Problem: “Şəffaflıq Azərbaycan” təşkilatı vergi ödəyicilərinə münasibətdə “Nağdsız hesablaşmalar haqqında” qanunun (bundan sonra “Qanun”) tətbiqi prosesini diqqətlə izləyir. Təşkilatımız eyni zamanda Qanunun tələblərinin praktikada fərqli şəkildə tətbiq olunduğunu nəzərə çatdırır, onun düzgün tətbiq edilməməsinin biznes və QHT sektoruna mümkün mənfi təsirlərindən narahat olduğunu bildirir. “Şəffaflıq Azərbaycan” təşkilatı ölkədə nağdsızlaşma prosesini dəstəkləyir, lakin bu prosesin nağd əməliyyatlara total qadağa qoyulması yolu ilə deyil, ağlabatan məhdudiyyətlərin tətbiqi vasitəsilə təşviq edilməsini dəstəkləyir.
Son vaxtlar Qanunun tələblərinin icrası adı ilə banklar tərəfindən müştərilərə (biznes subyektlərinə), o cümlədən QHT-lərə münasibətdə bir sıra problemlər yaradılması müşahidə olunur. Elə təəssürat yaranır ki, Qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra “Palata”) tərəfindən 4 aprel 2017-ci il tarixli 04/15-174 nömrəli banklara göndərilən Qanunun icrası ilə bağlı göstəriş məktubu banklar tərəfindən aydın anlaşılmamış, bütün hüquqi şəxslərə və fərdi sahibkarlara, o cümlədən QHT-lərə münasibətdə tətbiq edilməyə başlanmışdır. Nəticədə, QHT-lərin fəaliyyətində bir sıra problemlərin yaranmasına səbəb olmuşdur.
1. Banklar tərəfindən QHT-lərin (maliyyələşmə mənbəyindən asılı olmayaraq) korporativ bank kartları ilə bankomatdan pulu nağdlaşdırması faktiki qadağan olunaraq həmin kartlardan nağd pul vəsaitinin əldə edilməsinə maneələr yaradılmış, kartlar bloklaşdırılmışdır.
Yaranmış vəziyyət “Şəffaflıq Azərbaycan” təşkilatının regional ofislərinin fəaliyyətinə də təsirsiz ötüşməmişdir. Hazırda, təşkilatımıza məxsus korporativ bank kartı bloklaşdırıldığı üçün regional ofislərimizin əməkdaşları tərəfindən nağd pul vəsaitinin əldə edilməsi heç bir əsas olmadan məhdudlaşdırılmışdır. Regionlarda nağdsız əməliyyatların aparılması üçün kifayət qədər infrastruktur olmaması bir sıra kiçik xərclərin nağd formada ödənilməsini qaçılmaz edir. Mövcud çətinlik təşkilatımızın regionlardakı fəaliyyətində lüzumsuz ləngimələrə gətirib çıxarır.
2. Dövlət büdcəsi hesabına verilmiş qrantlar əsasında fəaliyyət göstərən QHT-lərə münasibətdə isə ümumiyyətlə nağdlaşdırmanın qadağan olunduğu iddia edilir.
Palatanın banklara göndərdiyi məktubda dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin (xərclənməsinin) yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin banklar tərəfindən sözügedən müddəanın QHT-lərə dövlət büdcəsi hesabına verilmiş Qrant müqavilələrinə də şamil edilərək tətbiq edilməsinə başlanılmışdır. Ümid edirik ki, qanunun bu müddəası düzgün icra edilərək, bütün satınalma subyektlərinə nisbətdə obyektiv şəkildə tətbiq ediləcək.
3. Qanunda fərdi sahibkarlara bankomatdan 15,000 AZN məbləğinə qədər nağdlaşdırma həddi müəyyən edilsə də, praktikada banklar tərəfindən bu məbləğ heç bir əsas olmadan 5,000 AZN-dək azaldılmışdır.
Təşkilatımıza daxil olmuş şikayətlərdən məlum olur ki, fərdi sahibkarlara korporativ bank hesablarından ayda cəmi 5,000 AZN məbləğinə qədər nağdlaşdırma həddi müəyyən edilmişdir. Sahibkar yerdə qalan 10,000 AZN məbləği nağdlaşdırmaq üçün banka getməyə məcburdur. Hesab edirik ki, sözügedən bu məhdudiyyətin heç bir qanuni əsası yoxdur.
Məlumat üçün bildirək ki, nağdlaşdırma dedikdə – həm ödəniş kartları vasitəsilə bankomatdan, həm də birbaşa banka gedərək çıxarılan nağd pul vəsaiti nəzərdə tutulur. Qanuna əsasən nağdsız əməliyyatlar iki formada – mütləq qaydada və məhdudlaşdırılan nağdsız əməliyyatlar şəklində həyata keçirilə bilər.
* Mütləq qaydada nağdsız əməliyyatlar zamanı bircə manat belə nağdlaşdırmaq qadağan edilir və bu qrup əməliyyatlara əmək haqqı (bəzi istisnalarla), kommunal, icbari ödəmələr, təhsil haqları, turagentlərə edilən ödəmələr, habelə dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) daxildir.
* Məhdudlaşdırılan nağdsız əməliyyatlara gəldikdə isə nağdlaşdırma zamanı bir sıra limitlər nəzərdə tutulmuşdur. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınan və vergi tutulan əməliyyatlarının həcmi 200,000 AZN-dən yuxarı ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri 30,000 AZN məbləğində, digər vergi ödəyiciləri, yəni vergi tutulan əməliyyatlarının həcmi 200.000 AZN-dən aşağı olan ticarət və (və ya) ictimai iaşə, xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri, habelə büdcə təşkilatları, QHT-lər və s. təşkilatlar 15,000 AZN məbləğində bankdan pul nağdlaşdıra bilər.
Korporativ bank kartlarından istifadə Mərkəzi Bankın 10 iyul 2012-ci il tarixli normativ xarakterli aktı olan “Ödəniş kartlarının emissiyası və istifadə” qaydaları ilə tənzimlənir. Qaydalara əsasən belə kart istifadəçisi nağd pul vəsaitlərinin çıxarılması hüququna malikdir. Beləliklə, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrası ilə bağlı korporativ bank kartlarına tətbiq edilən hər hansı məhdudiyyətin leqal olması üçün yuxarıdakı qaydalara əlavə və ya dəyişikliklər edilməli, yaxud yeni qaydalarla əvəz edilməlidir.
Qanunun icrasına nəzarəti həyata keçirən qurum qismində Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara göndərdiyi məktub və ya göstəriş Qanun çərçivəsində icra edilməlidir. Palatanın qanundan kənar banklar tərəfindən məhdudiyyətlər yaradılmasına dair göstəriş verməyə səlahiyyəti yoxdur.
Hesab edirik ki, bu məsələ ilə əlaqədar Palata tərəfindən kütləvi qanun pozuntularına nəzarətin artırılmasına, istehlakçı hüquqlarının qorunmasına dair müvafiq tədbirlərin görülməsinə, həmçinin, sözügedən Qanunun fərqli subyektlərə münasibətdə necə tətbiq olunmasına dair banklara müvafiq izahatların verilməsinə ehtiyac vardır.
Rəna Səfərəliyeva
İcraçı Direktor
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi