Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə 11 yanvar, 2017-ci il tarixli qərarı xarici qrantların qeydə alınması istiqamətində irəliyə doğru atılmış addımdır. Bununla belə, hesab edirəm ki, vətəndaş cəmiyyəti institutlarının dayanıqlılığının artırılması üçün qrant haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac var.
Qaydalara edilmiş bir sıra dəyişikliklər müsbət xarakter daşıyır. Qrant müqavilələrinin Ədliyyə Nazirliyi tərəfindən qeydə alınması üçün tələb olunan sənədlərin sayı azaldılıb. Xüsusilə, xarici donor olan hüquqi şəxs barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın və nizamnaməsinin (əsasnaməsinin) surətinin təqdim edilməsi kimi bürokratik tələbin ləğv edilməsini vurğulamaq olar. Digər müsbət yenilik qrantın bağlandığı tarixdən sonra Ədliyyə Nazirliyinə təqdim olunması üçün tələb olunan müddətin 15 gündən 30 günədək uzadılmasıdır. Əvvəllər, qeyd edilən müddətin az olması qrantın qeydə alınması üçün tələb olunan müvafiq sənədlərin xarici dildən azərbaycancaya tərcümə olunmasına və notarial qaydada təsdiq edilməsinə kifayət etmirdi. İndi həm də bu sənədlərin tərcüməsinin notarial qaydada təsdiq edilməsi barədə tələb Qaydalardan çıxarılıb ki, bu da müsbət qarşılana bilər.
Qaydalara edilmiş daha bir dəyişiklik isə xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qrant müqavilələrinin xidmət müqaviləsi kimi qeydiyyatının mümkünlüyünü ifadə edir. Nəzərə alsaq ki, xarici donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi prosesi kifayət qədər vaxt tələb edən və mürəkkəb proses olaraq qalır, onda güman etmək olar ki, bəzi donorlar və resipiyentlər xidmət və ya iş mahiyyəti daşıyan qrant müqavilələrini xidmət müqaviləsi kimi qeydiyyatdan keçirməyə maraq göstərə bilər. Ancaq dərhal əlavə etməliyik ki, xarici donorlar tərəfindən ölkə ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydasına müvafiq dəyişikliklər edilmədən bu mexanizmin necə işləyəcəyini əvvəlcədən söyləmək çətindir.
Son dəyişikliklərin əhəmiyyətini vurğulamaqla yanaşı onu da qeyd etmək istərdim ki, istər xarici donorlar, istərsə də QHT-lərlə bağlı qanunvericilikdə olan bir sıra müddəaların təkmilləşdirilməsinə ehtiyac var. Xarici donorların Azərbaycan ərazisində qrant vermək hüququnu əldə etməsi üçün şərtlər, xüsusilə, maliyyə-iqtisadi məqsədə-müvafiqliyinə dair rəyin verilməsi prosedurunun sadələşdirilməsini və qrant müqavilələrinin elektron qaydada həyata keçirilməsi imkanının yaradılmasını məqsədəmüvafiq hesab edirik.
Rəna Səfərəliyeva
İcraçı Direktor
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi