ŞƏFFAFLIQ AZƏRBAYCAN”, “AZƏRSU”, HÖKÜMƏT VƏ VƏTƏNDAŞ CƏMİYYƏTİ ÜZVLƏRİ SU TƏCHİZATI SAHƏSİNDƏ ŞƏFFAFLIQ VƏ HESABATLILIQ MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Azersu_building_200411“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin iştirakı ilə “Su təchizatı sahəsində şəffaflığın artırılması” mövzusunda dəyirmi masa təşkil edib. Su təchizatı sahəsində ortaya çıxa biləcək korrupsiya risklərini minimuma endirmək istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, eyni zamanda bu sahədə şəffaflığın və hesabatlılığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaq məqsədilə keçirilən tədbirdə Azəriqaz İB, “Bakıelektrikşəbəkə”ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Baş Prokurorluq və digər hökumət qurumları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva tədbirin açılışını etdikdən sonra, Azərsu Açıq Səhmdar Cəmiyyətinin mətbut katibi Anar Cəbrayıllı əhalinin su ilə təminatı sahəsində həyata keçirilən son islahatlar barədə danışıb. Kommunal xidmətlər sahəsində müstəqil ekspert Ələkbər Ağasıyev su təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquqpozmalarından danışıb. Tədbirin davamında müstəqil ekspertlər, vətəndaş cəmiyyəti üzvləri və təşkilatımızın ekspertləri tərəfindən adıçəkilən mövzu ilə bağlı, həmçinin müvafiq qanunvericilik aktlarında mövcud boşluqlarla əlaqədar hazırlanmış tövsiyələrdən ibarət sənədin ilkin variantı təqdim olunub. Şəffaflıq Azərbaycan təşkilatının hüquqşünası Aytən Əlizamanlı su problemlərinin aradan qaldırılması ilə bağlı sənəddə qeyd olunan tövsiyələri iştirakçılara çatdırıb.
Tədbir fəal müzakirələrlə davam edib. Dövlət və qeyri-hökumət nümayəndələri əhaliyə su təchizatı sahəsində istehlakçı-təchizatçı münasibətlərindəki mövcud problemlər barədə fikirlərini bildirib. İştirakçılar hökümətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin vacib olduğunu bildiriblər. Qərara gəlinib ki, su təchizatı sahəsində şəffaflığı və hesabatlılığı təmin etmək məqsədilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin. Tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.Tövsiyyələrlə buradan tanış ola bilərsiniz.

Related posts: