Pul vəsaitlərinin nağdlaşdırılması ilə bağlı problem həll olundu

Aprelin 29-da Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı QHT sədrlərinin və media nümayəndələrinin, eləcə də Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanovun da iştirakı ilə görüş keçirib. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında təşkil olunan dəyirmi masada son zamanlar QHT-lərin hesablarına daxil olan vəsaitlərin nağdlaşdırılması ilə əlaqədar yaranmış problemlərin müzakirəsi aparılıb. “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva da görüşdə iştirak etmiş və aşağıdakıları nəzərə çatdırmışdır:

  • “Şəffaflıq Azərbaycan” təşkilatı ölkədə nağdsızlaşma prosesini dəstəkləyir, ancaq nağdsız ödəmələrə total qadağanın yox, ağlabatan məhdudiyyətlərin tətbiq edilməsinin tərəfdarıdır. O qeyd edib ki, onun təmsil etdiyi təşkilatın 3 ayrı ofis üzrə nağd xərci 500 AZN-dən çox deyil. Bu məbləğdə nağd xərcləmələrə təşkilat zərurətdən yol verir. Bu da, ölkədə nağdsız ödəmə infrastrukturunun ya olmaması ya da bu infrastrukturdan istifadə edilməməsinin nəticəsidir.
  • Tətbiq edilən “Total nağdsızlaşma” siyasəti “Şəffaflıq Azərbaycan” təşkilatını yerli ofislərinin nağd xərcləmələrinə nəzarət imkanından məhrum edib. Belə ki, təşkilatın yerli ofisləri əvvəllər 300 AZN-ə qədər məbləği korporativ kartlardan nağdlaşdırıb xərcləyirdilər və beləcə yerli ofislərin nağd xərcləmələrinə mən nəzarət edə bilirdim. Təşkilatımızın korporativ ödəniş kartları bloklandığı (bankomatdan nağdlaşdırmaq) üçün mən məcbur qalıb yerli bankların biri vasitəsilə həmin ofislərə nisbətən daha çox nağd pul göndərdim. Hal-hazırda həmin nağd vəsaitin xərclənməsinə direktor kimi nəzarət edə bilmirəm, ancaq əvvəllər direktor olaraq bankın sms məlumatlandırma xidməti vasitəsilə nağdlaşdırma ilə bağlı mütəmadi məlumatlandırılırdım.
  • Fərdi sahibkarlara münasibətdə aylıq 5 min AZN nağdlaşdırmaq həddi müəyyən edilib, bu isə qanunsuzdur. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə münasibətdə qanun 15 min AZN həddində nağdlaşdırmağa imkan verir.
  • Biznesdə təsisçilərin “kəsiri” bağlamaq məqsədilə şirkətə verdiyi borcu geri almaqda banklarla problemləri olur. Belə ki, bir çox hallarda Palata tərəfindən bu əməliyyat şübhəli tranzaksiya kimi qəbul edilir. Bu da biznes əməliyyatların xeyli ləngiməsinə səbəb olur. Halbuki, şübhəli əməliyyatların idarəedilməsi ilə bağlı qaydalar hamı üçün, o cümlədən banklar üçün aydın olmalıdır.
  • Biznesə təbiq olunan 1% nağdsızlaşdırmadan vergi qanunsuzdur. Belə ki, bu vergi – vergi təyin etmənin Vergi Məcəlləsində müəyyən edilmiş 6+1 düsturuna uyğun gəlmir. Başqa sözlə bu vergi vergi təyinetmənin yeddi meyarından yalnız ikisinə cavab verir.
  • 1% nağdlaşdırma vergisini tətbiq etmək üçün sahibkarlar nağd əməliyyatlar aparmağa məcbur edilir. Belə ki, biznesdə sahibkar vergi ödədikdən sonra yerdə qalan məbləği şəxsi hesabına nağdsız qaydada köçürə bilmir. Əvəzində bank sahibkardan pulu nağdlaşdırıb şəxsi hesabına qoymağı tələb edir. Bunu etməkdə məqsəd sahibkarların nağdlaşdırma ilə bağlı vergidən yayınmağının qarşısını almaqdır. Ancaq mexanizm olmadığına görə sahibkar nağdlaşdırma əməliyyatına məcbur etdirilir.

Keçirilən görüşün nəticəsi olaraq dövlət mənbəyindən maliyyələşən QHT-lər artıq 15 min manatadək vəsaitlərini nağd şəkildə banklardan götürə biləcəklər.

Related posts: