«Şəffaflıq Azərbaycan» təşkilatı dövlət satınalmaları sahəsində Vətəndaş cəmiyyətinin rolu mövzusunda dəyirmi masa keçirib

DSC_0045Avropa İttifaqının maliyyələşdirdiyi regional layihə olan Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi layihəsi çərçivəsində «Şəffaflıq Azərbaycan» Təşkilatı 20 may 2015-ci il tarixində «Dövlət satınalmaları sahəsində dövlət-vətəndaş cəmiyyəti arasında mümkün əməkdaşlıq perspektivləri» adlı dəyirmi masa keçirmişdir. Dəyirmi masada dövlət qurumlarının satınalmalar şöbələrinin məsul nümayəndələrinə humanitar sahədə (xəstəxanaların və  məktəblərin tikintisi, dərs vəsaitlərinin və məktəbli formalarının sifariş verilməsi, kommunal xidmətlərin təşkili ilə bağlı layihələrin sifarişi, eləcə də əlillərə və xüsusi kateqoriyalı xəstələr üçün sosial xidmətlərin sifariş verilməsi) dövlət tenderlərinin təşkilində şəffaflıq və hesabatlılığı təmin etmək üçün «üç tərəfli dürüst tender müqaviləsi» nin layihəsi müzakirə üçün təqdim edildi.

Dəyirmi masada çıxış edən «Şəffaflıq Azərbaycan» təşkilatının İcraçı Direktoru Rəna Səfərəliyeva qeyd etdi ki, Azərbaycan hökuməti 2012-2015 Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı çərçivəsində dövlət satınalmalarının təkmilləşdirilməsi və şəffaflığın artırılması istiqamətində öhdəlik götürmüşdür və indiyə kimi bu öhdəliklərin 45 %-ni icra etmişdir. Tam icra edilmiş öhdəliklər sırasında alqı-satqı müqavilələrinin vahid elektron reyestrinin yaradılması, eləcə də növbəti il üçün satınalma planlarının hazırlanaraq Satınalmalar üzrə Dövlət Agentliyinin saytında yerləşdirilməsi nümunə kimi qeyd edilə bilər. Ancaq elektron tenderlərin təşkil olunması, iddiaçıların şikayətlərinə çevik baxma mexanizminin yaradılması, korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması, satınalma müqavilələrinin icrasına səmərəli nəzarət mexanizmi və s. hələ də icra edilməmiş öhdəliklər sırasındadır. O daha sonra qeyd etdi ki, Transparency International təşkilatı indiyə kimi bütün dünyada 100-dən çox tenderi monitorinq etmişdir. Məhz bu ekspertiza əsasında hazırlanan «üç tərəfli dürüst tender müqaviləsi» Milli Fəaliyyət Planı üzrə götürülmüş öhdəliklərin icrası üçün səmərəli ola bilər.

Daha sonra Avropa Birliyinin Azərbaycan Nümayəndəliyinin proqram meneceri cənab Olaf Heidelbax çıxış edərək qeyd etdi ki, Avropa İttifaqı dövlət satınalmalarında islahat təşəbbüslərini dəstəkləyir və bu sahədə yaxşı təcrübələrini bölüşmək niyyətindədir.

Son çıxışçı kimi Milli Şəffaflıq Sistemi Layihəsinin koordinatoru, Məhəmməd Muradov «üçtərəfli dürüst tender müqaviləsi»-nin layihəsini təqdim etdi və müqavilənin məzmununa aydınlıq gətirdi. O qeyd etdi ki, «üç tərəfli dürüst tender müqaviləsi» sifarişçi-dövlət qurumu, icraçı-özəl şirkət, monitorinq nəzarətçi-QHT arasında bağlanılır. Mexanizmə görə tender başlamazdan əvvəl bütün tərəflər (dövlət qurumu və iddiaçı podratçılar) bağlanmış müqavilə əsasında razılığa gəlməlidirlər ki, tender prosesində, müqavilələrin imzalanmasında və icrasında korrupsiya hallarına yol verməyəcəklər; bu baş verdikdə hüquqi məsuliyyət daşıyırlar. Sonda o vurğuladı ki, sözügedən tender mexanizmi praktikada işləyir və «Şəffaflıq Azərbaycan» təşkilatı bu mexanizmin tətbiqi üçün sosial əhəmiyyətli ən azı bir tender layihəsi üzrə əməkdaşlıq etməyə hazırdır. Üçtərəfli dürüstlük tender müqaviləsi ilə burada, konsepsiya sənədi ilə isə buradan tanış ola bilərsiniz.

Related posts: