilatının regional görüşü keçirilib

Tədbirdə Azərbaycan milli bölməsinin nümayəndəsi iştirak edib.

Rubio

2019-cu ilin iyun ayında Berlində  Şərqi Avropa və MDB regionu üzrə Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational) təşkilatının regional görüşü keçirilib. Tədbirdə ümumilikdə,  50  ölkədən nümayəndə iştirak edib.

Regional görüşdə ölkələr üzrə milli bölmələr və həmin ölkələrdə  mövcud vəziyyət, təşkilat Katibliyinin milli bölmələrlə iş prinsipləri və münasibətlərin qurulmasının təkmilləşdırılməsi məsələləri müzakirə edilib.

Tədbirdə, həmçinin korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxsin müdafiəsi, dürüstlülük və siyasi korrpsiya məslələri, Beynəlxalq Şəffaflıq Təşkilatının (Transparency İnternational)  2030-cu il Baxış Strategiyası ilə əlaqədar keçirilmiş sorğunun nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Beynəlxalq Şəffaflıq Təşkilatının milli bölməsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktorunun müavini Ramil İskəndərli iştirak edib. O, Azərbaycanda korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxslərin müdafiəsi ilə bağlı milli qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə məlumat verib.

R.İskəndərli  korrupsiya hüquqpozmaları barədə xəbər verən şəxslərin müdafiəsi məsələlərin Beynəlxalq Şəffaflıq Təşkilatının illik qurultayında müzakirə edilməsini təklif edib.

P.S. Şəkildə Transparency İnternational (Beynəlxalq Şəffaflıq) təşkilatının İdarə Heyətinin sədri Delia Matilde Ferreira Rubio və Ramil İskəndərli.

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb

15613597921214430559_1000x669

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Forumda çıxış etdi.

Sonra BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin çıxış etdi.

Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim etdi.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İndoneziya Respublikasının Qunadarma Universitetinin rektoru və Özəl Universitetlər Assosiasiyasının vitse-prezidenti, professor xanım Eko Sri Margianti çıxış etdilər.

Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.

Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.

Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

Forumun Azərbaycan Respublikasında keçirilməsinə zəmin yaradan ən önəmli amillər ölkəmizdə dövlət xidmətləri sahəsində qazanılmış nailiyyətlər, “ASAN xidmət”in uğurlu fəaliyyəti və 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görülməsidir.