“Şəffaflıq Azərbaycan” təşkilatının fəaliyyəti ilə əlaqədar

16143205_1380061785347993_1234455179432521929_n“Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyinin mərkəzlərinin pulsuz hüquqi xidmətlərindən istifadə edən vətəndaşlarımızın nəzərinə çatdırmaq istərdik ki, Gəncə və Quba şəhərlərində fəaliyyət göstərən mərkəzlərimiz avqust ayının 1-dən fəaliyyətini dayandırıb. Təşkilatın Bakı ofisi isə qarşıdakı 2 ay ərzində könüllü əsasda fəaliyyətini davam etdirəcək və məhdud miqyasda hüquqi yardım göstərəcəkdir.

Təşkilatın Bakı ofisi və iki regional mərkəzi Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində xidmət göstərirdi. “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsinin müddətinin uzadılması ilə bağlı cari ilin 17 fevral tarixində Ədliyyə Nazirliyinə təqdim edilmiş dəyişikliyin qeydiyyatı ilə bağlı bildirişin (və ya imtinanın) verilməməsi ucbatından təşkilatın Bakıdakı və regionlardakı mərkəzlərinin fəaliyyətininin layihə çərçivəsində maliyyələşməsi mümkün olmamışdır.

Regional mərkəzlərimiz tərəfindən korrupsiya halları, məmur özbaşınalığı və digər hüquq pozmalarla əlaqədar vətəndaşlara pulsuz hüquqi yardım göstərilmişdir. Layihə müddətində, yəni 2012-ci ilin sentyabrından 2017-ci ilin avqust ayına qədər mərkəzlərimizin pulsuz hüquqi xidmətlərindən faydalanan vətəndaşlarımızın sayı 8080 nəfər olmuşdur. “Şəffaflıq Azərbaycan” təşkilatının regional ofisləri regionlarda bürokratizm, korrupsiya problemlərinin dinamikasının anlaşılması və bu problemlərin aradan qaldırılması üçün hökumətə təkliflərin hazırlanıb təqdim edilməsi baxımından əhəmiyyətli rol oynayıb. Regional mərkəzlərin fəaliyyətinin dayandırılması hökumətin anti-korrupsiya siyasətinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun daha da zəifləməsinə gətirib çıxaracaqdır.

Təşkilatımız xarici qrantların qeydə alınması prosesi ilə bağlı mövcud olan çoxsaylı problemlərdən narahatdır. Xarici qrantların qeydə alınmaması praktikası birbaşa sıravi vətəndaşların maraqlarına və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirir. Hesab edirik ki, Azərbaycanda sivil hüquqların müdafiəsinin təşkil edilməsi və vətəndaş cəmiyyətinin normal fəaliyyətinin təmin edilməsi üçün qeyri-hökumət təşkilatlarının fəaliyyətinə yaradılmış süni maneələr aradan qaldırılmalıdır.

Ötən dövr ərzində regionlarda vətəndaşlara dürüst və peşəkar şəkildə xidmət göstərmiş əməkdaşlarımıza təşəkkür edirik.

Related posts: