Şəffaflıq Azərbaycan biznes qurumlarını şəffaflıq təşəbbüsünə qoşulmağa dəvət edir

IMG_141123 fevral 2015-ci il tarixində Şəffaflıq Azərbaycan Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi Avropa Birliyinin maliyyələşdirdiyi regional layihə olan Milli Şəffaflıq Sisteminin qiymətləndirməsi layihəsi çərçivəsində «Rüşvət əleyhinə Biznes Prinsipləri» adlı çərçivə sənədi Azərbaycan biznes sektorunun nümayəndələrinə təqdim etmək üçün dəyirmi masa keçirmişdir. Tədbirdə Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva çıxış edərək, Azərbaycan şirkətlərini sözügedən çərçivə sənədə qoşulmağa dəvət etdi, eləcə də korrupsiyadan azad biznes mühitində fəaliyyət göstərmək üçün bu istiqamətdə şirkətlərin addımlar atmasının vacibliyini vurğuladı.
Çərçivə sənədə görə, şirkətlər rüşvət riskinə qarşı mübarizə aparmaq üçün anti-korrupsiya proqramları inkişaf etdirməli və tətbiq etməlidirlər. Effektiv anti-korrupsiya proqramları rüşvət riskini aradan qaldırmağa, şirkətin nüfuzunun güclənməsinə, işçilər arasında qarşılıqlı hörmətin formalaşmasına, həmçinin, tərəfdaşlar arasında etimadın artmasına və şirkətin öhdəliklərini dürüstlük və məsuliyyət davranışları çərçivəsində həyata keçirməsinə yardım edir. Tədbirdə çıxış edən İqtisadiyyat və Sənaye Nazirliyinin Korporativ İdarəetmə Sektorunun müdiri Anar Hacızadə hökumətin özəl sektorda şəffaflıq üçün biznes-vətəndaş cəmiyyəti birliyini dəstəklədiyini bildirib. Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq Departementinin rəhbəri Jeron Uilyam iştirakçıları salamlayaraq Avropa Birliyinin də biznesin şəffaflıq təşəbbüslərinə qoşulmasını dəstəklədiyini qeyd edib.
2014-cü ilin iyul ayında Şəffaflıq Azərbaycan Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi hesabatını dərc etdi. Bu hesabat göstərdi ki, Azərbaycanda biznes dairəsi korrupsiya ilə mübarizədə zəif rol oynayır. Bunu nəzərə alaraq, Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsinin koordinatoru Məhəmməd Muradov tədbir zamanı bir daha vurğuladı ki, bu şirkətlər dürüstlük, şəffaflıq və hesabatlılıq kimi dəyərləri daxili idarəçilik sistemlərinə birləşdirməyi və Korporativ Sosial Məsuliyyət siyasətləri çərçivəsində korrupsiya ilə mübarizəni öz üzərlərinə götürməlidir; bu, onların fəaliyyət göstərdikləri biznes mühitinə müsbət təsir edəcək. Layihənin koordinatoru dəyirmi masada çərçivə sənədini biznes qurumlarına təqdim etdikdən sonra tərəfdaşlarla müzakirə davam etdi.
«Biznesdə Dürüstlük Prinsipləri» adlı çərçivə sənəd şirkətlərin korrupsiya ilə mübarizə niyyətinin bəyanatı kimi başa düşülməlidir. Bu bəyannaməni imzalamaqla bütün şirkətlər işlədikləri biznes mühitində birbaşa və ya dolayı yolla mövcud olan korrupsiyanı aradan qaldırmaq öhdəsini üzərinə götürməlidir. Eyni zamanda, şirkətlər korrupsiya ilə mübarizə fəaliyyət proqramını icra etmək üçün də məsuliyyəti öz üzərinə götürməlidir. Bu məqsədlə, Şəffaflıq Azərbaycan bu şirkətlərə onların korrupsiya ilə mübarizə fəaliyyət proqramının effektivliyini qiymətləndirmək üçün metodoloji alətlərlə dəstək verməyə və daxili qiymətləndirmədə ortaya çıxa biləcək problemləri həll etmək üçün tövsiyə və təlimlər keçirməyə  hazırdır.

Related posts: