Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi regional layihə olan Milli Şəffaflıq Sisteminin qiymətləndirməsi layihəsi çərçivəsində 9 iyun 2015-ci il tarixində «ASAN Biznes» Konsepsiya sənədinin ictimai müzakirəsini təşkil etdi. ASAN xidmət mərkəzləri hal-hazırda bir pəncərə sistemi əsasında 30 hüquqi, 32 funksional ictimai xidmətləri vətəndaşlara təqdim edir. Konsepsiya sənədində gəlinən əsas qənaətə görə kiçik və orta sahibkarlar məlumatsızlıq, bürokratik əngəllərdən, eləcə də resurs çatışmazlığından əziyyət çəkir. ASAN Xidmət mərkəzlərinin bir pəncərə sistemi əsasında biznes sektoruna ictimai məlumatları və xidmətləri təqdim etməsi, eləcə də bir pəncərə sistemi əsasında biznes dövlət dəstəyinin (hüquqi və maliyyə dəstəyi, təlimlərin təşkili) göstərilməsi bu istiqamətdə problemlərin həllinə imkan yaradar.
Tədbirdə Şəffaflıq Azərbaycan təşkilatının Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsinin direktoru Elvin Yusifli çıxış etdi. O qeyd etdi ki, ötən dövr ərzində ASAN xidmət mərkəzlərinin sosial təsiri böyük olmuşdur. Belə ki, 2012-2015-ci illərdə əsasən vətəndaşlardan olmaqla 4 milyondan çox müraciət qəbul edilmişdir. ASAN xidmət mərkəzlərinin vətəndaşlara yönəlik yeni dövlət idarəetməsi modeli kimi özünü doğrultmasına baxmayaraq, hələ də biznesə yönəlik ictimai xidmətlər ASAN xidmət mərkəzlərində azlıq təşkil edir. Buna görə də Şəffaflıq Azərbaycan təşkilatı tövsiyə edir ki, dövlət idarəetməsində yeni strateji istiqamət kimi ASAN xidmət mərkəzləri biznesə, kiçik və orta sahibkarlara daha da yaxın olsun. Buna görə də, Şəffaflıq Azərbaycan dövlət qurumlarını konsepsiya sənədinin ictimai müzakirəsində fəal iştirak etməyə, eləcə də bu konsepsiya sənədinin dövlət idarəetməsində tətbiqi üçün konstruktiv əməkdaşlıq etməyə dəvət edir.
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin layihə meneceri Ülviyyə Abdullayeva iştirakçıları salamlayaraq qeyd etdi ki, biznes fəaliyyətində vahid pəncərə idarəçilik modelinin tətbiqi və inkişafı Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına səbəb ola bilər.
Tədbirdə həmçinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzinin Dövlət Reyestri şöbəsinin müdiri İlqar Abdullayev çıxış edərək «Elektron Biznes» barəsində məruzə etdi.
2014-cü ilin iyul ayında Şəffaflıq Azərbaycan Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi hesabatını dərc etdi. Bu hesabat göstərdi ki, hökumətin biznesin qeydiyyatı sahəsində bir sıra müsbət addımlarına baxmayaraq, hələ də Azərbaycanda biznes sektoru, xüsusən kiçik və orta sahibkarlar əlverişsiz bazar mühitindən əziyyət çəkir. Belə ki, lisenziya və icazələrin baha olması, eləcə onların əldə edilməsində bürokratik əngəllər, maliyyə resurslarına çıxışın məhdud olması, qeyri-adekvat işçi qüvvəsi, xarici ticarət və gömrük tənzimlənməsi biznesin qarşısına çıxan əsas əngəllərdir. Bütün bunları nəzərə alaraq, Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsinin koordinatoru Məhəmməd Muradov qeyd etdi ki, bu əngəlləri aradan qaldırmaq və biznes mühitini daha da inkişaf etdirmək üçün ASAN xidmət mərkəzlərinin imkanlarından istifadə edilə bilər. O vurğuladı ki, biznes planlaşdırılması, biznes qanunvericiliyi və hüquqi və texniki normalar barəsində məlumatlandırma, lisenziya və icazələrin verilməsi, xarici ticarət və gömrük rəsmiləşdirmələri, sahibkarlığa dövlət kreditlərinin ayrılması, kommunal sənədləşmələrinin həyata keçirilməsi, habelə biznəsə hüquqi və audit konsultasiya xidmətlərinin ASAN xidmətin yerli və regional mərkəzlərindən təşkili inzibati baxımdan mümkündür. Bunün üçün siyasi iradənin olması, eləcə də dövlət qurumlarının konstruktiv əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Belə bir idarəçilik modelinin tətbiqi Azərbaycanda biznes mühitinin inkişafına, nəticə etibarilə isə Doing Business Hesabatı və Korrupsiya Qavrama İndeksində mövqelərimizin yaxşılaşmasına səbəb ola bilər.
ASAN Biznes Konsepsiyası dedikdə kiçik və orta sahibkarların fəaliyyəti boyunca ehtiyac duyduqları ictimai xidmətlər və məlumatların, habelə dövlət dəstəyinin (maliyyə, hüquqi və s.) bir pəncərə sistemi-ASAN xidmət mərkəzləri vasitəsilə təmin edilməsi nəzərdə tutulur. ASAN Biznes konsepsiyasını aşağıdakı 3 mərhələ əsasında yaratmaq mümkündür:
- Biznes üçün asan məlumatlar
- Biznes üçün asan xidmətlər
- Biznes üçün asan dəstək
Birinci mərhələdə ASAN xidmət mərkəzləri biznes üçün vacib olan qanunvericilik, o cümlədən hüquqi və texniki normalarla bağlı ictimai məlumatlara çıxışı asanlaşdıra bilər, ikinci mərhələdə dövlət biznesə göstərdikləri ictimai xidmətləri bir pəncərə sistemi vasitəsilə təqdim edə, ən yaxşı halda isə 3-cü mərhələdə biznesin inkişafı hüquqi, maliyyə, idarəçilik və s. istiqamətlərdə dəstəklənə bilər.
Konsepsiya sənədi ilə buradan tanış ola bilərsiniz.